“Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur”
Adıgözəl Məmmədov – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı işıq üzü görmüşdür.
Hörmətli akademik Ramiz Mehdiyevin bu kitabı mübaliğəsiz qeyd etmək istəyirəm ki,Azərbaycan tarixinin ən ziddiyyətli xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan və siyasi sənədlərlə zənginliyi baxımından çox ciddi elmi nailiyyətdir. Həqiqətəndə akademik Ramiz Mehdiyevin bu kitabı, biz yaradıcı insanlar üçün yol xəritəsi də sayıla bilər. Bu baxımdan Ramiz müəllimin sözü gedən kitabı ilə tanış olduqdan sonra“Biz öz dövlətçiliyimizi nə Osmanlı imperiyasının tarixi keçmişində, nə də Rusiya impersiyasının çərçivəsində görməli deyilik” təlil yazımı qələmə aldım.
1711-ci il Osmanlı dövləti ilə Çar Rusiyası arasında bağlanan Prut müqaviləsi rusların cənuba doğru irəliləmə siyasətinin azalmasına səbəb olmadı.
Rusiya Dərbəndi ələ kecirəndən sonra, 1722-ci ilin oktyabrında Dağıstan əmiri Hacı Davud,ruslardan özünü qorumaq üçün Krım xanı ilə eyni hüquqi əsaslarla Osmanlı təbəəliyinə qəbul olundu. 1723-cü ilin yazında rusların Gürcüstana hərbi yürüşü başladı. Bakı işğal olundu, ruslar Gəncə, sonra isə İrəvan və Naxçıvan istiqamətində hücuma keçdilər. 1724-cü ilin mayında Xoy qalası tutuldu. Osmanlı imperiyası ilə Rusiya arasında müharibə artıq qaçılmaz idi,lakin Fransanın diplomatik vasitəçiliyi ilə 1724-cü il iyunun 12-də tərəflər arasında İstanbuldaİstanbul müqaviləsi imzalandı. Osmanlı imperiyasının son dövrlərini Avropada “xəstə dövlət” adlandırırdılar. Vaxtaşırı, Çar Rusiyasının maraqları Böyük Britaniyanın siyasəti ilə təzad təşkil etdikdə, ruslar osmanlılarla yaxınlaşmaq istəklərini izhar edirdilər. Həmçinin də Osmanlı imperiyasının Böyük Britaniya ilə və ya vassalı olan Misirlə və özünün digər şərq qonşuları ilə münaqişə vəziyyətində olduğu dövrlərdə türklər ruslarla ümumi dil tapırdılar və əksinə, Rusiya Balkanlarda döyüşdüyü zaman ruslar və türklər düşmən mövqelərdə olurdular. Bu zaman Osmanlı imperiyasını “xəstə dövlət ” adlandıranlar özləri onların müttəfiqinə çevrilirdi. Bütün bunlar daha çox qonşu torpaqları ələ keçirməyə can atan ölkələrin real siyasətinin, regional imperializminin nəticəsi idi. Qeyd etmək lazımdır ki, Osmanlının o zamankı liderləri strateji səhvlərə yol verərək öz ölkələrinə bunların üz verməsinə yol açırdılar. İqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa texnologiyalarının cəlb edilməsi, təhsilin və hərbi sənayenin inkişaf etdirilməsi əvəzinə, sultanlar imperiyanı diplomatik manevrlərlə qoruyub saxlamağa cəhd göstərirdilər. Ölkə içəridən zəif, amma xarici siyasəti baxımından güclü idi, lakin bu, osmanlıların imperiyasını dağılmaqdan xilas edə bilmədi. O dağılmağa məhkum idi.
İstanbul müqaviləsiilə Azərbaycan milli dövlətçiliyinə ən sarsıdıcı zərbə vurulurdu. Ramiz müəllim bu baxımdan xüsusi qeyd edir ki, “yalnız Osmanlı qoşunlarının 1723-cü ildə Azərbaycana hücumu erməni-alban-rus planının qarşısını alır və Qarabağda xristian dövləti yaradılması təşəbbüsü puça çıxır. 1724-cü il iyunun 24-də Türkiyə və Rusiya arasında imzalanan İstanbul müqaviləsinə əsasən Rusiya Xəzərsahili vilayətlərə sahib olmaqla kifayətlənir,Səfəvilərin digər əraziləri üzərində nəzarət isə Osmanlı dövlətinə keçir. Buna baxmayaraq. Alban katolikosu Yesai və erməni feodalları Rusiya ilə gizli münasibətlərini qətiyyən kəsmirlər və tərəflər arasındakı yazışmalar bundan sonra da davam edir”. (R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.32).
İstanbul müqaviləsi preambula, 6 maddə və nəticədən ibarət idi. Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim Paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyəti üzrə Rusiya və Osmanlı imperiyasına birləşdirilməsinə Rusiya sarayı ilə Sultan sarayının razılığı əsasında imzalanması göstərilir. Osmanlı tərəfi öz narahatlığını Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etməsi və imperiyanın sərhəd torpaqlarını tutmaq üçün onun qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması baxımından əsaslandırırdı. Preambulada daha sonra qeyd edilir ki, “Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdı. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir.
I maddəyə görə, Hacı Davudun Osmanlı imperiyası himayəsinə keçməsi və onun hakim təyin olunduğu Şamaxı xanlığının sərhədləri təsdiq olunurdu. Rusiya, Türkiyə və Səfəvi dövlətlərinin sərhədlərinin birləşdiyi Kür və Araz çaylarının qovuşduğu bölgədə türklərə və ruslara sərhəddən üçsaatlıq məsafədən yaxın olmamaq və mütləq bir-birini xəbərdar etməklə hərbi istehkamlar və qarnizonlara malik olmaq hüququ verilirdi.Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli, qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətt sərhəd kimi qəbul edilərək, dənizə yaxın hissə çara, daxilə doğru hissə Osmanlı Sarayına, Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə isə Səfəvi dövlətinə aid olacaqdı. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çarın da belə bir qala tikdirməsi mümkün idi. Ancaq bu qalalar sərhəddən üç saatlıq məsafədə tikilməli idi. II maddədə bildirilirdi ki, yuxarıda göstərildiyi kimi, Şirvan vilayətində Osmanlı imperiyasına keçən torpaqlar xüsusi xanlıq sayıldığından, Şamaxı xanın iqamətgahıdır. Şəhər hərbi cəhətdən möhkəmləndirilməməli, burada xanın tabeçilikdən imtina etməsi və əhali arasında qarışıqlıq halları istisna olmaqla türk qarnizonu yerləşdirilməməli idi. Bu cür hallarda da rus qoşunlarının komandanlığı xəbərdar edilməli, türk qarnizonunun Şamaxıya daxil olmasını zəruri edən şərtlər aradan qalxan kimi onlar son nəfərədək şəhəri tərk etməli idilər. III maddə Osmanlı imperiyasına keçən torpaqların, о cümlədən Azərbaycan torpraqlarının – Ordubad, Təbriz, Mərənd, Marağa, Urmiya, Xoy, Səlmas, İrəvan və b. adları sadalanır. Rusiya və Osmanlı imperiyaları arasında sədd çəkmək məqsədilə həmin dövlətlərin müqavilə ilə müəyyən olunan sərhədləri arasındakı ərazi Səfəvi dövlətinə verilirdi. IV maddə ilə Rusiya Təhmasiblə müqavilədə olduğundan III artikulda göstərilən ərazilərin Osmanlı imperiyasına güzəşt edilməsi üçün üzərinə öhdəlik götürürdü. V maddədə qeyd olunurdu ki, III artikulda göstərilən torpaqlar Osmanlı imperiyasına güzəşt edildikdən sonra Osmanlı imperiyası Təhmasibi Səfəvi şahı kimi tanımalı, Rusiya ilə birgə Səfəvi dövlətini və onun paytaxtı İsfahanı azad etməyə kömək etməlidir. Belə olan surətdə Mir Mahmud tərəfindən Osmanlı dövlətinə qarşı hər hansı bir düşmən hərəkəti olsa, onun üstünə qeyd-şərtsiz qoşun göndərilməli, ordu tamam sabitlik yaradılanadək işini görməli idi. VI maddəyə görə, Təhmasib Rusiyanın mediasiyası (vasitəçiliyi) ilə torpaqları Osmanlı imperiyasına güzəştə getməsəydi, Rusiya və Osmanlı imperiyaları paylarına düşən torpaqları hakimiyyəti altına almalı, sonra Təhmasibi devirib taxta müvafiq şəxsi gətirməli idi. Nəticədə müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmləndirilməsindən və s. bəhs olunurdu”.
Müqavilə III Sultan Əhməd (1703-1730) tərəfindən 1725-ci il yanvarın 13-də ratifikasiya olundu.
İstanbul müqaviləsinin fəsadlarından biri kimi Rusiya Xəzərsahili torpaqları əldə edir və sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin ərazidə yerləşdirilməsi idi. Burada I Pyotr erməniləri bu ərazilərə köçürülməsini qarşıya məqsəd kimi qoyur. Ramiz müəllim bu məsələnin də üzərində xüsusi dayanaraq yazır “mənbələr hətta Rusiya imperatoru I Pyotrun Xəzər sahilindəki vilayətləri tutduqdan sonra ermənilərin bu ərazilərə köçürülməsinə və onlara geniş iqtisadi imtiyazların verilməsinə dair fərman imzaladığını da xəbər verir”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.12).
Həqiqətəndə, I Pyotrun 1724-cü il 10 noyabr fərmanı buna bariz sübutdur. İlk əvvəl I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi. I Pyotra ermənilərin yaxınlaşmasında İsrail Ori (1658-1711), onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun 1724-cü il noyabrın 10-da erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) və onunla bağlı digər sənədlər (Высочайшие указы) belə bir şəraitdə verilmişdi,lakin I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük veriləcəkdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edəcəkdi. İstanbul müqaviləsindən sonra I Pyotr işğal olunmuş Xəzərsahili torpaqlarda ermənilərin məskunlaşdırılmasına daha çox əhəmiyyət verirdi. I Pyotr sentyabrın 24-də İstanbul müqaviləsindən sonra ratifikasiyaların mübadiləsi üçün İstanbula ezam etdiyi Aleksandr Rumyantsevə öz əli ilə yazdığı təlimatda gürcü və ermənilərin vəziyyəti və gücünü müəyyənləşdirməyi tapşırmışdı. 1724-cü il 10 noyabr tarixli reskriptdə isə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edir:
ERMƏNİ XALQI ADINA ALİ FƏRMAN (üslub orjinaldakı kimi saxlanılıb-A.M.)
“1724 ci il noyabr ayının 10-cu günü,onun imperator əla həzrətlərinin fərmanı ilə, xarici işlər dövlət Kolleqiyasından imperator Alihəzrətlərin iki fərmanı hər iki gücə malik olan erməni xalqına aşağı məzmunda, bu əla həzrətlərin dərkənarı ilə protokola yuxarıda qeyd olunan tarixə təsadüf edir.
Allahın mərhəməti ilə biz I Pyotr, imperator və ümumrusiya hökmdarı və ilaxır vicdanlı patriarx İsayaya və düzgün yüzbaşılara Avana və Mirzəyə,qeyrətli yüzbaşılara və müdirlərə bütün erməni xalqına bizim imperator rəhmimiz və təbriklərimiz.
Bizim bu mərhəmətli fərman ilə sizə elan edirəm ki, siz bizə keşiş Antonio və Kehya Çelebi ilə göndərdiyiniz xəbəri aldıq və onlar sizin şifahi niyyətləriniz haqqında bizə bildirdlər.Bizim imperator proteksiyasına qəbul olunmaq üçün göstəriş verdim ki, yeni aldığımız fars əyalətlərində rahat yaşamağınız üçün bütün Xəzər dənizi boyusizlərə torpaqlar versinlər, orada xristian dinində öz qanunuzla heç nədən çəkinmədən ibadət edə bilərsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim mudirlərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində – Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq üçün əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmət göstərsinlər. Sizi inandırmaq üçün bu imperator fərmanını göndəririk və hətta yuxarıda qeyd olunan adamları geri qaytardıq ki, onlar sizə bu fərmanı şifahidə izah etsinlər.
Kansler qraf Qolovkin, Andrey Osterman, Ober sekretar Yuryev Fyedor Protopopov.
Bu protokoldan fərmanlar ikitərəfli Aleksandriya kağız vərəqələrində, surəti erməni dilində tikilmişdir və imzasız ermənilərin əlinə verilmiş, böyük dövlət möhürü vurulmuşdur.
Qeyd: Bu fərman Aleksandriya kağızının bir vərəqində, poçt kağızı ilə bağlayaraq qızıl möhürlə böyük dövlət möhürüylə vurulmuşdur. İki fərman yazılmış və onlar keşiş Antoniona və Kehya Çelebiyə, digəri Semyon Popova və keşiş Pyotra verilmişdir.
İmperator ali həzrətləri bu məktubu imzalamağı lazım bilmədi. Eləcə kanslerdə qol çəkmədi və imzasız verildi”.
Bu baxımdan, akademik Ramiz Mehdiyev 1805-ci il mayın 14-də Rusiya ilə Kürəkçay müqaviləsini imzalamağa razılıq verən Qarabağ xanı İbrahim xanı qınayaraq yazır: “Yəqin, İbrahim xan ondan da xəbərsiz deyildi ki,1722-1723-cü illərdə I Pyotrun Xəzərsahili bölgələrə həyata keçirdiyi yürüşün başlıca hədəflərindən biri də Qarabağın ələ keçirilməsi idi. Həmin vaxt Səfəvi dövlətinin dağılmasından istifadə edən ermənilər, həmçinin onların təsiri altında olan Alban katolikosu Yesai Həsən Cəlal Rusiyanın hərbi dəstəyi ilə Azərbaycan torpaqlarında xristian dövlətinin yaradılması üçün dəridən-qabıqdan çıxırdılar. Onlar Rusiya hakimiyyəti ilə gizli danışıqlar aparır,məktublaşır və gələcək hücumun detallarını müzakirə edib,razılaşdırırdılar”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.31).
Sonradan hakimiyyəti ələ almış Nadir Şah 1735-ci ildə bir güllə belə atmadan ruslarla Gəncə muqaviləsini bağladı. Dərbəndin 200 km-dən üzü cənuba tərəf bütün torpaqlar Nadir Əfşarların ixtiyarına keçdi. Ramiz müəllim öz kitabında Nadir Şah Əfşara dövlətçiliyimizin bərpaçısı kimi çox böyük qiymət verərək yazır: “Daha sonra isə Azərbaycan xalqının böyük oğlu,Qərb tarixçilərinin “Şərqin Napoleonu”adlandırdıqları Nadir şah Əfşarın(1736-1747) tarix səhnəsinə çıxması xalqımızı və vətənizmizi rus-erməni-gürcü ittifaqının məkrli planının qurbanına çevrilməkdən hifz etdi”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.12).
Nadir Şah Osmanlı ilə Rusiya arasındakı ziddiyyətlərdən məharətlə istifadə edərək diplomatik manevrlərlə Gəncədən Osmanlı qarnizonunu qovur.1735-ci il İyunun 8-də baş verən döyüşdə Osmanlı döyüşçüləri məğlub oldu. Nadir bu qələbələrdən sonra döyüş istiqamətini Şirvan və Dağıstana yönəltdi. Noyabrın 21-də Nadirin qoşunları Dərbəndə yaxınlaşdı.
Nadir Dərbəndi azad etdikdən sonra 1736-cı ilin martında Muğana gəldi və Kür və Araz çayının qovuşduğu yerdə Cavad şəhərində (müəllifin böyüyüb-başa catdığı indiki Cavad kəndi – A.M.) özünü yeni Əfşarlar imperiyasının banisi elan edərək tacqoyma mərasimi və xalq qurultayı keçirdi.
1736-cı ilin sentyabrında Əfşarlar dövləti ilə Osmanlı dövləti arasında müqavilə imzalandı. Müqaviləyə görə, Cənubi Qafqazdakı torpaqlar Nadirə qaytarılırdı.
Çox maraqlıdır ki, Azərbaycanımızın böyük oğlu Ağa Məhəmməd Şah Qacarda illər sonra Muğanda və Kür-Araz çayının qovuşduğu yerdə Cavad şəhərində tacqoyma mərasimi və xalq qurultayı keçirir. Bu barədə akademik Ramiz Mehdiyev yazır: “Lakin mövzumuza birbaşa aidiyyəti olduğu üçün həmin ön sözdə əksini tapmış bir faktı Qacarları Azərbaycan tarixinə aid etməməkdə israr edənlərə yenidən xatırlatmağa ehtiyac duyuram.Qacarlardövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə Ağa Məhəmməd şah Qacar(1742-1797) ağır mübarizədən sonra 1796-cı ildə indiki İran ərazisindəki feodal hərc-mərcliyinə son qoyub taxta çıxdığı zaman tacqoyma mərasimini eyni ilə Nadir şah kimi Azərbaycanın Muğan bölgəsində həyata keçirmişdi. Nadirin qələbələrinə hörmət rəmzi kimi Ağa Məhəmməd şah onun tacını başına qoymaqdan imtina etmişdi. Çünki Nadirdən fərqli olaraq,Qacar İran və Azərbaycanı təmamilə birləşdirə bilməmiş,Nadirin hakim olduğu torpaqları isə öz iradəsinə tabe etdirməmişdi. Yəni o, özünü hələ ki,Nadirin tacını başına qoymağa layiq bir hökmdar kimi görmürdü. Bununla o, bir tərəfdən öz qüdrətli sələfinin böyüklüyünü etiraf və təsdiq edir,digər tərəfdən də gələcək hədəfinin Nadirin yaratdığı böyük imperiyanın parçalanmış torpaqlarını geri qaytarmaq kimi mühüm məqsədlərinin olduğuna işarə verirdi”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.54).
Ramiz müəllimin yuxarıdakı fikrindən qaynaqlanaraqbir məqamada xüsusi diqqət yetirmək lazımdır ki, tacqoyma mərasimiməhz Azərbaycan türklərinin məskunlaşdığı torpaqlarda, Muğanda (Cavad bəylərbərliyinin ərazisində) keçirilməsidir.Azərbaycanımızın dilbər güşələrindən olan tarixi Cavad bəylərbəyliyi,xüsusən, mülayim qışı,coğrafi şəraiti isə tarixən bütün imperiyaların diqqətini cəlb etmiş,nəticədə böyük hərbi yürüşlərin qışlağına və eyni zamandada qanlı döyüşlər meydanına çevrilmişdir.
9-cu əsrdə Ərəb Xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövlətlər meydana gəlir.Sacilər, Salarilər, Şəddadilər,Rəvvadilər, Kəsranilər kimi nisbətən iri dövlətlərlə yanaşı, Naxçıvan şahlıq və Muğan şahlıq kimi kiçik və zəif feodal dövlətləri də yaranır. Bu barədə məlumatlara 9-cu əsr ərəb mənbələrində- İbn Xorddat Behin “Ölkələr və yollar”əsərində rast gəlinir.
