Təbrizdən İrəvana yol gedən şair.
(Çəkdiyim şəkillər, rəsm albomlarım Laçındakı evimizdə yandı. Sonra heç çəkmədim.)
Müsahibim şair Ənvər Məsuddur.
Əhmədov Ənvər Məmməd oğlu 20 fevral 1971-ci ildə Laçın rayonunun Cicimli kəndində anadan olub. 1988-ci ildə həmin kənddə fəaliyyət göstərən orta məktəbin məzunu olmuşdur. Ədəbiyyata marağı hələ uşaq yaşlarından yaranıb. Məktəbin nümunəvi və fəal şagirdlərindən biri olub. 1991-1993-cü illərgə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Sumqayıt Politexnik Kollecini bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır.
– Ənvər Məsud kimdir?
– Ənvər Məsud mənim 45 yaşdan sonrakı ömrümdür. O vaxt ki, şeir yazmağa başladım. Soyadım Əhməddir, Məsud oğlumdur. Mən şeir yazmağa başlayandan sonra tanınmış şair, filoloq alim Ənvər Əhmədlə məni səhv salmasınlar deyə, həm də şairə hörmət əlaməti olaraq başqa bir təxəllüs götürmək qərarı verdim. Oğlumun adını təxəllüs kimi götürdüm.
– Şeirə, poeziyaya maraq sizdə nə vaxt yaranıb? Necə oldu ki, şeir yazdınız? Ümumiyyətlə ədəbiyyat haqqında fikirləriniz maraqlı olardı.
– Şeirə marağım uşaqlıqdan olub. Orta məktəbdə müəyyən tədbirlərdə həmişə şeirlər oxumuşam. Bəlkə də indiyədək olan mütailəmin böyük hissəsini şeirlər təşkil edər. Mərhum Əli-Ağa Aslan kimi böyük şairlə on dörd illik dostluğumuz olub. Əzbərdən bildiyim şeirlərin sayını unutmuşam. Əzbərdən bildiyim şeirlərin sayını unutmuşam. Tək Əli-Ağadan yeddi yüzdən çox şeiri əzbər bilirəm.
Ümumiyyətlə, hər şeir bir ovqatdan yaranar. Oxuduğum hər hansı şeir mənim ovqatıma uyğun olarsa sanki mən yazmışam kimi həmən yaddaşıma hopur. Mərhum Əli-Ağa nə vaxtsa mənim şeir yazacağımı əminliklə deyərdi. Etiraf edim ki, onun sağlığında mənə elə deməsindən cəsarətlənib, bir az da ümidlənib bir neçə kərə cəhd etmişəm. Amma alınmayıb. Sualınızın ikinci və üçüncü hissəsinə qısa cavab verməyim mümkün deyil. Mənim şeir yazmağa necə və niyə başlamağımı və ədəbiyyatın nə olduğunu danışsam bir kitaba sığmaz. Çox hörmət etdiyim bir qadın dostumun israrlı tələbindən sonra yazdım. Mənə elə hey “Sənin içində bir şair yatır. Niyə yazmırsan, sən yaz, sən mütləq tanınmış şair olacaqsan” deyib, israr edirdi. Sonda özümü sınayım dedim. İlk şeirimi 13 fevral 2016-da yazdım və bu günə kimi şeir yazmadığım bir gün demək olar ki, olmadı. Yazandan sonra da hiss etdim ki, şeirlərimin böyük əksəriyyətində Əli-Ağa şeirlərinin ruhu hiss olunur. Sanki onun yazmağa ömrünün yetmədiyi yarımçıq şeirlərini yazıram. Bundan xüsusi qürur və zövq duyuram. Ruhu şad olsun ustadımın.
Ədəbiyyata gəlincə qısa olaraq belə deyərdim ki, yaşadığımız həyat ədəbiyyatın güzgüdə əksidir.
– Şeirləriniz çoxdur. Bəs yazdığınız şeirlərdən hansını daha çox sevirsiniz?
– Konkret olaraq bir şeirin üzərində dayanmazdım. Ən çox sevdiyim çox şeirlərim var. Avtoportret şerimi də çox sevirəm.
Fikir verməyin
(avtoportret)
Gözləri kədər dərəndi,
Yazığın halı bəllidi.
Qolu qəm biçən kərənti,
Sinəsi dərdin vəlidi.
Yovuşmaz sənə, gen dolan,
Odur dərddən saçın yolan.
Dünyanın varından olan
Göz yaşı zəri, ləlidi.
Dərdin yorğunu, süstü nə?
Bu ocaq nə, bu tüstü nə?
Diləyə getsən üstünə,
Cavabı “hə”di, “bəli”di.
Pulu yoxdu, parasızdı,
Ürəyinə yara sızdı,
Ümidsizdi, çarasızdı,
Öz başıdı, öz əlidi.
Hərdən qəmli gözü gülür,
Dil açanda sözü gülür.
Özü deyir, özü gülür,
Fikir verməyin, dəlidi.
– Mütaliə ilə məşğul olursuz? Əsasən hansı mövzuda kitablar oxuyursunuz və stolüstü kitabınız hansıdır?
– Ədəbiyyata, poeziyaya marağı olan, üstəlik şeir də yazan bir adam mütaliə etməzmi? Təbii ki, mütaliəni sevirəm. Əsasən tarixi, dramatik əsərləri sevirəm. Şeir kitablarını, şairləri daha çox mütaliə etdiyimi də bir az əvvəl dedim. Stolüstü kitaba gəlincə Nəsimini tez-tez təkrar oxuyuram.
– Müasir yazarlara münasibətiniz?
– Maşallah, indi yazarlarımız çoxdur. Saytlarda, sosial şəbəkələrdə saysız-hesabslz şeir yazanlar var. Bəzilərinin, bəlkə də əksəriyyətinin şeirin texnikasından xəbərsiz olduqları ilk oxunuşdan bəlli olur. Etiraf edək ki, fikir, bəzən misra, hətta bütöv şeir oğurluğu da olur. Bütün belə hallar yəqin ki, həmişə olub. Tarixdə, ədəbiyyatda kök salıb qalmaq hər əlinə qələm alan, şairəm deyənə nəsib olmur. Amma yaxşı şairlərimiz də çoxdur. Şeirlərini sevərək oxuduğum çox şairlər var. Adlarını çəksəm, kiminsə adını unudaram, inciklik olar.
– Eşitmişik ki, həm də sənətkarsınız. Sənətlə məşqul olursunuz. Sənət və fitri istedad! Bütün bunlar sizin gündəlik həyatınıza necə təsir edir? Vaxt, zaman məsələsində problemləriniz yoxdur ki?
– Bir şeirimdə uşaq ikən şəkillər çəkdiyimi demişəm. Zəif də olsa rəssamlıq qabiliyyətim vardı. Çəkdiyim şəkillər, rəsm albomlarım Laçındakı evimizdə yandı. Sonra heç çəkmədim. Elə bu qabiliyyətim də mənim peşə olaraq ev təmiri ustası olmağıma səbəb oldu. İşimi sevirəm. Şükür, birtəhər dolanırıq. Vaxt məsələsində də problem yoxdur. Bəzən işlədiyim yerdəcə hansısa bir şeiri yazdığım da olub. Yəni şeir yazanlar da təsdiq edər ki, şeiri məqsədlə, oturum şeir yazım deyərək yazmırlar. Məqamı tutanda gərək yazasan.
– Arzular sonsuzdur… Arzularına qovuşan insan isə xoşbəxtdir. Belə xoşbəxtlik nəsibiniz olubmu?
– Olub, çox olub, şükür Tanrıya. Amma əksər arzılarım…
Dost dediyim baş yerinə
Ölərəm qardaş yerinə.
Arzularım yaş yerinə
Axdı gözümdən aşağı.
Məncə bu bənd bəs edər bu sualın cavabına.
– Vətən həsrəti duyulur şeirlərinizdə…
Bu barədə mümkünsə danışardınız…
– Siz də bilirsiniz, əvvəlki suallardan birində də Laçından olduğumu dedim. Şeirlərimdəki vətən həsrətini fərdi saysaq doğulduğum Laçınımın həsrətidir. Amma mübaliğəsiz deyirəm ki, mən yazdığım vətən həsrəti Mosuldan Dərbəndə, Təbrizdən Borçalıya, Irəvandan, Zəngəzurdan Qarabağa qədər olan həsrətdir. Yenə bir bənd deyim:
Dəli yoxdur mənim kimi,
Dərd ruh kimi, tənim kimi.
Bölünüm vətənim kimi,
Səkkiz tikəm, param olsun.
– Sonda gələcək planlarınız haqqında danışa bilərsiniz?
– Şəxsi həyatda planlar, arzular bitməz. Yaradıcılığa gəlincə, ilk kitabımın nəşri ilə bağlı çalışıram.
– Şairə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik!
Gülər Eldarqızı