“Çiçəyi ləçəyindən,Arılar sancır yaman…”, Uşaq şeirləri- Allahşükür Ağa

Müstəqil.az Allahşükür Ağanın uşaqlar haqqında yazdığı şeirləri təqdim edir:

Çay düşüb

Çox qəribə uşaqdı
Bizim dəcəl Mirbəşir.
Harda sarı görürsə,
Deyir göydən ay düşüb.

Axşam yağış yağanda,
Yaman təşvişə düşüb.
Həyətdə sel axırmış
Deyir göydən çay düşüb.

Sahilin arzusu

Sahilin ağlamağı,
Yenə tutub səhərdən
O quşları çağırır,
Quşlar uçurlar gendən.

Ağacdakı almaya,
Düş yanıma gəl deyir.
Alma gəlmir yanına,
Sahil də kiriməyir.

O buludu çağırır,
Bulud dönür yağışa.
Suya dönən buludu
Sahil heç düşmür başa.

 

Sahilin adı

Sahil adını yazıb,
Bir vərəqdə gəzdirir.
Gah gizlədir cibində,
Gah səbətdə gəzdirir.

Bilmir harda saxlasın
Ad yazdığı kağızı.
Hey Sahillə açılır,
Nənəsinin ağızı.

Nənə deyir, adını
Çox gəzdirmə əlində.
Bax, sənin adın bitib,
Nənənin öz dilində.

Çeçələ barmaq

Arzu lap çox istəyir
Çeçələ barmağını.
Gecələr üstə salır,
Balaca yorğanını.

Deyir hələ körpədi,
Sinəsində gəzdirir
Alıb süd şüşəsini,
Ona süd əmizdirir.

Qoy barmağım böyüsün,
Olmasın qanı qara.
Tez bir zamanda çatsın,
O biri barmaqlara.

Arılar

Mən çiçəkdən qorxuram
Üstündə arı olur.
Çiçəklər ağ olsa da,
Arılar sarı olur

Çiçəkləri görəndə
Arılar acır yaman.
Çiçəyi ləçəyindən,
Arılar sancır yaman.

Anası dedi, qızım
Unut bu dərdi –səri.
Mən səni istəyirəm,
Arılar çiçəkləri.

Ağ çiçəklər

Sahil durub gördü ki,
Ağaclar ağappaqdı.
Inanmadı gözünə
Dayanıb baxdı, baxdı.

Oyatdı uşaqları
Quşlar qaçdı səsindən.
Baxçalara, bağlara,
Qış gəlibdi təzədən.

Sahilin hay – küyünə,
Gəldi qardaş- bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.

Dəli külək

Yatmır balaca Çiçək,
Deyir nə deyir külək,
Qapımızı döyərək,
Külək kimi istəyir?

Anası dedi ona,
Yatmayan uşaqları
Istəyir dəli külək.
Baxçaları, bağları
Titrədir dəli külək.

-Anacan qov küləyi,
Gedib uzaqda qalsın.
-Sən yat ki, mənim balam,
Külək də gedib yatsın.

Share: