“Əxlaqsız qadınlar jurnalist adı ilə kabinetlərə girib…”

Bu gün medianın ən böyük bəlası həm də reket jurnalistikasıdır ki, uzun illərdir bununla mübarizə aparılır. Hər il reket qəzetlərin və reket jurnalistlərin “qara siyahı”sı açıqlanır. Lakin problem birdəfəlik aradan qalxmır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev təklif edir ki, bu istiqamətdə nəticə əldə etmək üçün ilk növbədə hüquqi müstəvidə KİV orqanlarının qeydiyyat prosedurundakı müəyyən boşluqlar aradan qaldırılmalıdır.

Baş redaktorun fikrincə, Mətbuat Şurasının bu istiqamətdə apardığı işlərin böyük nəticələri var:

“Hazırda mövcud olan mexanizmlərin və aparılan işlərin sona qədər davam etdirilməsi kifayət edər. Mətbuat Şurası və onun strukturlarının xətti ilə ictimai qınaq mexanizminin aktivləşdirilməsi formasında iş gedir. Ortada böyük nəticələr var. Reket jurnalistikanın “qara siyahısı” tərtib olunur. Bütün dövlət orqanlarına və tanınmış iri şirkətlərə göndərilir, onların məzmunu barədə KİV-lərdə həmişə məlumatlar verilir. Həmçinin dövlət orqanları da bu istiqamətdə müəyyən addımlar atır”.

A.Quliyev təklif edib ki, bu istiqamətdə hüquqi mexanizm sərtləşdirilməlidir:

“Fikrimcə, KİV-lərin qeydiyyatdan keçirilməsi, domenlərin alınması məsələsinin hədsiz dərəcədə sadə olması və tez başa gəlməsi bu məsələdə reket jurnalistikanın çiəklənməsinə təsir göstərən amillərdən biridir. Ona görə də birinci növbədə hüquqi müstəvidə KİV orqanlarının qeydiyyat prosedurundakı müəyyən boşluqların aradan qaldırılmasına ehtyac var. Həmçinin jurnalist adından sui-istifadə və jurnalist etikasına qarşı məsuliyyətsizlik halları ilə mübarizədə hüquqi mexanizmlərə də bir qədər baxılsa və sərtləşdirilsə, daha yaxşı olar”.

Baş redaktor hesab edir ki, aparılan işlər davamli olsa, reket jurnalistikanın fəaliyyəti indi narahat edəcək səviyyədən çox aşağı olar.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, reketçilik cinayət əməlidir və bununla mübarizə davamlı olaraq aparılmalıdır:

“Reketçiliyin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün heç bir problem yoxdur. Reketçilik, onun hansı vasitələrlə həyata keçirilməsindən asılı olmayaraq, cinayət əməlidir. Mətbuat bu işdə bir vasitədir. Bu gün reketçiliklə məşğul olan insanlar mətbuatı özləri üçün bir vasitə seçiblər. Həmin şəxslərə qarşı addımların atılması üçün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalar mövcuddur.

Belə şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün həm vətəndaşlar, həm də onların şantajına tuş gələn insanlar fəal olmalıdırlar. Mətbuat Şurası bu istiqamətdə kifayət qədər iş aparır. Cəmiyyət olaraq biz də bu işdə fəal olmalı, reketçiliyə son qoymaq üçün bütün səylərimizlə çalışmalıyıq. Bununla bağlı müvafiq qurumlara müraciət olunmalıdır ki, onlar da reketlərə qarşı sərt tədbirlər həyata keçirsin. Yalnız bu halda ciddi nəticələrə nail olmaq olar”.

Azviziyon.az saytının baş redaktoru Vüsal Məmmədov isə hesab edir ki, ilk növbədə termini dəqiqləşdirməliyik. Onun fik“”rincə, əslində “reket jurnalist” deyilən bir anlayış yoxdur:

“Kimdir “reket jurnalist”, nə ilə məşğul olur? Tutaq ki, jurnalist hansısa məmurun haqqında şikayət əldə edir, sonra əlaqə saxlayıb deyir ki, “Haqqınızda belə bir məlumat var, məsələn, 500 manat versəniz, yazmaya bilərik”. Bu, klassik korrupsiya sxemidir. Və məhz korrupsiya əməli kimi yanaşılmalı, cinayət işi açılmalıdır. Bu cür fırıldaqçılarla, şantajçılarla Antikorrupsiya İdarəsi məşğul olmalıdır. Onlara “jurnalist” demək düzgün deyil, biz terminləri qarışıq salanda məsələnin mahiyyəti dolaşır və özümüzü çaşdırırıq.

Bu, reketliyin ən geniş yayılmış növü olduğu üçün mən misalı burdan çəkdim. “Jurnalist” adı altında ən müxtəlif işlərlə məşğul olan adamlar var ki, mütləq hərəsi öz adı ilə çağırılmalıdır. Hətta bildiyimiz çox adi fahişələr də var ki, “jurnalist” adı ilə hansısa kabinetə yol tapıb, xidmətinə görə normalda qazanacağından qat-qat artıq pul alır. Bu da elementar fırıldaqçılıqdır, jurnalistika ilə heç bir əlaqəsi yoxdur”.

V.Məmmədov bildirib ki, belə insanlar özlərini jurnalist kimi təqdim edən başqa peşənin sahibləridir:

“Biz bir şeyi anlamalıyıq ki, bunlar jurnalist deyillər. Bunlar özlərini jurnalist kimi təqdim edən başqa peşələrin nümayəndələridirlər. Siz piano alıb evə qoyanda avtomatik pianoçu olmadığınız kimi, qəzet dərc etdirmək, sayt yaratmaq, yaxud hansısa KİV-də işləmək də sizi avtomatik jurnalist etmir. Həmin fırıldaqçı eyni qaydada, məsələn, stamotoloji kabinet açıb, diş düzəldə də bilər, amma bu zaman biz ona “reket stamotoloq” demirik axı. Özünü “psixoloq” kimi təqdim edən xeyli cüvəllağı var ölkədə, hansına “reket psixoloq” adını qoymuşuq? Jurnalistikaya bağlılığı olmayan adamlara, qeyri-ciddi KİV-də işləyən fırıldaqçılara da “reket jurnalist” sözünü aid etmək lazım deyil. Cinayət Məcəlləsi bu hallar üçün hansı termini nəzərdə tutursa – məsələn, “dələduz” kimi – o adla da çağırmalıyıq. Bunu eləyəndən, yəni düzgün ad qoyandan sonra aydın olacaq ki, həmin dələduzlarla, fırıldaqçılarla, kombinatorlarla kim mübarizə aparmalıdır”.
Nigar İxtiyarqızı

Share: