Əngəlsiz adam və ya Dostum Dronqo
Qara, bahalı “cip”in arxa qapısı açılır və ucaboy, yaraşıqlı, keçəl bir adam düşür… Əslində bir çox kişilərin başbəlası olan keçəlliyi onun “vizit kartı” saymaq olar. Ona görə ki, həm onun xairzmasında əsas yerlərdən birini tutur, həm də özü haqqında qurub-qoşduğu ən gözəl lətifə məhz bununla bağlıdı.
Şəhərin rəhbərliyi sevgi və hörmət əlaməti olaraq onu düz şəhərin girişində qarşılayırlar. Hökümət nümayəndələri farağat vəziyyətindədir. Əllərində gül dəstələri tutmuş qızlar, qadınlar bu hündürboy, yaraşıqlı kişini ilk görən sakinlər olaraq çox sevinclidirlər. Təntənəli qarşılanma mərasimindən sonra, yenidən avtomobillərə minilir, şəhərə uzun avtomobil karvanının müşayiəti ilə giririk.
Budur – görüşün keçiriləcəyi məkan görünür – məkanın önündə iynə atsan yerə düşməz. Onu canlı (hətta diri də adlandırmaq olar) görmək üçün bir həftədən çoxdur insanlar həyəcan içindədir. Bəlkə, yeganə adamdır ki, Azərbaycan dilində yaxşı danışa bilməyə-bilməyə, xüsilə bu dildə yazmaya-yazmaya onu məhz Azərbaycan dilində danışanlar, Azərbaycan dilində oxuyanlar bu qədər sevirlər. Bəlkə də onu qısqananların qıcıqlandığı ən başlıca məqam məhz budur.
Beş saatlıq yolda xeyli söhbət etmişik… bu bizim birgə getdiyimiz ilk səfər deyil. Artıq ya altıncı, ya yeddinci səfərdir ki, ikimiz, bir də onun sürücüsü, uzaq yol qət edirik. Yolda isə mən, adətən, arada danışıram, ya da danışmaqdan daha çox yeni mövzu açılsın deyə sual verirəm. Danışdıqca, unutmamağım üçün, əzbərləməyə çalışıram, həmin sözləri, hadisəni ber neçə dəfə beynimdə təkararlayıram. Axı, sonra dostlara danışmalıyam. Həm də parodiya edərək. Parodiya demişkən, bu, çox təsadüf nəticəsində yaranmış bir hal oldu. Bir dəfə onu yamsılayaraq hansısa hadisəni nəql elədim. Dostların reaksiyasından məlum oldu ki, mən onu əməlli-başlı parodiya edə bilirmişəm. Və elə o vaxtdan yeni hadisələr öyrənməyə çalışıram, təkrarçılıq olmasın deyə. Maraqlıdır, adam o qədər şanslıdır ki, parodiyası da özü qədər sevilir. Yolda tanınmış qəzetlərdən birinin tanınmış redaktoru zəng edir mənə. Harada olduğumu soruşur. Mən də düzünü deyirəm. Deyir, “daha sən gedirsənsə o, niyə zəhmət çəkib gedir”. Gülüşürük. Dostum olan redaktor da yaxşı bilir ki, mən bu adamın bütün çıxışlarını, demək olar ki, əzbər bilirəm. Hardan başlayacaq, harda bitirəcək. Məsələn, səhnədə onun üçün qoyulmuş stulda o vaxtadək oturur ki, onun haqqında artıq aparıcı tərəfindən təqdimat oxunaraq bitmiş olsun. Daha sonra qalxır və kürsüyə yaxınlaşır, bu məqamda bildirir ki, hətta görüş saatlarla uzansa belə, o, oxucusunun, onu sevənlərin öndündə heç vaxt oturulu çıxış etməyib. Hər şey belə başlayır… başlayır demişkən, qaldığımız yerə dönək…
Beş yüz, ya altı yüz nəfərlik salon ağzına qədər doludur. Çoxluqdakı üstünlük hər zaman olduğu kimi qadınlardadır. İyirmi milyon nüsxədə, dünyada altı yüzdən çox kitabı işıq üzü görmüş və yüz doxsan dörd adda kitabın müəllifini hər kəs ən çox “Dronqo” qəhramınına görə sevir. İşin maraqlı tərəfi, bütün görüşlərdə eyni sualla müraciət də edirlər, heç kim inanmaq isəmir ki, “Dronqo”, sadəcə, əfsanədir. Yəni yazıçının yaratdığı qəhrəman. Hamı “Dronqo”nun özü olduğunu düşünür, dünya şöhrətli yazıçı deyil, dünya şöhrətli gizli agent hesab edir onu. Utanmasalar, “silahlarınız hanı” və ya “tank sürə bilirsinizmi” – deyə suallar da verərlər. Bütün bu kimi suallar isə onu məmnun edir. Doğrudan da, burda pis heç bir şey yoxdur, bundan gözəl nə ola bilər… yazıçının yaratdığı qəhrəmanın bu qədər populyarlığı və bu qədər sevilməsi… yadıma bununla bağlı bir hadisə də düşdü. Bu hadisəni də demək olar ki, hər görüşdə danışır. Qızı uşaq vaxtı soruşur ki, “ata, doğrudan Dronqonu sən yaratmısan”? Deyir, “hə, qızım”. Qızı da cavabında – “sən də onun kimi geyinirsən, onun ətirindən vurursan. Amma, axı, o, səndən ağıllıdı?!” – deyir.
Müşahidələrimi davam etdirirəm… Salon maraqlı söhbətin aurasındadı… standart tədbirlərdən fərqli olaraq, nə yuxulayan var, nə də söhbət edən. Hər kəs diqqət kəsilib, hətta yarımçıq və ya başayaq cümlələri belə “göydə tuturlar”. “Dronqo” televiziya kanallarındakı bayağı verilişlərdən Qarabağa keçid edir. “Bizim kanallara nə zaman baxırsan ya şadlıq saraylarının reklamlarını verirlər, ya da yoğun-yoğun arvadlar, bağışlayın məni, yemək bişirirlər. Düşmənimiz səngərdə oturub, gözləyir ki, bunlar niyə gəlib torpaqlarını azad etmirlər, nə gözləyirlər. Bizsə, bütün günü yeyib-içmək göstəririk. Axırda düşmənin ürəyi partlayıb, öləcək.” – salondan qəhqəhə sədaları yüksəlir. Ən qəribəsi isə salondakı dolu qadınların dünya-aləm heç vecinə də deyil. Elə bil, indicə onlara “yoğun qadın” deyilməyib. Görünür, sevginin gücündəndir.
“Kitab oxumamaqdan”, “rüşvət alan müəllimlərdən”, “İsrailin ərəblərlərlə müahirbədə hansı səbəbdən altı günə qalib gəldiyindən” danışır. Bütün bunları təhsilə bağlayır, kitab oxumağın vacibliyinə bağlayır. Və kitab dükanlarının azlığından gileylənir: “Kitab mağazalarının çoxunu bağladılar, ya bərbərxana elədilər, ya “kolqotka” dükanı, ya da başqa bir şey. Görürsünüz ki, mən keçələm, bərbərə elə edə ehtiyacım olmur, “kolqotka” isə umumiyyətlə geyinən deyiləm, çox şükür belə bir hal hiss etməmişəm özümdə” – yenə salondakılar uğunub gedir. Məmnunluqla davam edir: “İndiki Neftçilər prospektində böyük bir kitab mağazası var idi, çoxlarının yəqin xatirindədi, oranı bağlayıb, “Salvatore Ferragamo” dükanı açdılar. Düzdür, mən bu brendi çox sevirəm. Amma bunu kitab dükanlarını bağlamadan da açmaq olardı”. Salon bu cümlələri alqışlayır.
Əslində bayaq yuxarıda bildirdiyim kimi, bütün çıxışını yaza bilərəm. Amma məqsədim bu olmadığından, vacib məqamları qeyd edirəm.
Bir az sonra sual-cavab hissəsi başlayacaq. Görüşlərin ən maraqlı hissəsi. Daha sonra isə Xalq yazıçısına “hücüm” edəcəklər… Şəkil çəkdirmək və avtoqraf almaq üçün. Anar müəllimin şəkil məsələsiylə bağlı maraqlı bir sözü var. Deyir, “əvvəllər hamı kitab imzaladardı. İndi kitab oxuyan o qədər azdır ki, tədbirlərdə hərənin əlində bir telefon, ancaq şəkil çəkdirmək istəyirlər. Şəkili müğənniylə çəkdirərlər də. Yazıçıya kitab imzaladarlar”.
Övladları şəhid olmuş yazıçılardan, sonra isə Xocalıdan danışır… bu da hər görüşdə qeyd etiyi məqamlardan biridir. Və salondakı bütün insanlardan Xocalıdan olan Milli qəhrəmanların adlarını soruşur. Sonra əminliklə kimsənin bilmədiyini qeyd edərək, Milli qəhrəmanların adlarını sadalayır.
Dahi kimdir?.. bu məsələdə sənət adamlarından iki-üç insanı misal gətirir həmişə… “Mən öz gözlərimlə görmüşəm, gənc qızlar onun evinin önünü kəsdirirdilər ki, o, evdən çıxandan sonra əlini qoyduğu yerləri öpsünlər. Bu insan Müslüm Maqomayevdir. Ya da indi mən sizdən şeirlərini söyləmənizi istəsəm, hər biriniz onun yazdığı bir şeiri əzbər deyəcəksiniz, bu insan Səməd Vurğundur. Mən həyatda əsil bəy bir insanı görmüşəm. O, doğrudan da əsil bəy idi. Bu insan isə İsmayıl Şıxlı idi. Bax, dahi bu insanlardır”.
Nəhayət sual-cavab hissəsinə keçid edir. İnsanları yormaq istəməsəydi, bəlkə hələ saatlarla danışmağa mövzusu var idi.