9-ci əsrin 60-cı illərində Ərəb mənşəli Şeybani qəbiləsinə mənsub olan Heysəm İbn Xalid özünü Şirvanın müstəqil hakimi elan etdi və mərkəzi hökumətlə əlaqəni kəsdi. 600 ildən artıq müstəqil mövcud olan Şirvanşahlar dövləti 16-cı əsrdə Səfəvilər dövlətlərinin tərkibinə daxil olur.16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi dövlətinin yaranması böyük sosial-iqtisadi irəliləyişə səbəb olur. Məhz həmin dövrdə siyasi – ictimai ürfaniyyət mərkəzi Cavad şəhəri seçilir.
Abdulla xan hicri 956-cı ildə (1549—1550) Cavad bəylərbəyi vəzifəsinə təyin olunmuş və 974-cü ildə (1566-1567) vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. Abdulla xan Ustaclının həyat yoldaşı Fatimə sultan öz doğmaca bibisi qızı, yəni Şah İsmayıl Xətainin qızı və I Təhmasibin bacısı idi.Fatimə sultanın bir tərəfdən ulu babası Ağqoyunlu hökmdarı Uzun Həsən, bir tərəfdən isə Səfəviyyə təriqətinin banisi Şeyx Səfiyəddinə bağlı idi. İki qədim Azərbaycan dövlətçiliyinin ana sütunları milli dövlətçiliyimizin özülü olan Ustaclılar tayfasının timsalında birləşirdi. Bu möhtəşəm ailənin 3 uşağı: Həmzəli xan,Şahəli Mirzə, Xan Məhəmməd adlı oğulları vardı. Abdulla xan Ustaclı öz böyük oğlu Həmzə xanı sonuncu Şirvanşahın nəvəsi Banugül ilə evləndirmişdi.I Şah Təhmasibin həm də bibisi oğlu olan Abdulla xan çox mahir diplomat idi. Abdulla xan səfəvi ordusunun silahlanması üçün çoxsaylı top və hərbi sursatın Avropadan gətirilməsini təşkil edirdi. Beləki, 1563-cü ilin oktyabr ayında ingilislər Tomas Olkok, Corc Renn və Riçard Çini Abdulla Xan Ustaclının dəvəti ilə Cavad şəhərinə gəldilər. Bu səfərlər bir neçə dəfə təşkil olunur və nəticədə 1568-ci ildə ingilislərlə ipək ixracı ilə bağlı əlverişli müqavilə imzalanır. Abdulla Xan Ustaclının qonağı olmuş Moskva kompaniyasının agenti A.Cenkinson Cavad şəhərini Kürlə Arazın birləşdiyi yerdə salınmış, bənzəri olmayan mirvari məkan adlandırır.
O,Abdulla Xan Ustaclının müxtəlif meyvə ağacları ilə dolu bağından və şərq memarlığının incisi saydığı Cavad malikanələrindən əhatəli yazır. Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о, hətta yeməklərin sayını hesablamağı qərara almışdı. A.Cenkinson yazır: «Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi, yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək verilmişdi. Onları süfrə ilə yığışdırdıqdan sonra yeni süfrələr salınıb meyvələrdən başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü verilmişdi».
Rus akademiki P.Q.Butkov tərəfindən verilən məlumat son dərəcə maraqlıdır. O yazır ki, Cavad torpaqları Kürün sahilində,Arazın Kürə töküldüyü yerin yaxınlığında yerləşir. Bu vilayətin bol taxılı,mal-qarası, çoxlu tut bağı və böyük ipəkçilik emalatxanaları var.
Səfəvi Şahı I Təhmasib Abdulla Xan Ustaclıya Əmir Əl-Üməra (Əmirlər əmiri) vəzifə titulunu verir.Əmir Əl-Üməra vəzifəsini daşıyan şəxs eyni zamanda səfəvi qoşununun hərbi baş komandanı sayılırdı. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. Hətta o dövrdə, yəni 1555-ci ildə Osmanlı Türkiyəsi ilə bağlanmış sülhün daimiliyinə inanmayan Şah I Təhmasib Rusiya ilə yaxınlaşmağa başlayır. Ümumiyyətlə, Ustaclı nəslinin nümayəndələri Səfəvi hökumdarlarının yaxın ətraflarında olmuş, müəyyən zamanlarda isə faktiki olaraq dövləti idarə etməkdə Səfəvi hökumdarlarına məsləhət və istiqamətlər vermişlər. Abdulla xan 1562-ci ildə rus çarı IV İvanın yanına elçi göndərmişdi.Abdulla xan Şirvanşahlar soyundan olan Qasım mirzəni məğlub etmişdi. Qasım mirzə qaçıb Tabasaranda gizlənmişdi.
Bütün bunlar onu göstərir ki,istər Nadir şah Əfşarın,istərsə də Ağa Məhəmməd şah Qacarın öz siyasi hakimiyyətinin bərqərar olması ilə bağlı Xalq Qurultayını məhz bu şəhərdə çağırmaları heç də təsadüfi deyilmiş.
Bu barədə Ramiz müəllimin xüsusi qeydidə var: “ Ağa Məhəmməd şahın tacqoyma mərasimini farsların yaşadığı hər hansı başqa böyük tarixi şəhərdə deyil,məhz Azərbaycan türklərinin yaşadıqları və Nadirin özünü şah elan etdiyi Muğan bölgəsində keçirməsi onun özünü hansı xalqın nümayəndəsi olaraq gördüyünün məncə ən inkaredilməz tarixi dəlillərindən biridir. Yəqin hər kəs mənimlə razılaşar ki, Ağa Məhəmməd şah Azərbaycanla, Azərbaycan türkləri ilə hər hansı mənəvi-tarixi bağlılıq hiss etməsə və özünü Nadir şah Əfşarın davamçısı,siyasi varisi olaraq görməsə idi,o, tacqoyma mərasimini eyni müvəffəqiyyətlə Şirazda,İsfahanda,yaxud Məşhəddə də təşkil edə bilərdi”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.56).
Tamamilə doğru yanaşmadır,Azərbaycan milli dövlətçiliyinin genoloji yaddaşının çulğalaşdığı bu məkanda, hakimiyyətə gəlmiş yeni liderlərin legitimliyinin tanınması baxımından bu şəhərdə xalq qurultayının keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu eyni zamanda da yeni liderlərin Azərbaycan dövlətçiliyinin Ağqoyunlu-Səfəvi-Şirvanşahlar siyasi elitasının varisləri tərəfindən həm də tanınması demək idi.
Lakin akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “Azərbaycan dövlətçiliyi Səfəvilər dövründən etibarən yaradılan,Nadir şahın hakimiyyəti illərində isə bir qədər möhkəmləndirilən mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının,xüsusən,Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan,Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarla feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı,böyük iqtisadi və mədəni tənəzzülə aprıb çıxarır. Ardı-arası kəsilməyən feodal müharibələrin məntiqi yekunu kimi azərbaycanlılar eyni xalqa mənsubluqlarını tədricən unudur,yenidən Səfəvilər əvvəl olduğu tək bir-birinə qənim kəsilən mənasız düşmənçilik aparan ayrı-ayrı bölgələrə, qrup və tayfalara parçalanmağa başlayırlar(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.9).
Bu mərkəzdənqaçma prosesləri həm də o dövrdə baş verirdi ki, dünyada artıq yeni müstəmləkəçilik dövrü başlamışdı. Yeni müstəmləkələr uğrunda gedən mübarizə beynəlxalq siyasətin əsas məsələsinə çevrilmişdi.Bütün bu hadisələr burnu ucundan kənarı görməyən şəxsi mənfəətpəristlikləri ilə Azərbaycan dövlətçiliyinı öz iddialarına qurban verən , tələm – tələsik özlərini müstəqil xan elan edənlərin dövründə baş verirdi.Unudurdular ki, nəhəng ölkə Hindistan – XVII əsrdə Böyük Moğollar adlanan müsəlman sultanları tərəfindən birləşdirilmişdi. XVIII əsrin əvvəlində bu birlik Azərbaycanda olduğu kimi parçalandı və tezliklə Böyük Moğollar imperiyası avropalı işğalçıların hədəfinə çevrildi. Avropa ölkələri arasında ticarət və müstəmləkə torpaqları uğrunda gedən mübarizə 1789-cu ilin sonlarına qədər beynəlxalq siyasətin əsas məsələsi olaraq qalırdı.Doğrudur, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “ Müəyyən məqamlarda Şəki xanı Hacı Çələbinin(1747-1755) və Quba hakimi Fətəli xanın (1758-1789) Azərbaycan xalqını birləşdirmək cəhdləri özünü göstərsə də, onların da həmin proseslərdə ardıcıl və qətiyyətli mövqe tutduqlarını birmənalı demək çətindir”(R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.13). Çox maraqlıdır ki, 18-ci əsrin ortalarında Abdulla xan Ustaclının varisi Cavad bəylərbəyi Mirhəsən xan Quba xanı Fətəli xanın Azərbaycan toprpaqlarının birləşdirilməsi siyasətində mühüm rol oynaymışdı,o öz silahlı dəstələri ilə Quba xanı Fətəli xanın hərbi siyasi tədbirlərində fəal iştirak edirdi. Belə ki, Mirhəsən xan Fətəli xanın Qarabağı və Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək cəhdi ilə əlaqədar olaraq 1784-cü ildə Qarabağ və Ərdəbil yürüşlərində iştirak etmişdi.
Lakin beynəlxalq situasiyanı analiz edə bilməyən,bu birləşməyə qarşı çıxan xanlarımız unudurdular ki, Fransa Rusiya ilə yaxınlaşmağa başlamışdı. O, Rusiyaya qarşı Osmanlı Türkiyəsini dəstəkləməkdən əl çəkdi və 1787-ci il ticarət müqaviləsi ilə Rusiyanın Qara dəniz sahillərindəki yeni limanlarında ticarətdən gələn bütün faydaya sahib oldu. Nəhayət, fransız tacirləri Osmanlı imperiyasından Qırmızı dənizə çıxış əldə etdi, Misirdə və Hindistana gedən yollarda öz əməliyyatlarını genişləndirdi. Bu minvalla Fransa Yaxın Şərqdə ticarət sahəsində hegemonluğunu qoruyub saxlamağa müvəffəq olsa da, İngiltərə inadla bu vəziyyəti sarsıtmaqdadavam edirdi.
Həmin dövrdə dünya siyasətində başlıca rolu iki ən güclü qüvvə – ingilis və rus diplomatiyası oynayırdı. Rusiya Osmanlı ilə 1735-1739-cu illər müharibəsində qalib gələrək Belqrad 1768-1774-cü illər müharibəsində isə Kiçik Qaynarca sülh müqaviləsi bağlayaraq Qara dəniz sahillərində və Şimali Qafqazda mövqelərini möhkəmləndirdi.
Əslində II Yekaterina I Pyotrun siyasətini davam etdirirdi. İmperatriçənin fikrinə görə hələ çox işlər gorülməli idi ki, beynəlxalq məsələlərdə Rusiyanın təsiri rəddedilməz olsun. İmpereatiriça yazırdı: “Xəzərlə Qara dənizi, o ikisini də Şimal dənizlərilə birləşdirib, Çinlə Şərqi Hindistanın ticarəti Türkistandan istiqamətləndirilməlidir. Bunun mənası, imperiyanı əzəmətdə Asiya və Avropa imperiyaları arasından bir pillə də yuxarı yüksəltmək olardı”(O. Eliseyeva, II Yekaterina. Moskva Astrel .2008.)
Ona görədə Yekaterinanın hakimiyyətinin əsas hissəsi türk probleminin həllinə və “yunan layihəsi” adlandırılan məsələnin həyata keçirilməsinə yönəldilmişdi. Burada söhbət artıq Osmanlı imperiyasının torpaqları hesabına ərazi genişləndirmələrindən getmirdi, ümumiyyətlə türklərin tamamilə Avropadan qovulması və imperator Konstantin Pavloviçin nəvəsini taxt-taca çıxarmaqla, Yunan imperiyasının bərpasına hesablanmışdı.
Gürcüstan 1768-1774-cü illər rus-osmanlı müharibəsi zamanı Rusiyanın fəal müttəfiqi kimi çıxış edirdi. Elə bu dövrdə II İrakli II Yekaterinaya protektorluq haqqında müraciət etsə də təklif cavabsız qalmışdı. Müharibədən sonra vəziyyət dəyişdi. Şərqə doğru irəliləyən Rusiya Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiya orientasiyası getdikcə güclənməyə başladı. Rusiya Gürcüstanla danışıqları davam etdirməyə başladı. Qr. Potyomkin (1739-1791) protektoratlığın şərtləri barədə danışıqlar üçün İraklinin yanına emissarlar göndərdi. II İrakli də 1782-ci ilin dekabrında Peterburqa elçilik yola saldı. Müqavilənin şərtləri haqqında danışıqlar bitdikdən sonra 1783-cü il iyulun 24-də Georgievsk qalasında (1777-ci ildə salınmışdı) imzalandı. Burada Rusiyanı general P.S.Potyomkin, II İraklini isə İ.K.Muxran-Batoni və G.R.Çarçavadze təmsil edirdi. Müqavilə 13 əsas, 4 separat artikul, II İraklinin Rusiya təbəəliyinə keçərkən qəbul etməli olduğu andın mətni və gürcü çarlarının taxta çıxmaq qaydasını müəyyən edən xüsusi maddədən ibarət idi. II İrakli müqaviləni 1784-cü il yanvarın 24-də ratifikasiya etdi. I Pavel və I Aleksandrın manifestləri ilə isə Şərqi Gürcüstan(1639-cu il Səfəvi-Osmanlı arasında bağlanmış Qəsri-Şirin müqaviləsinə görə Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan-Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçmişdi, Nadir şahın ölümündən sonra (1747) Azərbaycan xanlıqları kimi gürcü çarlıqları özlərin müstəqil elan etmişdilər) Rusiyaya birləşdirildi.
