Bir çox dövlətlər xarici investorları cəlb etmək, büdcəni əlavə vəsaitlə təmin etmək üçün ölkə pasportunun nüfuzundan istifadə edir. Məsələn, Cənubi Kipr, Malta kimi Avropa Birliyi ölkələri 500 min avrodan çox investisiya yatıran xarici ölkə vətəndaşlarına oturum izni, 6 aydan sonra isə vətəndaşlıq verir.
Qonşu Gürcüstanda və Moldovada da investisiya qarşlığında vətəndaşlığın verilməsi qanunu müzakirə olunur.
Bəs Azərbaycanda müəyyən məbləğ ödəmək və ya investisiya yatırmaqla vətəndaşlıq almaq mümkündürmü? Bu halda məsələnin ölkə üçün təsiri nə ola bilər?
Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a bildirib ki, Azərbaycan qanunvericiliyi, eləcə də psixologiyası hələ ki bu qanunun tətbiqinə hazır deyil:
“Azərbaycanın bəzi dövlətlərlə fərqi var.Yəni Azərbaycanda torpaq, starteji ehtiyatlar xarici vətəndaşlara satıla bilməz. Adətən, başqa ölkələrdə şahidi oluruq ki, müəyyən bir sahəyə yatırım etdikdən sonra xarici investorlar həmin əraziyə yiyələnirlər. Azərbaycanda isə belə bir qayda nəzərdə tutulmayıb ki, hər hansı bir sahəyə yatırım etdikdən sonra vətəndaşlıq hüququ almaq olsun. Xarici ölkə nümayəndəsi yalnız vətəndaşlıq statusu qazandıqdan sonra hər hansı bir yatırım etməklə müəyyən ərazi, mülkiyyətə sahiblənə bilər. Qanunun tətbiqi üçün isə ən azından bəzi beynəlxalq münasibətləri tənzimləməliyik, torpaq bütövlüyümüz təmin edilməlidir. Çünki düşmən ünsürlər bu qanun tətbiq edilcəyi halda ölkədə müəyyən təxribat işləri apara bilərlər”.
Deputat Fazil Mustafanın sözlərinə görə isə iqtisadi kapital cəlb etmə baxımından bu qanunun tətbiqi mümkündür.
“Lakin hələ ki belə bir təşviq yoxdur. Əslində xarici investorları bu qanunun tətbiqi ölkəmizə cəlb edə bilər. Heç sözsüz ki, böyük məbləğdə yatırımın edilməsi ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir edər”.
İqtisadçı Vüqar Bayramov bildirir ki, ölkəmizdə bu qaydanın tətbiqi məqbul hal ola bilər:
“Vətəndaşlığın alınması sahibkarlara sərf edir. Belə ki, onlar vizasız rahat bir şəkildə həmin ölkəyə gedib-gələ bilirlər. Azərbaycanda investisiya hesabına vətəndaşlığın təklif olunması məsləsi dəfələrlə müzakirə olunub. Bizdə investorun vətəndaşlıq almaq üçün müraciət etmək hüququ var. Bu müraciətə müvafiq icra hakimiyyət orqanları baxaraq, qərar verə bilərlər. Belə bir qaydanın tətbiq ediləcəyi halda böyük məbləğdə investisiyanın cəlb edilməsi gözlənilmir. İnkişaf etmiş ölkələrdə belə, vətəndaşlığın verilməsi investisiya cəlb etmə baxımından o qədər də uğurlu deyil. Həmin ölkələr də daha çox iri şirkətləri ölkəyə cəlb etməklə sərmayələrin qoyulmasına nail olmağa çalışırlar. Yaxşı olardı ki, ölkəmizdə də sərmayə qoyuluşuna iri şirkətlər cəlb edilsin”.(modern.az)