Uğurlu sosial siyasətdən demoqrafik artıma…

Hər bir cəmiyyətin davamlı inkişafı demoqrafik templəri ilə xarakterizə olunur. Çünki insan amili ölkənin və cəmiyyətin gələcəyini təyin edir. Ona görə də müasir dünyada əsas trendlər sırasında insan resursları çox mühüm yer tutur, onun hərtərəfli inkişafı strateji məsələ hesab olunur. Əlbəttə bu, ilk növbədə yaradılan şərait, əhalinin sağlamlığı, doğum, reproduktiv sağlamlıq və digər spektrli geniş məsələləri özündə cəmləşdirir. Digər vacib məqam isə insan inkişafının əsas meyarlarından olan layiqli yaşayış standartlarının yaradılmasından ibarətdir. Bu isə birincisi, əhalinin rifah səviyyəsi, ikincisi əmək potensialından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, üçüncüsü əhalinin gəlirləri, nəhayət sosial infrastruktur və digər amillərdə konkret əksini tapır. Məhz bu baxımdan Azərbaycan son 16 il ərzində dünya üçün nümunə olan bir yol keçib. İqtisadi, siyasi və sosial sahədə öz modelinin reallıqlarını yaradıb və bütün sahələrdə davamlı inkişafa aparan mühüm konsepsiya formalaşdırıb. Bu konsepsiyanın əsas bəndlərindən biri də ölkədə demoqrafik vəziyyətin yüksələn xətlə inkişafından ibarətdir. Sözügedən dövr ərzində əhalinin 1,7 milyonluq artımı və nəhayət 10 milyonuncu sakinin dünyaya göz açması da dediklərimizin bariz nümunəsidir.

Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf fonunda uğurlu demoqrafik siyasət həyata keçirilir. Bu məqsədlə sözügedən sahəyə irihəcmli sərmayələr yatırılır, mühüm dövlət proqamları icra olunur. İslahatlar, əldə olunan davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəlməsi təbii ki, demoqrafik inkişafda yeni kəmiyyət və keyfiyyət dəyişikliklərini meydana gətirir. Son illərin statistikası, əhali artımında müşahidə olunan dinamika da məhz bunu əyani şəkildə sübut edir.Faktlara nəzər salsaq mənzərə tam aydınlaşar. Belə ki…

-2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb;

-Azərbaycanda hər il doğulanların sayı artır, 2018-ci ildə 139 min doğulan körpə qeydə alınıb;

-2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub və s.

 

Prezident və Birinci xanımın 10 milyonuncu sakinin valideynləri ilə səmimi görüşü, körpəyə nəvaziş və qayğısı əlbəttə ki, cəmiyyət tərəfindən böyük razılıqla təqdir olundu. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, təkcə balaca Mehiban deyil, doğulan hər bir körpə dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Beləliklə, hər bir vətəndaş üçün layiqli həyat şəraitinin yardılmasına yönəlik siyasət fonunda müsbət demokrafik tendensiya davam edir və bu, dünyada nümunə kimi qəbul olunmaqdadır. Çünki dünyanın bir çox inkişaf etmiş ölkələrində demoqrafik vəziyyət heç də ürəkaçan deyil və əhalinin sayında azalma müşahidə edilir. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır. Səbəb də budur ki, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlik ciddi islahatlar aparılır, mühüm infrastruktur layihələri həyata keçirilir və bu proses indi də uğurla davam edir.

Bəli, 10 milyonuncu balaca sakin – Mehriban Həsənovanın dünyaya gəlişi ali səviyyədə yüksək qayğı ilə qarşılandı. Məhz bu amil demoqrafik inkişafa güclü təkan verir.Beləliklə, iqtisadi, siyasi, sosial, bir sözlə, bütün resursların insan kapitalına yönəldiyi dövlətin strateji hədəfi güclü Azərbaycan insanı ilə güclü ölkənin gələcəyini təmin etməkdən ibarətdir.

Azər Qismət

Share: