(Şair Faiq Balabəylinin “Yağışdan sonra” şeirlər kitabı haqqında təəssuratlar…)
Gözlərindən boylanan
O qəm mənə tanışdı.
Vallah qaca bilməzdim
Dərd məni tanımışdı…
( F.Balabəyli)
Səmada görünən rəngli qövsi xətlər… “Yağışdan sonra” sanki müjdə sevinci ilə gülümsəyirdi… “Yağışdan sonra” günəş şəfəqlərinin isti hərarəti yağmur zamanı səmadan dilək olan arzuların çin olması idi sanki… Eynən “Yağışdan sonra” kitabının müəllifi şair Faiq Balabəylinin ömür yolu, yaradıcılıq uğurları kimi…
Şair Faiq Balabəylinin yaradıcılığının “Eh, ayrılıq nə yamansan”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan –bayıra” nümünələrindən sonra yeddinci “pöhrə budağı” olan “Yağışdan sonra” şeirlər kitabını vərəqləyərkən, bir oxucu kimi fikrimi bildirmək istədim. Hər bir yazar, qələm əhli üçün yazdıqları haqqında oxucu rəyi ehtiyac duya bildiyi bilgidir məncə… Eyni zamanda misraların oxucu ürəyində saldığı lövbər də “biz varıq, sədasını siz verin!” – deməkdədir…
İlk öncə onu qeyd edim ki, Faiq müəllimə hədiyyə kitabı üçün çox təşəkkür edirəm. Və bir haşiyəyə çıxaraq demək istərdim ki, yaxın günlərdə bir tədbirə gedərkən kitabı da özümlə aparmışdım ki, vaxt olduqca yenidən oxuyam. Kitabı oxuyarkən, arxa sıradan bir xanımın onu məndən istəməsi diqqətimi çəkdi. Sizlərlə paylaşmaqda məqsədim odur ki, kitab əlimdə ikən arxadan seirləri izləyən xanımın, “yaxşı şeirlərdir”- deyə fikrini bildirməsi mənə, “indi kitab oxunmur” düşüncəsinin bir daha yanlış olmasını deməyə kömək etdi…
Bəli, kitablar oxunur, oxunduqca da da özündən sonra müəyyən təəssüratlar yaradır.
Ömrün ötən və bitən hər anını bütün varlığıyla duyan insan ruhu daima axtarışdadır, nigarandır, ona qurtuluş verə biləcək səs sorağındadır. Bu səs – ədəbiyyatdır. Ədəbiyyat insan ruhunun açarıdır. Onun nə qədər uzunmüddətli və gərəkli olması isə, mən deyərdim ki, ilk öncə, həyatın reallığının şair qələmində nə qədər səmimiyyət, sevgi mehri ilə qidalanmasından, qaynaqlanmasından, boy atıb günəşə baxmasından asılıdır. Oxucu bu mehri duya bilirsə, misralarda özünü tapa bilirsə, bir o qədər uzun ömürlü olur sətirlər… hopur yaddaşara, dərinləşir düşüncələrdə… bəzən də damla olur, süzülür “dünya pəncərənin” bulaq daşından…
Kitabı izlədikcə, nəzərlərim insan duyğularını fərqli istiqamətlərdə – “ocaq, yurd hərarəti”, “ailə, övlad istəyi”, “dünya yükü, ömür incisi” axarında ğörür, düşüncələri söz sarayında kərpic-kərpic hörür, təhlil edir, izləyirəm. Kövrək nizamın sərin mehində dolanır insan həyatının mənzərələri. Bir insan ömrü nə qədər fərqli lövhələrdə mətinləşir, püxtələşir, bəzən uşaq kövrəkliyi, bəzən qaya səbri deyir öz-özünə…
“Anamın” şerindən kövrək notlar könlümü titrədir, sadəcə ah, – deyə oxlanır bağrımın başı…
Gedin xəbər verin qoy dərd çəkməsin,
Fikrini edirəm yaman anamın.
Dayanıb bir küncə gözün dikməsin
Tutmasın gözünü duman anamın…
Məni dağ bilirdi, ”dağ” çəkdim ona.
Sinəsi od tutar, ürəyi yanar.
Qorxuram, nazilər, üzülər, sınar,
Dilindən düşməyim, aman, anamın.
Əlləri qoynunda dolanar, gəzər,
Şikəst taleyindən eləyər həzər.
Murov muma dönər, quruyar Xəzər,
Ahından dayanar zaman anamın…
Ana sevgisindən, müqəddəsliyindən Vətən harayına, yurd istəyinə boylanırıq: nə qədər səmimidir şair qələminin etirafı, ürəyin sevgisinin tüğyanı…
Sovrulan günləri yel alıb gedir,
Dodağı çatlayır qara torpağın.
Quşlar gizlənməyə yaxşı yer tapıb;
Qaraağacların qara yarpağın…
Göy üzü paxıl bir qonşuya dönüb,
Bir ovuc suyu da qıymır torpağa.
Nə olar buludlar çırpsa özünü
Bu dağa, dərəyə, ota, yarpağa…
“O el bizim elimizdir!” şerində isə ümumxalq sevgisini acıqlayıb yurdum üçün:
Bir el görsən
Dağlarının başı qarlı,
Yamacında gül-çiçəyi,
Qızlarının tər yanağı – gül ləçəyi;
Bir el görsən
Oğulları
Çatmaqaşlı, lay kürəkli,
Layla deyən anaları ər ürəkli-
O el-bizim elimizdir!
Və yaxud “Vətənə ağı” şerində:
“…Elə istəyirəm ki,
Sənin üçün ölümə gedəm;
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq!… – deyir…
“Vur da, komandir, vur!” Şerində isə yurd harayına yetməyin səbirsizcəsinə gözləntisini duyuruq, milyonların intizarının təcəssümü kimi…
Nə müddətdir sapsarıdır yaşılım,
Tez əmr ver düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım.
Vur da, komandir, vur!
Tətik çəkən barmağını öpüm gəl,
Tuti bilim, gözlərimə təpim gəl.
Ocağım ol, səcdəgahım, pirim, gəl.
Vur da, komandir, vur!
Ailə cəmiyyətin dayağı, insan tərbiyəsində ilkin təməl daşıdır. Ailə sevgisi də şairin yaradıcılığında yüksək mühafizəkar planda təsvir edilir. Şairin yaradıcılığında “İnsanlara inanma, oğul”, “Oğlumla görüş”, “Qızıma”, “Oğlum Turala məktub”, “Qızım!”, “Ağlama, anam gəlini!”, “Anama məktub”, “Axşamkı yağışdan sonra…”, “Qardaşıma”, “Ay oğul” , “Atıb gedə bilmirəm”, “Dünyada”, “İstəyirəm bir oğlum olsun” , “Sevindi”, “Əsgər oğluma məktub”, “Nəvəm Dəniz üçün”, “Əsgər oğlumla görüş”, “Necə oldu ki…” və s. şeirləri bu qəbildəndir.
Bəs necə oldu ki, qoya bilmədin,
Sən, daşı gətirib daş üstə, oğul!
Sənin düzdüklərin düşməsin deyə,
Götürüb qoyaram baş üstə, oğul.
Həyatın şirin dadı, qismətin sevgi payı nəvələr…“Nəvəm Dəniz üçün” qələmə aldığı şerindən….
Dünyanın suları, okeanları,
Sənin gülüşünlə gözmdən düşüb.
Sel olub sellənib mavi Xəzərim,
Ləpələr sevinib, sular gülüşüb…
Dəniztək ömrün də uzun olacaq,
Bilirəm, ay ömrm, ay günüm mənim!
Qatıb qabağına aparıb sular,
Arxada qalıbdı pis gnüm mənim!
İnsan şəxiyyətinin özünə yanaşma tərzinin təhlilidir, “Sən axı bilmədin…”- şerindən izlədiyimiz duyğular…
Sən axı bilmədin tənhalıq nədir…
Yaşadın səhrada su tapan kimi,
Sevincin bürüdü bütün aləmi.
İtirib özünü xəlvətdə bir gün
Qarşına çıxmadın özün özünün…
Sən axı bilmədin tənhalıq nədir…
Dözüb küləklərə ağ yelkən kimi
Sinənə çəkmədin acı rüzigar.
Sıxıb bir-birinə dodaqlarını
Adını demədin özün özünün…
Sən axı bilmədin tənhalıq nədir…
Yanında dostların tapılmadı heç.
Sənə ünvanlanan sevinc payları
Əldən-ələ düşüb qapılmadı heç.
Payını yemədin özün özünün…
“Bu ömür deyəsən yaman tələsdi” şerində isə tamamlanmamış istəklərin həyacanı buxovlayır insanı…
Məni çağırdılar, yoxsa dayandım,
Məni oyatdılar, yoxsa oyandım,
Üz tutub keçdiyim yollara baxdım-
Yollar duman idi, yollar çən idi,
Səksəkə içində bir az duruxdum
O yola, yolağa qayıtmaq çətin,
O yola, yolağa dönmək əbəsdi,
Bu ömür deyəsən yaman tələsdi.
…Yaranan gedəcək deyib babalar,
Qorxaraq ölümdən ağlamamışam.
Məni qınamasın ellər, obalar-
Qolumu boynuna dolamamışam…
Bu yandan bir ölüm havası əsdi,
Bu ömür deyəsən yaman tələsdi…
Şair Faiq Balabəylinin “Yağışdan sonra” kitabından seçib sizlərlə bölüşmək istədiyim saysız misralar vardır ki, onu sözə dəyər verən oxucularımız yəqin ki, kitabdan oxumağa daha çox üstünlük verəcəklər,- deyə düşünərək, fikrimi burdaca tamamlamaq istəyirəm.
Hörmətli şairimizə təlatümlü dəniz yollarından, qorxmadan ömür sızanaqlarından keçən həyat yolunda bundan sonra ailəsi, doğmaları ilə birlikdə can sağlığı, yaradıcılıq sevincləri, xoş günlər diləyir , yenə “Yağışdan sonra” kitabına qayıdaraq “Mənəm!” şerindən bir bəndlə fikrimi tamamlayıram.
Bir qərib ney al, çalana…
Bel bağlama əl çalana.
Bilə-bilə alçalana
Gülən gülüb, qalan mənəm…
Bədirə Rza Həsənqızı
Neftçala. 15 may 2019