“Erməni məsələsi və terrorla mübarizə məsələsi üzərindən Türkiyəyə insan haqları və demokratiya dərsi keçməyə cəhd edənlərin qanlı keçmişə sahib olduqlarını görürük”.
Müstəqil.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qondarma erməni soyqırımı haqqında danışarkən deyib.
Ərdoğan qeyd edib ki, əcdadları qəlbləri fəth edərək hakimiyyət çevrəsini genişləndirib.
“Son əsrlərdə insanlığın yaşadığı böyük faciələrin məsuliyyətini bu gün insan haqları və azadlıq maskası taxanlar daşıyır. “Xaç yürüşləri” zamanında 4 milyon insanın ölümünün günahkarı nə türklərdir, nə də müsəlmanlar. Soyqırımından danışanlar Avropadakı yəhudi ovunu unudublar. Axıska türklərini qatarlarla ölümə göndərənləri unutmadıq, unutmayacağıq. Məsumların Liviya və Əlcəzair çöllərindəki fəryadlarını bu gün də eşidirik”, – deyə o bildirib.
Ərdoğan “erməni soyqırımı” məsələsinə dəstək verən Fransa prezidenti Emmanuel Makrona sərt mesaj verib: “Bu işlərdə hələ təzəsən. Əlcəzairdə, Ruandada törətdiyiniz qətliamları bilirəm. Qətliamların, işgəncələrin, soyqırımıların altını qazdığınızda bu gün demokratiyadan, azadlıqdan danışanları görəcəksiniz. Biz arxivləri açdıq. Ey Ermənistan, siz də açın, üçüncü ölkələrdə varsa, onlar da açsın. Tarixçilər bu məsələni araşdırsınlar. Sonra siyasətçilər olaraq biz danışaq. Erməni məsələsini irəli sürən heç bir qrup və dövlət iddialarını arxivləri ilə sübut edə bilməyiblər”.