Fransada inqilab başlayanda Rusiya və Avstriyanın 1788-ci ildə Osmanlı imperiyasına qarşı başladıqları müharibənin qızğın çağı idi. Avstriya ordusu darmadağın edilmişdi,lakin rus qoşunları uzun sürən mühasirədən sonra Oçakovu ələ keçirərək, böyük qələbə qazandılar. Ancaq mübarəzə hələ yekunlaşmamışdı. Rusiya həmin vaxt şimalda İsveçlədə müharibə aparırdı. İngiltərə və Prussiya həm Osmanlı imperiyasına, həm də İsveçə hərtərəfli diplomatik dəstək göstərirdilər. Buna baxmayaraq, Fransa inqilabı çox tezliklə bütün beynəlxalq siyasətə öz həlledici təsirini göstərdi. İnqilab ölkələrə öz diqqətlərini uzun müddətə Şərqdən ayırıb, Avropaya yönəltməyə vadar etdi. Köhnə Avropanın tarazlığı artıq pozulmuşdu. Fransız inqilabı beynəlxalq münasibətlərin inkişafında yeni dövr açmışdı. Məhz bu dövrdə Azərbaycan xalqının qeyrətli oğlu Ağa Məhəmməd şah Qacar dağıdılmış,parçalanmış,yerli feodallar tərəfindən istismar olunan Azərbaycan torpaqlarının birləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. Yuxarıda qeyd etdiyim kimi bu birləşmənin həyata keçirilməsi üçün münbit beynəlxalq mühit də yaranmışdı. Hiss olunur ki,Ağa Məhəmməd şah Qacar çox dərin təhlil qabiliyyətinə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün qərar çıxartmaq zəkasına malik idi. Bu keyfiyyət təəssüf ki, o dövrki Azərbaycan xanlarının bir çoxunda yox idi.Ağa Məhəmməd şah Qacar Azərbaycan xalqının yaddaşında strateji düşüncəyə malik əsil dövlət adamı kimi qalmalıdır. Əfsuslar olsun ki, belə bir dövlət xadimini,dövlətçilik düşüncəsinin daşıyıcısını bizlərə düşmən obrazında təqdim edirlər. Uzun illər arxivlərdə tədqiqat aparan yazıçı kimi mən belə hallarla çox rastlaşmışam. Bir çox hallarda Azərbaycan xalqının böyük oğullarını bizlərə aciz, qatil, öz xalqına yad bir ünsür kimi təqdim edirdilər. Bu məqamda akademik Ramiz Mehdiyevin ürək ağrısı ilə qeyd etiyi aşağıdakı fikri tam doğrudur:“Lakin tarixi mövzuda yazan ədib və ssenaristlərimiz həqiqət və obyektivlik prinsiplərini öz hiss-həyəcanlarından, təəssübkeşlik və nifrət duyğularından daha öndə tutmağı da bacarmalıdırlar.2008-ci ildə Azərbaycanın Xalq yazıçısı Elçinin ssenari müəllifi olduğu “Hökmdarın taleyi”filmi ekranlara çıxdı. Filmin ssenarisi İlyas Əfəndiyevin yuxarıda adını çəkdiyimiz “Hökmdar və qızı” faciəsi əsasında qələmə alınmışdır. Həm rejissor işi, həm aktyor oyunu baxımından yüksək ekran həllinə malik filmin sonunda əksini tapan hadisələrin tarixi reallıqlarla,faktlarla səsləşməməsi müəyyən qədər təəssüf doğurur.Zənnimcə,belə filmlərin ssenarisi qələmə alınarkən tarixi həqiqətlər heç bir halda yazıçının şəxsi təxəyyülünə qurban verilməməli,onun xeyrinə təhrif olunmamalıdır. Gələcək nəsillər onu real ağrı-acısı,qüsurlu və şərəfli səhifələri ilə birlikdə təhvil almalı,dərk etməli və nəticə çıxarmalıdırlar” (R.Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”,Bakı, “Şərq-Qərb”, 2019 səh.29-30). Bu baxımdan, Ramiz müəllimin bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan bir çox tarixi hadisələr, həmçinin nə qədər də acı olsada obyektiv yanaşma ilə təhlil olunur. Ona görə də mən akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabnı Azərbaycan milli dövlətçiliyinin çöküşünün səbəblərinin obyektiv təhlili, ölkə içi ve ölkə xarici təsirləri dolğun təsvir etməsi və ümumiyyətlə o dövrdə baş verən hadisələrin mənzərəsini sənədlərlə göstərməsi baxımından çox mühüm əhəmiyyətə malik və strateji məqsədlərimizə xidmət edən tədqiqat əsəri sayıram. Tam əminliklə bildirmək istəyirəm ki, bu kitab hər bir ziyalımızın nəticə çıxarmağı üçün stolüstü kitabı olmalı və milli ideloji nəzəriyyəmizin yararlanacağı əsas mənbələrdən biri kimi qəbul edilməlidir !