Oktyabrın 28-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbində V.Uspenski adına Özbəkistan Akademik Məktəb-Liseyinin direktoru, Özbəkistanın əməkdar incəsənət xadimi, pedaqoji elmlər namizədi Dildora Camalova, Qazaxstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq doktoru Umitcan Cumakova, eləcə də sənətşünaslıq doktoru, BMA-nın professoru, Azərbaycanın əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə görüş keçirilib.
Görüşün əsas məqsədi türkdili xalqlar arasında uşaq incəsənət məktəblərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, “Uşaqlar üçün” devizi altında müştərək tədbirlər, müsabiqə və festivalların keçirilməsidir.
Görüş zamanı qonaqlar məktəbin musiqi alətləri, təsviri incəsənət və xoreoqrafiya şöbələri ilə tanış olublar, dərs prosesində iştirak ediblər. Sonda qonaqlara məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.