“Aprel döyüşləri, Aprel zəfəri tarixdən, yaddaşlardan heç zaman silinməyəcək” – DEPUTAT

Aprel döyüşlərindən 3 il keçir. Bu, zəfər salnaməsinin başlanğıcı olan döyüşlər bir daha sübut etdi ki, Azərbaycan öz ərazilərini azad etməyə qadirdir.
Bunu etixeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor  Hadi Rəcəbli deyib.
Komitə sədri deyib ki, bu döyüşlər millətin ürəyinin Qarabağ ilə bir vurduğunu dünyaya bir daha bəyan edərək,bütün xalqımızın savaşa hər an hazır olduğunu göstərdi.
“Ölkə başçımızın qətiyyətli fikirləri ilə səsləndirsək, deyə bilərik ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”. Zəfəri yazanların qarşısında baş əyirik!”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.
Millət vəkili Eldəniz Səlimov da bildirib ki, Aprel döyüşləri, üçgünlük müharibə Azərbaycanın hərb tarixində ən uğurlu əməliyyatlardan, qələbələrdən, zəfərlərdən biri və birincilərdəndir:
“Bildiyiniz kimi, 3 il öncə, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçıları, erməni təcavüzkarları yenidən məqsədli şəkildə atəşkəs rejimini pozaraq, Azərbaycanı təxribata çəkməyə, yenidən özlərini dünyaya məzlum, yazıq xalq kimi göstərməyə cəhd etdilər. Ancaq onların bu alçaq və məkrli niyyətləri baş tutmadı, bütün planları, bütün hesabları pozuldu. Bu planları, bu hesabları isə pozan güclü və qüdrətli Azərbaycan. yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı və müdrik, uzaqgörən, dünya liderlərindən olan ölkə prezidenti cənab İlham Əliyev oldu. Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında 2-4 aprel tarixlərində Azərbaycan Ordusu, xalıqımızın igid və qəhrəman övladları erməni işğalçılarına, erməni qəsbkarlarına  bütün cəbhəboyu ağır və sarsıdıcı zərbələr vurdu, Azərbaycanın işğal altındakı ərazilərinin bir qismini, xüsusilə, strateji əhəmiyyətə malik olan Lələ Təpə yüksəkliyini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından, erməni işğalçılarından azad etdilər.
Həmçinin, düşmən böyük miqyasda və böyük ölçüldə itki, tələfatla üz-üzə qaldı. Erməni işğalçıları, erməni hərbi birləşmələri bir andaca pərən-pərən salındı, çoxları silah-sursatlarını ataraq, döyüş, əsgər yoldaşlarını səngərdə qoyaraq, qaçmağa, fərarilik etməyə üz tutdular. Ermənistanda dərhal erməni analarının  ölkə rəhbərliyinə, keçmiş cinayətkar Sarkisyan xuntasına qarşı kütləvi etirazları başlandı. Onlar artıq övladlarının Qarabağda xidmət etmələrinə, işğal olunmuş ərazilərə göndərilmələrinə, öldürülmələrinə, məhv edilmələrinə razı olmayacaqlarını açıq və sərt şəkildə bildirdilər. Erməni ordusunun “mifi” bir andaca yerlə bir oldu, ayaqlar alıtına sərildi. Ermənilər cəbhədə, işğal olunmuş ərazilərdə daha böyük, daha sarsıdıcı zərbələrə məruz qalacaqlarını, məhvedilmə təhlükəsini yaxşı anladıqları üçün tələm-tələsik əl-ayağa düşdülər, yenidən astəşkəsə nail olunması  hər yola, bütün vasitələrə əl atdılar. Atəşkəs razılaşmasa əldə edilsə də, artıq Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan orsusu öz istəyinə nail olmuşdu, Ermənistana, erməni işğalçılarına, onların gizli və açıq havadarlarına öz layiq olduqları, haqq etdikləri yeri tanıtmışdı.
Həmçinin, aprel döyüşləri  ilə bütün dünyaya bəyan edilmiş oldu ki, Azərbaycan öz torpaqlarının işğalına artıq dözmür, dözməyəcək və dözmək də fikrində deyil. İstənilən anda torpaqlarını istənilən yolla azad etməyə hazır və qadirdir. Onun qarşısında heç bir güc dayana, heç bir əngəl ola bilməz. Qarabağın və ona bitişik işğal altındakı ərazilərin qanuni sahibi Azərbaycandır və kimsənin də bu toprpaqlara sahiblənməsinə imkan verə bilməz, imkan verməyəcək.
Bu, Aprel döyüşlərinin, Aprel zəfərinin ən böyük, ən ciddi mesajlarından oldu. Odur ki, aylar, illər ötəcək, on illər, yüz illər keçəcək, ancaq Aprel döyüşləri, Aprel zəfəri yaddaşlardan, tarixdən, hərb səlnaməsindən silinməyəcək. Bu döyüşlərdə həlak olan igidlərimiz, övladlarımız, şəhidlərimiz daim anılacaq, daim xatirlanacaq, xatirələri daim əziz tutulacaq. Yəni, neçə ki, Azərbaycan xalqı və dövləti olacaq, yaşayacaq,  şəhidlərimiz, o cümlədən,  Aprel şəhidlərimiz bizimlə, ruhən bizlərlə bir olacaq, yaşayacaqlar”.
Bir daha qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.
 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.
Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.
Müstəqil.Az
Share: