Sonu ölüm olan QUDUZLUQ – Əlamətləri, müalicəsi, yardım

Quduzluq nədir? Necə ötürülür? Necə inkişaf edir? Nə etməli?
 
Quduzluq – ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir. 
Medicina.az xəbər verir ki, xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur.
Bu xəstəliyin profilaktikasında əsas məsələ heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.
Xəstəliyin əsas keçiriciləri: tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur), çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır.
Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.
Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.
Virus insan orqanizminə 2 yolla düşə bilər: 1 – quduz heyvanın dişləməsi nəticəsində; 2 – xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində!
İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.
İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.
Xəstəliyin insanda da inkişafının 3 mərhələsi var:
1- ci mərhələ – depressiya mərhələsidir
2- ci mərhələ psixomotor oyanma, qıcıqlanma mərhələsidir.
3- cü mərhələ – paralic, koma mərhələsidir. 3- cü mərhələ ölümlə nəticələnir.
Xəstəlik inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.
Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.
Heyvan dişləyən zaman nə etməli?
İlk olaraq, təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı sıxıb qan çıxartmaq lazımndır. Yaranı 70%- li spirtlə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.
Əgər həkim 3 dəfə müəyyən fasilələrlə gəlib, vaksin vurdurmağı bildirirsə, halınızda heç bir dəyişiklik olmasa belə, vaksin tələbinə əməl edib, deyilən vaxt növbəti dozanı almalısız. Siz 1 ay özünüzü yaxşı hiss edib, 2-ci aydan sonra qəfildən dəyişə bilərsiz.
Share: