“İsitdiyin qadını -İtirdin buza dönmüş, Yadın xarabasında…”-Əfsanə Rəvan…

Müstəqil.Az  gənc şair Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir:
Eşidəndə öldüyümü yanmaki
 
Gedişinə gözlərimi yummuşam,
Əllərimi üzməmişəm ammaki.
Küsdürmüsən ürəyimi sınmışam,
Küsməyimi qəbahətim sanmaki.
 
Xəyal qurub inanmışam özümdə,
Təsəllilər dağ olubdu gözümdə,
Bitirmişəm bu sevgini sözümdə,
Ürəyimdə varlığını danmaki.
 
Həsrətini dolamışam başıma,
Ağır gəlir bu qədər dərd yaşıma,
Ürək deyir bəsdi daha yaşama,
Eşidəndə öldüyümü yanmaki.
….
Mən olmasam
 
Bax deyirəm-
Mən olmasam pozulacaq,
həyatının düzəni.
Bağışlama, məndən başqa
Səni hər gün üzəni.
Mən olmasam tək dolaşma,
gəzmə dar küçələrdə.
Şeir deyib, rəqs eləmə,
Mənsiz kar küçələrdə.
 
Dost-tanışla vaxt keçirib,
baş qatmağa çalışma.
Mən olmasam gecələri,
təkliyinlə barışma.
Yeddi binə yada çevir,
doğmaları, dostları.
Yağdır hər gün şərəfimə,
sağlıqları, tostları.
 
Çünki, sən olmasan mənim,
qan donar damarımda.
Çünki, sən olmusan mənim,
dövlətim də, varım da.
Səndən yana darıxmağ e,
məni sürüdü, yıxdı.
Bilirsənmi mənim üçün,
səndən sonrası yoxdu!
 
Bax deyirəm, sən olmasan,
bu saçı süsən qadın.
Hər kəlmədən tez inciyib,
hər sözdən küsər qadın.
Sən olmasan, bu qadının
ruhu çəkilər şişə,
Bu kimsəsiz, tənha qadın
bax beləcə, dəli kimi,
səni sevir həmişə.
….
BİLİRSƏNMİ BİRDƏNƏM…
 
Bilirsənmi, birdənəm
məni harda itirdin?
– Dən-dən olub tökülən,
Saçının qarasında.
Bir vaxt odlu baxışla,
İsitdiyin qadını
-İtirdin buza dönmüş,
Yadın xarabasında.
Məni ovuclarında,
Duanda itirmisən.
Özgə yataqlarında
– Sabahlayıb, sərsəmcə,
Duranda itirmisən.
ehhh…
-sən məni,
Qırılan ümidində,
Diləyində itirdin.
Hər kəsə açıq olan,
Ürəyində itirdin.
Qanadın bir qadının,
Təzəcə qaysaq tutan
Köhnəlmiş yarasında.
Bir gün eşq nəfəsiylə,
Sevilmək həvəsiylə,
Qayıdıb geri dönsən
Harda taparsan, məni,
Bu ömrün harasında?
 
Bilirsənmi, birdənəm
məni harda itirdin?
– Dən-dən olub tökülən,
Saçının qarasında.
Bir vaxt odlu baxışla,
İsitdiyin qadını
-İtirdin buza dönmüş,
Yadın xarabasında.
 
Əfsanə Rəvan
Müstəqil.Az 
Share: