Ömrümün Qarabağ səhifəsi
Əntiqə Qonaq yazır…
Əslində qəhrəmanlığın elə bir formulu, düsturu, qaydası, yaxud da tərifi yoxdu. Nə zaman olacağı, hansı şəraitdə baş verəcəyi, səndən nəyin tələb olunacağı, yaxud da heç bir çağırışsız, təmənnasızcasına nələri edəcəyin də bəlli deyil. Bəlkə də… bircə anda verdiyin qərarla tarixə yazılacaq bir şücaətə imza atmış olursan. Bəlkə də… bir hərəkətinlə, bir manevrinlə onlarla insanı ölümün pəncəsindən qurtarmış olursan. Bəlkə də…düşünülmüş şəkildə, bilərəkdən etdiyin bir hərəkətin sənin gələcək həyatının qarantı olur. Bəlkə də…qəhrəmanlıq dastanını canınla, qanınla yazırsan, ölümünlə ölümsüzləşirsən, əbədiyyət qazanırsan.
… Onlar… həmən səkkiz nəfər… biri-birindən igid və cəsarətli o oğullar… 20-24 yaş arasındakı o gənclər də xalqımızın qəhrəmanlıq tarixinə qanlarıyla adlarını həkk etdilər…
1997-ci il aprelin 7-8-də, kəşfiyyat qrupunun xüsusi tapşırığıyla Qarabağın ermənilərin işğal etdikləri mövqelərinə göndərilən cəsur balalarımız leytenantlar Ağayev Elxan Ataxan oğlu (1973-1997), Yarəhmədov Vüqar Rzaxan oğlu (1974-1997), çavuşlar Rzayev Anar Üzeyir oğlu (1975-1997), Həsənov Aqşin Əli oğlu (1977-1997), Ələkbərov Nizami Şəfi oğlu (1977-1997), Cavadov Fariz Şamil oğlu (1975-1997), Mustafayev Dinar İbrahim oğlu (1977-1997)…. Xüsusi tapşırığı yerinə yetirib geri dönərkən ermənilərin mühasirəsinə düşmüş, buna baxmayaraq, düşmənə qəhrəmancasına müqavimət göstərmiş, qanlı döyüşlərdə düşmən canlı və hərbi texnika sarıdan xeyli itki vermiş, amma qüvvələr nisbəti uyğun gəlmədiyindən çıxış yolunu özlərini qumbara ilə partladaraq öldürməkdə görmüşlər. Düşmən əlinə keşməkdənsə, şərəfli ölümü üstün tutan igidlərimiz, cəngavərlərimiz… Düşmənə təslim olmaqdansa, mərdi-mərdanə ölümün gözünün içinə dik baxaraq onun üzərinə gedən kamikadzelərimiz. Aralarında bircə nəfər-ağır yaralanmış çavuş Əhmədov Aqil huşsuz vəziyyətdə düşmənə əsir düşmüş və 1 il 11 aydan sonra Vətənə gətirilmişdir…
Onların bu şücaətini, qəhrəmanlığını, cəsurluğunu, mübarizliyini… daha nələri deyim…ifadə etməyə söz tapmıram. Qəhər boğazıma tıxanıb, nəfəs almağa çətinlik çəkirəm. Məzarlıqda da bundan ağır hisslər keçirmişdim. O zaman hönkürtüm köməyimə gəlmişdi. Amma indi ondan da ağır vəziyyətdəyəm. Döyüş bölgələrində, cəbhə xəttində keçirdiyim sarsıntıları, stressləri eynilə indi yaşayıram. Ürəyimdən, beynimdən nələr keçmir ki? O situasiyanın bütün anlarını varlığımda necə yaşatmayım ki? … Ən dar macalda nələri düşündülər? Ən ağır anlarında ağıllarından nələr keçdi, kimlər keçdi? Arxadan kömək gələcəyinə azacıq da olsa ümidləri qalmışdımı? Yaşayacaqlarına inamları vardımı? Kimləri görmək istədilər? Kimlərə son sözlərini çatdırmaq istədilər? Aralarında yeganə evli olan Vüqar görəsən, ana bətnindəki iki aylıq körpəsindən xəbərdar idimi? Ya Anarın, Nizaminin, Elxanın, Aqşinin, Dinarın, Farizin, Aqilin qəlblərindəki o gizli sevgilərindən, o nakam eşqlərindən kim xəbər tutdu ki? Kim biləcək ki, onların da ilk sevdalarına verdikləri bir SÖZ… bir VƏD vardı. Və onların da sevib seçdikləri o gözəllər qarşısında bir söz borcu, kişi sözü vardı. Hamısı yarım qaldı ömürləri kimi. Vətən borcu hər şeyi üstələdi. Hər şeyin üstündən qara bir xətt çəkdi. Öncə Vətəndir dedilər! Vətən hər şeydən üstündür düşündülər! Vətən üçün vuruşdular. Vətən üçün ölmək də var dedilər! Vətənin anatək müqəddəs və vazkeçilməz olduğunu ən yüksək səviyyədə sübut edə bildilər. Nə böyük borc imiş, nə ali hiss imiş, nə məhrəm duyğu imiş, nə müqəddəs sevgi imiş… Ana Vətən naminə anasından belə keçmək! Vətəni anasız qoymamaq! ANA VƏTƏN səfinin pozulmasına imkan verməmək. ANA VƏTƏNin əbədiyyətədək birlikdə səslənməsinə qanlarıyla nail olmaq…
… Və mən onların Vətənə əmanət etdikləri o gözü yaşlı, qəlbi param-parça olmuş, baxışlarından qəm, qüssə ələnən, ağ saçları üzlərinin qırışlarına qarışmış o analarının qarşısında nə edəcəyimi bilmirəm. Diz çöksəmmi? Əllərindən öpsəmmi? Bağrıma bassammı? Onlar kimi saatlarca çiyərparalarının qəbrləri üstə bitib qalsammı? Nə etsəm görəsən, iynə ucu boyda təskinlik verə bilərəm onlara? Nə etsəm dərdlərini azacıq da olsa ovuda bilərəm? Mən neyləyim? Nə söyləyim?..
…Nizaminin anası Turan Ələkbərovanın 86 yaşı var. 8 övladından ikisi haqqın rəhmətinə qovuşub. Nə qulağı eşidir, nə də ki, dərdini anlada bilir. Daş səkinin üstündə çöməlib gözlərini ciyərparasının başdaşından ayıra bilmir. Əliyə məzarı göstərərək nələrsə deməyə çalışır. Sanki: “Mənim həyatım baxın, o daşın altındadı,” – söyləmək istəyir.
… 10 uşaq – 6 oğlan, 4 qız dünyaya gətirərək onlara tərbiyə vermiş qəhrəman qadın Ziba Cavadova şəhid Farizin anasıdır. Cəbrayıl rayonunda halallığı və tərbiyəsi ilə nümunə göstərilən ailələrdəndir. Farizdən başqa daha bir övlad itkisi yaşayan bu ağbirçəyin də matı-qutu kəsilmiş kimiydi. Dərdli baxışlarından nələr oxunmurdu ki…
… Bərdənin Piyadalar kəndindən olan Xanım Həsənovanın 5 övladından biridir Aqşin. Cəmi 20 il ömür yaşadı. Anasının və onu sevənlərin qəlbində sağalmaz yaralar buraxaraq göylərin yeddinci qatına çəkildi.
… 7 uşaq anası olan Firəngiz Mustafayeva Qərbi Azərbaycandan qaçqın düşənlərdəndir. Ailəsini başına toplayaraq burda dərindən nəfəs almaq istəyirdi, həyatını davam etdirmək istəyirdi. 20 yaşlı oğlu Dinarın şəhidliyi onun da belini bükdü.
… Ağdaş rayonundan olan Ziyafət Rzayeva isə Anarın anasıdı. Anar onun 3 övladından ən mülayimi, ən sözəbaxanı idi. Bu sakitliyinə rəğmən içində böyük bir Vətən sevdası daşıyırmış və bu sevgisinə də canını fəda etdi.
… 1973-cü ildə Naxçıvanda dünyaya gələn Elxanın son mənzili şəhid dostlarının yanı olacaqmış. İki oğlundan birini itirən Saimə Ağayevanın indi yeganə təsəllisi İlhamdı. Hər dəfə ürəyim dolanda bura tələsirəm boşaltmaq üçün, – deyir bu ağbirçək. Amma ürəyinin dolmayan vaxtı varmı ki???
… Ömrünün bütün sevincini və qəmini, arzularını, xəyallarını, ailə səadətini, övlad gözləmək sevincini 23 illik həyatına sığışdıra bilən Vüqar Yarəhmədov bəlkə də ağlına belə gətirməzdi ki, ölümündən 7 ay sonra dünyaya gələcək körpəsi onun adını daşıyacaq. Ana-atası, həyat yoldaşı, baçısı Leyla, onu sevənlər yoxluğuna heç vaxt inanmayacaqlar. Necə ki, Elza ana buna özünü qətiyyən inandırmır.
… 8 nəfər cəngavərdən yeganə sağ qalanı, böyüklərin sözü ilə desək Allahdan qismət payı üzülməyəni Aqil Əhmədovdu. O Aqil ki, huşsuz vəziyyətdə düşmən əlinə əsir düşmüş, iki ilə yaxın bir müddətdən sonra doğma Vətəninə qaytarılmışdır. Aqilin sağlıq durumu kritik vəziyyətdədir. Həyat mücadiləsi aparır.
Aqil Əhmədovun döyüşçü yoldaşı, yaxın dostu və sirdaşı, birinci qrup Qarabağ müharibəsi əlili Hüseyn Həsənovun silahdaşı haqqında dedikləri:
-Aqil Əhmədovu mən əsgərlik illərimdən tanıyıram. Bir yerdə əsgəri xidmətdə olmuşuq. 3 il bərabər döyüş yolu keçmişik. Sonralar ayrı-ayrı cəbhələrdə vuruşmuşuq.
Son hərbi tapşırığı yerinə yetirib geri dönərkən mühasirəyə düşdüklərindən xeyli müddət müqavimət göstərmiş, amma gücləri tükəndikdə düşmənin əlinə sağ keçməməkdən ötrü özlərini qumbara ilə partlatmışlar. Aqil düşmənin əlinə huşsuz vəziyyətdə düşüb. Erməni həkimlər tərəfindən onurğasında cərrahiyyə əməliyyatı aparılıb. Ermənistanın xüsusi xidmət orqanları tərəfindən olmazın işgəncələrə məruz qalıb. Məhkəmədə ona xalq düşməni kimi güllələnmə hökmü oxunub. Ermənistan Prezidentinin sərəncamı ilə ölüm hökmü ömürlük həbslə əvəzlənib. Ümummilli lider Heydər Əliyevin səyi ilə onu Azərbaycan tərəfə təhvil veriblər. Bir neçə dəfə onun əvəzinə başqa əsir vermişlər. Sonunda Aqil Əhmədov doğmalarına qovuşa bilmişdir. O vaxtdan indiyədək sağlıq problemləri yaşayan Aqilin indiki durumu çox kritikdir. Güclü müalicəyə ehtiyacı var.
Bu səkkiz cəngavər, vətən fədaisi haqqında sözümüz burda bitmir. Onlar haqq etdikləri qiyməti alacaqlar.
PS: Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının (DAQAH) üzvü, I qrup Qarabağ Müharibəsi əlili Hüseyn Həsənovun təşəbbüsü və təşkilatşılığı ilə oktyabrın 16-da II Fəxri Xiyabanda 7 şəhidimizin məzarı önündə anım mərasimi keçirildi. Mərasimdə Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, DAQAH-ın Təşkilat Komitəsinin üzvü Jalə Cəfərova, DAQAH-ın Təşkilat Komitəsinin üzvü, psixoloq Limunət Əmrahlı, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi, Xüsusi Təyinatlı hərbi hissənin komandiri, polkovnik Xətai Baxışov, şəhid Aqşin Həsənovun anası Xanım Həsənova, şəhid Vüqar Yarəhmədovun adını daşıyan oğlu Vüqar çıxış etdilər, şəhidlərin qəhrəmanlıq tariximizin ən qiymətli səhifəsini yazdıqlarını vurğuladılar.
PSS: 1997-ci ilin 7 aprelində tarixlərə sığmayacaq qədər şücaət göstərərək düşmən əlinə keçməməkdən ötrü özlərini sonuncu silahları ilə ataraq şəhid olmuş 7 əfsanə igidimizin döyüş və həyat yolu düşmən ölkədə də əks-səda doğurmuş, Ermənistan mediası bu qəhrəmanlardan yazaraq onların mübariz həyat və döyüş yolunu öz əsgərlərinə nümunə göstərmişlər. Hətta orta məktəblərdə bu cəngavərlərin döyüş yolu örnək olaraq tədris olunmuşdur. Şəhidlərimiz orada torpağa tapşırılsalar da, Azərbaycan tərəfin səyləri nəticəsində onların nəşi həmin ilin 16 oktyabrında Vətənə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılmışdır. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Nigaran ruhlarını Qarabağın qələbəsilə sevindirək.