Şair-publisist, jurnalist Etibar Etibarlı vəfat etdi

Tanınmış şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Etibarlı mayın 6-da vəfat edib. Müstəqil.az-ın məlumatına görə, qara xəbəri mərhumun dostları veriblər.

Ədəbi aləmə 60-cı illərin axırlarında gələn Etibar Etibarlı (Aslanov Etibar Zəki oğlu) 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olub. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirib. Bir müddət “Yeni Şirvan” rayon qəzetində işləyib, sonra isə AzTV- nin “Gənclik” redaksiyasının “Yekun” jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərib. Uşaq yaşlarından şeirə həvəs göstərib. İlk şeirləri hələ məktəbliykən “Göyərçin” jurnalında və rayon qəzetində dərc olunub.
1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləyib. Elə həmin vaxtllarda o, “Molodyoj Azerbaydjana” qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olub. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş “Kommunist” qəzetində, daha sonra “Xalq qəzeti”, “Mülkiyyət”, “Respublika” kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAC -da işləyib. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazıb və yazıçı-publisist kimi də tanınıb.

Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən E. Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında “Gözdən yaş çıxarmı ürək yanmasa?” pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır- “Nisgil”, “Taleyimdən keçənlər (irihəcmli), “Bir gecənin poeması”, “Ağdama gedən yol”, “Dan üzü ağaranda” (Çanqqala döyüşünün 100 illiyinə həsr olunub), “Dünya dağılacaq” (Dialoq-poema) kimi poemaları oxuculara bəllidir. E. Etibarlı mediada – qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalələr yazıb. O, 1-ci qrup əlil olmasına baxmayaraq, ədəbi fəaliyyətini davam etdirirdi.

E. Etibarlı Rəsul RZA adına ədəbi mükafatın laureatıdır. Prezident təqaüdçüsüdür (2017).

Allah rəhmət eləsin…

Share: