“Əlbəttə,hər bir konsert proqramının açılışına ” Qarabağ şikəstəsi “ni ifa edərək başlayırdıq.”- Fatimə Əlihüseynin Gülyaz Məmmədova ilə müsahibəsindən…

Müsahibim saf qəlbə malik olduğu kimi,sənətin də safına yiyələnmiş , yiyələnməklə bərabər bu sənəti gözəl səsi,ecazkar avazı ilə yaşadan,təbliğ edən  və  neçə-neçə istedadlı gəncləri yetişdirən ,   Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kolleci və Bakı Humanitar Kollecinin müəllimi ,Opera- Balet teatrının aktrisası dəyərli xanəndə ,xalq artisti Gülyaz Məmmədova idi.

 

Belə bir deyim var:”Türk dili sanki ondan ötrü yaranıb ki,digər xalqlar şahid olsunlar ki,əsl dil belə olar!

Buna  nümunə olaraq elə sizin də,bir çox əcnəbi  millətlərin xalq və bəstəkar mahnılarını onların dilində  məharətlə  ifa etmənizi misal çəkmək olar.

-Bəli,bizim dilimiz  texniki baxımdan o qədər əlverişli və  çətin səs-söz birləşmələrinə  elə yatımlıdır ki,biz rahatlıqla digər millətlərin dilində olan ən qəliz sözləri,səsləri  belə rahat tələffüz edə  bilirik.

Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təmsil etmişik hörmətli Polad Bülbüloğlu ilə. Azərbaycanın musiqi mədəniyyətini festivallar,qastrol səfərləri çərçivəsində dünyaya nümayiş etməklə bərabər,hər getdiyimiz ölkədə ,ustadım Kamil müəllimin təklifi və məsləhəti ilə ,o millətin dilində bir mahnı öyrənib mütləq ifa edirdik.Təbii ki,bu həm qonağı olduğumuz ölkəyə,onun dilinə,musiqisinə hörmət idi,həm də öz dilimizin bir daha texniki baxımdan zənginliyinin göstəricisi,sübutu idi.Asetin,fransız,gürcü,ispan,italyan,rus,özbək,alman,fars və sairə dillərdə mahnılar oxumuşuq.Bu Rəşid Behbudov ənənəsi idi ki,biz bunu davam edir,yaşadırıq bu günə kimi.Əlbəttə,hər bir konsert proqramının açılışına ” Qarabağ şikəstəsi “ni ifa edərək başlayırdıq .

 

Dahi Füzuli bir qitəsində söyləmişdir:

“Ciyərdə dağı,könüldə məlalı olmayanın,

Sözündə sanma olar ruhu oxşayan riqqət!”…Bu tandemə istinadən,sizcə,istər teatr səhnəsində olsun,istər digər səhnələrdə ruhu riqqətə gətirən mahnını,sözü tamaşaçıya çatdırmaq üçün xüsusi istedad vacibdir,yoxsa ciyərdə dağı olmayan-(məhz Füzuli söylədiyi kimi) bunu dinləyiciyə,tamaşaçıya yaşada bilməz ?Axı,səsiniz çox yanğılı,təsirlidir.

 

– Mənim fikrimcə həyatda acı cəkməyən insan yoxdur.Hər kəsin ağrısı,yaralı yeri var.Lakin hər dərdli insan da mahnını yanğılı şəkildə çatdıra bilmir.

Adam var oxuyur,dəmirdir ki,dəmir.

Heç təsirli olmur.Bunun üçün də,xüsusi istedad vacib və lazımdır.

 

Kamil insanlar etdikləri səhvlər üzərinə həyatda püxtələşmiş olurlar…Belə bir deyim var:

“Sevincin mənasını öyrətsin qəmlər bizə,

Öyrətsin bu dünyanı yanlış qədəmlər bizə!”.

Sizcə,səhvlər insana həyatda həm də yardımçı deyilmi?

 

– O baxır  hansı səhv… Səhvlərin o qədər görünən, görünməyən tərəfləri var ki .Səhv var edərsən, deyərsən ki:”əcəb oldu bu mənə, dərs olsun!” Amma ,bir düşünək ,eyni səhv təkrar olunurmu ?! Başqa bir yanlışlıq ortaya cıxır və  növbəti   səhv addıma zəmin yaradır.Biz insanlar davamlı olaraq səhvlər edirik amma bağışlanan, unudulan səhvlər təbii ki bizə dərs verir.

