“Futbol üzrə yığmamız nə vaxt dünya çempionu olsa, onda yazarlarımız da Nobel ödülü alacaq…”

“Nobel ödülünə çox böyük ehtiyacımız var, amma almasaq da ruhdan düşməməliyik. O qədər şeylərimiz yoxdur ki, qoy onlardan biri də bu olsun”
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Azərbaycan yazıçısının Nobel ödülü ala bilməməsinə münasibət bildirərkən deyib.
Q.Ağsəs deyib ki, ədəbiyyatda əsas mükafat yox, istedad rol oynayır:
“Rus filosofu Vedyayev deyir ki, “Xalq kəmiyyət deyil, keyfiyyətdir”. Nobel ödülünü almaq üçün düşünmürəm ki, Azərbaycan xalqının sayı çox olmalıdır, əsas say yox, əsərin sanmabalıdır. Burda yazıçının qələminin gücü, populyarlığı və kitablarının satılması önəm daşıyır. Çox təəssüf olsun ki, son vaxtlar həm də Nobel partiyasının önəm verdiyi məsələlərdən biri də siyasi şərtlərdir. Son illər Nobel ödülü alanlar o qədər də hay-küylü, hadisəyə çevrilən əsər müəllifləri deyillər. Ona görə də məncə bunu nə faciəyə çevirmək, nə dərd etmək, nə də bundan vaz keçmək düzgün deyil. Nobel ödülünə çox böyük ehtiyacımız var, amma almasaq da ruhdan düşməməliyik. O qədər şeylərimiz yoxdur ki, qoy onlardan biri də bu olsun. Bir neçə müddət öncə Nobel ödülünü Afrikada bir qadın yazara verdilər və o, da öz ölkəsində qadın hüquqlarını önə çəkmişdi. Biz Azərbaycanda yaşasaq da, dünyanın ən inkişaf etmiş ölkələrində biri deyilik, hələ üç on illik deyil müstəqil olduğumuz. Ona görə də bizi qadın hüquqları ilə təəccübləndirmək qeyri-mümkündür.
Rəhmətlik Vaqif Səmədoğlu deyirdi ki, “Nobel ödülünü almaqdan ötrü gərək ölkəmiz bir çox şeylərə nail olsun. Ölkənin nüfuzu artıqca, biz də onu ala bilərik”. Yazıçı Anar isə buna yumorla cavab vermişdi və demişdi ki, “Nə vaxt futbol üzrə Azərbaycan yığması dünya çempionu olsa, biz də onda Nobel ödülü alacağıq”. Ədəbiyyatda mükafatlar böyük önəm daşımır. İnsan ürəyindən keçən sözü yazırsa, bu, hər şeydən üstündür. Yazmaq mənim üçün ürəkdəki tikanları artlamaqdır, bunu edə biliriksə, iş tamamdı”.
Share: