Sudanda hərbi çevriliş: prezident istefa verdi – FOTO/VİDEO

Sudanda hərbi çevrilişdən sonra Ömər əl-Bəşir istefa verib.

Bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.

Bundan başqa, bildirilib ki, ölkəni idarə etmək üçün keçid hökuməti formalaşdırılacaq və hazırda bununla bağlı məsləhətləşmələr aparılır.

10:09

Sudanda hərbi çevrilişlə bağlı xəbərlər fonunda, əsgərlər ölkənin keçmiş müdafiə naziri və bir sıra başqa dövlət məmurlarını həbs edib.

Bu barədə “RİA Novosti” “Əl-Hadath” telekanalına istinadən məlumat yayıb.

Mənbənin məlumatına əsasən, keçmiş müdafiə naziri Əbdürrəhim Hüseyn, prezident Ömər Əl-Bəşirin şəxsi qvardiyasının üzvləri, “Milli Konqres” hakim partiyasının sədri Əhməd Harun, həmçinin, əl-Bəşirin keçmiş müavini Əli Usman Tah nəzarətə götürülüb.

09:52

Sudan ordusu ölkədə hərbi çevriliş həyata keçirib.

Bu barədə Lenta.ru yerli ərəb telekanallarına istinadən məlumat yayıb.

Hərbçilər prezident Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb və onun hökumətini buraxmaq qərarına gəlib.

Prezident sarayı hazırda hərbçilər və zirehli texnikanın mühasirəsindədir. Hərbçilər Bakı vaxtı ilə 07:00 radələrində dövlət telekanalı və radiosunu tutub, gedən yayımı dayandırıb. Hazırda efirdə yalnız vətənpərvər mövzulu musiqilər səslənir.

“Amerikanın səsi”nin jurnalisti Harun Maruf öz “ Twitter” səhifəsində Hartum küçələrində çox sayda hərbçilərin olduğunu yazır.

Qeyd edək ki, Sudanda son həftələr prezidentin istefası ilə bağlı kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar orduya müraciət edərək, 30 ildən çox hakimiyyətdə olmuş əl-Bəşiri hakimiyyətdən kənarlaşdırmağa çağırmışdı.

 

Share: