Girov götürülən Şahbaz Quliyevin video- görüntüləri Azərbaycana göndərildi

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ailəsinə təqdim olunub.

Müstəqil.AZ bildirir ki, bu barədə Azvision.az -a girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən göstərilib.

“Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. Biz istəyirik ki, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb. Təsəvvür edin, eynəksiz heç nə görmür. Şahbaz elə bir haldadır ki, bunu sözlə təsəvvür etmək mümkün deyil. Videoda bizi salamlayır, daha sonra övladı, ailəsi ilə maraqlanır. Təxminən iki dəqiqəlik video idi”, – deyə girovun qardaşı vurğulayıb.

Onun sözlərinə görə, Şahbazın durumu heç də yaxşı deyil: “Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrindən xahiş etdik ki, görüntünü insanlar arasında yaymaq, dövlətimizə göstərmək üçün bizə versinlər. Ancaq dedilər ki, bu yalnız ailəsinə göstərmək üçün təqdim edilən görüntüdür. Buna görə arada mübahisə düşdü. Qardaşımın belə görüntüsünü gətirməkdənsə, heç gətirməsinlər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Share: