Qəşəm Nəcəfzadəyə ön söz: bu nişanda atam…

Kəramət Böyükçöl

Neçə gündü atamın hekayələrini oxuyuram. Özünün də xəbəri yox. Çünki son bir ili ikimiz evdə bir kompüter işəldirik. Mənim komputerimi oğlum xarab eləyib. Atam uşaq vaxtı yeməyin ən yaxşı tikələrini bizə yedirdirdi. İndi də elədir, guya yuxusu gəlir, keçir öz otağına, yüz faiz bilirəm ki, o, komüteri mənə vermək üçün belə edir. Mən də başlayıram kompüterdə onun hekayələrini oxumağa. Deyəsən, kitab çap etdirəcək, kitaba ad da qoyub: “O qara əyri bulud”.

Atam atasını çox sevir. Kitabın adını da atasına yazdığı hekayədən götürüb. Hər hekayəsini oxuyandan sonra gedib otağında atama baxıram. Görürəm ki, şirin yuxudadır, amma elə bil yuxuda da fikir eləyir. Üzünə kədərli bir təbəssüm qonur, əl vurub uçurmaq istəmirəm. Sadəcə, ayaqlarından öpüb gəlirəm.

Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan, roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki, mənim xəbərim olmayıb. Görəsən, niyə bu hekayələri yazıb bitirəndən sonra “urra” deyib evdə qışqırmayıb? Niyə müsahibələr verməyib? Elə sakitcə dayanıb. İşdən elə yorğun-arğın gəlir ki, elə bil özünü güclə sürüyüb gətirib evə. Nə olub? – soruşanda isə bircə kəlmə deyib: –yaman ağrıyıram. Vəssalam.

Uşaq vaxtı qələmini, kitabını əlindən alardıq, indi də komputerini. Yazıq atam. Elə bil hamımıza borcludur. Yorğun atam, şair atam, yazıçı atam… Atam müsahibələrinin birində deyir ki, yazıçılığı atasından öyrənib. Yəni mənim babamdan. Babam hər şeyə bir ad qoşurdu. Dağa, düzə, qoyuna, adama… hər şeyə ürəyindən keçən adı verirdi. Sonra biz babam qoyduğu adlarla yaşayırdıq, onu çağırırdıq, dindirirdik.

Atam deyir ki, ədəbiyyatın bir tərəfi də həyatdakı hadisə və detalları sözlə işarələməkdir, ad qoymaqdır. Atamın hekayələri əsasən, tərəkəmə həyatından bəhs edir. Elat cammatının başına gələn gülməli və ağlamalı hadisələri yuxa bir dildə qələmə alıb. Heç bir obrazında oyunbazlıq etməyib. Mən onu yaxşı tanıyıram, istəsə də edə bilmir. Həyatın və gedişatın üzünü necə var, elə də köçürüb kağıza. Bəzən isə hadisələr Bakı şəhərinin mərkəzində cərəyan edir. Əslində, mən bilirəm bu hadisələr atamın təfəkküründə baş verir.

Atamın hekayələrinin dili su kimidir, heç bir yerdə ilişmir. Tərəkəmələrin özünəməxsus danışıq tərzi, dili, məişəti, toyu, toxuculuğu, folkloru, mətbəxi bu hekayələrin enerjisini təşkil edir. Bu gün oturaq həyata keçdiyimizdən və Kəlbəcər, Laçın yaylaqları erməni işğalı altında olduğundan tərəkəmə leksikonu unudulmaqdadır. Atamın hekayələrini tərəkəmə, bütövlükdə isə türkün mədəniyyət arxivi adlandırmaq olar. Səhv eləmirəmsə, Çingiz Aytmatov deyirdi ki, “tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir.

Hiss edirəm ki, atam bütün hekayələrində ağrıyır. Bəlkə də bir evdə yaşayırıq deyə, mən bunu daha dərindən hiss edirəm. Hər halda atamı əzbər bilirəm. Mənim köşə və hekayələrimin, müsahibələrimin, romanlarımın ən kədərli məqamları atamdan keçən təəssüratlardır. Atam yolundakı gölməçələrin tən ortasından keçir. Qolundan tutub saxlasaq belə xeyri yoxdur. Anam buna görə həmişə deyinir. Və bu detallar mənim fikrimdən heç vaxt yayınmır. Hara getsəm, atam mənimlə gedir.

Hələ mən atamın essələri, böyüklər və uşaqlar üçün yazdığı şeirlərdən danışmıram. Onlar qalsın sonraya. Atam ədəbi mühitdə olduğu kimi tanınmır. Onu qəbul etməyənlər çoxdur. Hətta atamı mənim öz yanımda şair kimi, yazıçı kimi pisləyən nə qədər adamlar var. Atamı həmişə görməməzliyə qoyurlar. Özü də qəsdən edirlər. Atam isə çox iradəli, dözümlü, zəhmətkeş və həm də çox ümidli bir insandır. Hələ bir dəfə onun ümidsiz olduğunu, ruhdan düşdüyünü görməmişəm. Onu aldadanlara belə ümidi var. Əvvəllər atamın bu cür xüsusiyyətlərini qəbul eləməkdə çətinlik çəksəm də, sonradan anladım ki, buna səbəb onun mətnləri imiş. Atam deyir ki, əgər sənin arxanda yazın dayanıbsa və yaza bilirsənsə, ümidsiz ola bilməzsən, heç vaxt intihar səni öz ağuşuna çağırmaz. Onun tez-tez xatırladığım bir fikri də var: “Yaradıcılıq adamı bütün bəlalardan xilas edir”.

Atam atasına yazdığı “O qara əyri bulud” hekayəsindəki aşağıdakı yer ürəyimə çəkilmiş cızığın yeri kimi məni hələ də göynədir: “Atam atasını hey yada salmağa çalışırdı. Məhz elə burda, bilmirəm niyə? Evdə bir dəfə də olsun söhbət salmazdı. Bəlkə biz dünyanın dibinə düşmüşük. Bəlkə bura ən yaddaqalan yerdir. Bəlkə atam ürəyindəkiləri danışmaq üçün məni bura gətirib?

Atamdan soruşdum:

– Sən heç bura – Qaranlıq dərəyə qoyunları oturmağa gətirmisən?

– 1942-ci ildə. Atamla. 1946-cı ildə atamı tutdular. Kolxoz sədri tutdurdu. 60 baş qoyun verdik, yenə buraxmadılar. O vaxtdan gəlməmişəm bura, indi 1976-cı ilin yayında səninlə gəldim… Sonra atam ağladı. Əllərinin arxası ilə gözünün yaşını silə-silə dedi ki, indi atamı tutduran kişinin oğlu bizim kolxoz sədridir. Sən yaxşı oxu, kolxoz sədri ol. Niyə atam bunu başqa vaxt demir, iki dağın arasında deyir? Bəlkə insan ayağı az-az dəyən bu yerdə ilahi bir sirr vardı”.

Atam xatirələrinə çox bağlıdır. Ən çox keçmişdən yazır. Mənə elə gəlir ki, o, xatirələrdən elm yaradır. Və qaranlıq bir meşədə insanı tapıb sevinir…

Share: