Son günlər “rentgen qız” adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir:
“Mənim sanki iki cür görmə qabiliyyətim var. Bir insanın sağlıq durumunu öyrənmək istəyirəmsə, həmin an nəzərimi ona yönləndirəm. Prosesin özü mənim üçün heç də çətin deyil, bu haqda düşünməyim kifayət edir. Vücudun daxildən hansı templə çalışdığını görür, zədəli orqanları müəyyən edirəm. İzah etməkdə çətinlik çəkirəm. Buna inanmaq bir az çətindir. Rentgen “gözüm” günün işıqlı saatlarında qüsursuz işləsə də, qaranlıqda kor olur. Maraqlısı odur ki, öz orqanizmimi daxildən heç vaxt görməmişəm”.
Publika.az xəbər verir ki, 2004-cü ildə dünya şöhrətli “Discovery Channel” Natalyanın qabiliyyətini yoxlamaq üçün onunla bir təcrübə aparıb. Lakin bu təcrübə uğursuzluqla nəticələnib. KİV-lər isə fenomen Nataşanın tibbi avadanlıqlardan və mütəxəssislərdən daha dəqiq diaqnoz qoyduğunu iddia edirlər.
“Rentgen qız”ın tarixçəsi
Nataşanın valideynləri iddia edirlər ki, bu bacarıq onda hələ 10 yaşında özünü göstərməyə başlayıb. Qeyri-adi qabiliyyəti sayəsində öz əhatəsində böyük maraqla qarşılanan yeniyetmə qız, vaxt keçdikcə ölkə mediasının diqqətini çəkir. Az keçmir ki, Naraşanı Britaniyaya şou proqramlara dəvət etməyə başlayırlar. Verilişlərin birində Natalya avtomobil qəzasında ciddi xəsərət alan bir jurnalistin sümüklərindəki bütün qırıq və çıxıqları dəqiqiliklə qeyd edir.
Beləcə, “rentgen qız” ABŞ mütəxəssislərinin diqqətini cəlb edir və o Nyu-Yorka dəvət alır.
Burada onu elmi institutların məşhur professorları, mütəxəssisləri qarşılayırlar.
Nataşanın qarşısına 7 şəxs gətirilir. Bu insanlar, kor bağırsaq, mədə, ürək əməliyyatı keçirənlər, eləcə də kəllə, onurğa sümükləri bərpa olunan xəstələr idilər. Lakin bu şəxslərin yalnız birinın sağlığında heç bir problem yox idi. Nataşanın anasının iddialarına baxmayaraq, qızı 7 nəfərdən sadəcə 4-nə doğru diaqnoz qoya bilir. Qəribəsi o idi ki, “rentgen qız” kəllə sümüyündə metal disk olan xəstənin bu qüsurunu görmürdü. Həmçinin təcrübə zamanı Nataşanın tərcüməçisi qismində iştirak edən rəfiqəsinin ona gizli sms göndərib, xəstələrin əsas problemləri barədə məlumat ötürdüyü də iddia edilirdi. Lakin hakimlər bütün prosesin yalandan ibarət olmadığını və Nataliyanın qeyri-adi bacarığa malik olduğunu vurğulayaraq, onu dəyərləndirməyi üstün tutdular.
“Rentgen qız” isə ona qarşı bu münasibətdən narahat olaraq: ”Mən heç vaxt eyni anda 7 xəstəni birdən qəbul etməmişəm. Fikir dağınıqlığım normal hal idi. Həmçinin o məkanda hökm sürən aura da diqqətimi cəmləməyimə mane oldu.
Lakin bu uğursuzluq onun taleyini həll etmir və Nataşa bacarığı ilə milyonları özünə heyran qoymağa nail olur. O, dəfələrlə yanlış diaqnoz qoyulan xəstələrin həyatını xilas edib. Bu gün Natalya Dyomkina rus xalqının qüruru sayılır. O, ekstrasenslərin beynəlxalq yarışlarından mükafatlarla ölkəsinə dönür. İnsanlar etiraf edirlər ki, “dahi qız” “ikinci gözlərini” açanda sanki başqa dünyaya köklənir, göz bəbəkləri hədəqəsindən çıxacaqmış kimi fikrə dalır və bir müddət sonra problemli orqanın adını çəkir.
Natalyanın valideynləri övladları ilə qürur duyduqlarını və onu hər zaman dəstəklədiklərini vurğulayırlar.