Müxtəlif əsərlərindən suallar yağdırırlar. Onun gizli agent olub-olmadığını soruşurlar. Sevgilərini izhar edirlər. Dünya şöhrətli yazıçı olmağın sirrlərini soruşurlar. Kitab oxumaq məsləsinə yenə toxunulur, “neyləyək ki, gənclərimiz kitab oxusunlar?”.
Yenə qeyd edir: “Əgər biz istəyiriksə, Qarabağı azad edək, əgər biz istəyiriksə, inkişaf edən dünyada bizim də yerimiz olsun, əgər biz istəyiriksə, övladlarımızın gələcəyi parlaq olsun, güclü iqitsadiyyatımız, güclü ordumuz, güclü səhiyyəmiz olsun, mütləq kitab oxumalıyıq, mən demirəm ki, mənim kitablarımı oxuyun, amma mütləq oxuyun, kitab oxuyun”.
“Mən gəncləri, yeni qələm sahiblərini də oxuyuram. Ancaq onlara həmişə deyirəm, sən neyləmlisən ki, qırx milyon kitabın içindən, gəlib, sənin kitabını seçib alsınlar, səni oxusunlar. Deməli, yaxşı yazmalısan. Bir də bir neçə vacib dil var ki, o dillərə tərcümə olunmalısan. İngilis, alman, ispan, italyan və fransız dilləri. Dünyaya çıxmaq üçün bu dillərə tərcümə olunmaq çox vacibdir”.
Elə bu məqamda gözəl bir gəlin mikrofonda sual yerinə Xalq yazıçısına eşq elan edir. “Çingiz müəllim, mən sizi bir kişi olaraq çox sevirəm”. Xalq yazıçısı qızın yerinə salondakı insanlardan utanır, yanaqları qızarır, düzəliş etmək istəyir: “Çox sağ olun, yəqin məni bir yazıçı olaraq çox sevirsiniz” deyir. Gəlin isə israrlıdır. “Xeyr” deyir, “kim necə başa düşmək istəyir, öz işidir, mən sizi məhz bir kişi olaraq çox sevirəm.” Nəzərlər gəlinin üzərinə zillənir. Bəlkə də sonralar bu etirafı üçün başını çox ağrıdacaqdılar, amma “sonunu düşünən qəhrəman olmur” deyimi gəlinin həyat devizidir deyəsən. İllərdir ürəyində saxldığı sirrini fürsət varkən etiraf etmək istəyib. Xalq yazıçısı salondakı müəmmalı vəziyyətin aradan qalxması üçün xanımların ona olan sevgisindən və həyat yoldaşının bütün bunlara münasibətindən danışır. Üzlərdə yenə təbəssüm yaranır.
Xalq yazıçısı demişkən, Xalq yazıçısının Xalq yazıçısı adını almağının da maraqlı tərəfləri var. Deyir, “bu ad mənə təqdim olunanda, üç gün xəbərlərə baxdım ki, indi deyecəklər, zarafatdır”. Bəli. Çünki bu ad qırx beş yaşında heç bir yazıçıya qismət olmayıb. “Əməkdar incəsənət xadimi” adının yeinə Prezidentin şəxsi təşəbbüsüylə ona qırx beş yaşında “Xalq yazıçısı” adı təqdim edilib.
İndi o vaxtdan düz on beş il keçir. Xalq yazıçısının bu il yubiley yaşıdır. Altmış yaş.
Bir dəfə Heydər Əliyev Fondunun dəvətiylə, dünyanın 26 ölkəsindən gənc qadın şairlər paytaxtımızda qonaq idilər. Tədbirlərdən biri də Yazıçılar Birliyində keçirilirdi. Çingiz Abdullayev hər bir şairə onun ana dilində çap edilmiş kitabını bağışladı. Gənc yazarların üzündəki heyrəti görməmək mümkün deyildi. Bəlkə də xəritədə yerini belə bilmədikləri, adını qonaq gələrkən eşitdikləri, haqqında heç bir təsəvvürə malik olmadıqları balaca bir ölkənin yazıçısının bu qədər dilə tərcümə olunmasını onlar ağıllarının ucundan da keçirməzdilər.
Məncə, Çingiz Abdullayev bütün mənalarda əngəlsiz adamdır. Heç bir əngəl tanımayan adamdır.
Məncə, həm Çingiz Abdullayevin bəxti gətirib ki, o, azərbaycanlıdır, həm də Azərbaycanın bəxti gətirib ki, belə bir azərbaycanlı var.
Məncə, Çingiz Abdullayev başqa dildə danışıb-böyüməsinə, oxuyub, təhsilə yiyələnməsinə, yazıb-yaratmasına baxmayaraq Azərbaycan dilini də, Vətənini də, Xalqını da hamıdan çox sevən adamdır.
Çingiz Abdullayev də qoç bürcüdür, mən də, hərdən təsəllini onda tapıram ki, yəqin bütün qoçların bəxti Çingiz Abdullayevin bəxtinə oxşayacaq.
Və sonda Çingiz Abdullayevə Qobustan abidələri qədər ömür arzulayıram. Bu barədə isə bəlkə də bir sonrakı yazıda.
Xəyal RZA
Şair-jurnalist