Kamil insan başqalarının səhvlərindən nəticə çıxaranlardır.İnsan bunu tətbiq etməyə çalışmalıdır həyatında.Həyatın özü bir məktəbdir .

 

Tələbələrinizlə bu mövzuda söhbətləriniz,məsləhətləriniz olurmu ?

 

-Əlbəttə,mən onlara müəllim olduğum kimi,həm də dost münasibəti bəsləyir,onlara bacardığım qədər həyat fəlsəfəsi,həyat sınağı kimi mövzularda qayğıyla,həssaslıqla yanaşır və bildiyim,gördüyüm,yaşadığım və müşahidə etdiyim nüansları onlarla bölüşərək,doğru məsləhət verməyə çalışıram.Bu mənim həm də,müəllimlik, analıq borcumdur.

 

Özünüzü hansısa bir tələbənizdə görürsünüzmü?

 

– Gözəl tələbələrim coxdur.Muğam müsabiqəsinin qalibləri  -Kamilə Nəbiyeva,Nigar Rəhimova,Sərxan Bünyadzadə,Ayşən Mehdiyeva,Sədəf Budaqova,İlahə Rüstəmova…

Xalq ulduzundan-Taleh Ələsgərli və daha fəxrlə deyim ki,Sima Qasımova,Gümanə Mərdiyeva, Ruqiyyə,Zeynəb Nəcəfzadə, Səfalı Mirzəliyev,Şəmo Nəbiyev,Tural Məmmədov,Leyla Camal Rəqsanə Ağayeva, Günay Paşayeva,Fərid Abbasbəyli…Hər birində mən varam…

 

Gərgin iş rejimi ilə əlaqəli,övladınıza istədiyiniz qayğını göstərə bilirsinizmi ?

 

-Mətbəxdə olduqca məharətli və cəldəm.(gülümsünür)

Bir saat içində dörd-beş çeşid yeməyi hazırlayıram ki,oğlum mən evdə olmasam belə,öz əlimin dadını ,ana qayğımı hər zaman üzərində hiss etsin.Mən onunla nəfəs alıram.Allah bütün övladları qorusun!

 

 

Qəlbinizdə zümzümə etdiyiniz,öz avazınızdan yoğrulan,bəstələnən bir musiqi varmı ki,onu hələ heç kim duymayıb?

 

-Vallah deyim ki ,bəstəm var, yoxdur.Bacım Rəhimə on mahnı bəstələyib,Gülyanaq dörd mahnı mən yox.(gülümsünür)… Oxuduğum mahnılarda amma öz nəqşlərim var.Artıq bilirəm ki, ifalarımda bu mənəm və dinləyən duyur ki ,oxuyan Gülyazdır.

 

Hansı bədii əsərin səhnələşdirilməsini və hansı rolu ifa etmək  istərdiniz ?

– Baxmayaraq ki,ən gözəl obrazları artıq  oynamışam,Üzeyir Hacıbəyli “Leyli Məcnun”da Leyli,Zülfüqar Hacıbəyli “Aşıq Qərib”də Şahsənəm,Şəfiqə Axundova “Gəlin Qayası”nda Gülbahar,Üzeyir Hacıbəyli “Arşın mal alan”da Telli,”Koroğlu” operasında Xanəndə qız,Ramiz Mustafayev “Vaqif”Operasında Xanəndə qız, Vasif Adıgözəlov “Natavan”da Xanəndə Qız,”Rast” baletində xanəndə,lakin oxuduğum əsərlərdən istənilən müsbət obrazın öhdəsindən gələ bilərəm .Öz ədəbiyyatımızla bərabər,xarici ədəbiyyatdan-

Lev Tolstoyun “Anna Karenina”əsərində Annanı,Teador Drayzerin “Kerri bacı”əsərində Kerrini və sairə …

Yetər ki,rejissor işi və ssenari məndə güvən və maraq oyatsın.

 

Yeri gəlmişkən ,efirlərdə dəb halını almış “ev gördü”kimi,mebel ,özəl otaqların çəkilişlərinə münasibətiniz…

-Hər kəsin fikir və seçiminə hörmətlə yanaşıram,lakin mən evdə çəkiliş etməyi sevmirəm.

Yaxşı tərəfdən düşünsək,kimlərinsə sevgisindən ,simpatiyasından doğur   aktyor,yaxud müğənninin özəl həyatını,yaşayış tərzini görmək arzusu. Bu tip çəkilişlərə budur  sövq edən aparıcılarımızı…

 

Müsahibəni hazırladı:

Fatimə Əlihüseyn

Müstəqil.Az

Share: