Poeziya romantik düyğuların təcəssümüdür. Mənəviyyata təsir edir, insanı düşündürür, səsə çevriləndə isə ruha sığal çəkir, könül oxşayır. Əslində şair doğulmaq xoşbəxtlikdir. Qısa müddətdə tanınırsan, sevənlərin artır. Bəlkə də ona görədir ki, min illər boyu şair olduğunu sübut etməyə çalışanlar da az olmayıb. Hətta yaşadıqları mühitdə şair kimi qəbul olunanları da çox olub.
Doğrudur, əlahəzrət Zaman onların varlığını çoxdan unutdurub, amma seçib bu günümüzə təqdim etdikləri də az deyil. Bəli, xoşbəxt o şairdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Kim bilir, bəlkə də haqqında söhbət açmaq istədiyim Saday Şəkərlinin də yaradıcılığı nəsildən-nəslə ötürülərək onu əbədiyaşar edəcək, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu insan sözün əsl mənasında şairdir, gözəl poeziya nümunələri yarada bilib. Onunla tanış deyilik, heç vaxt üz-üzə gəlməmişik. Sadəcə şeirlərindən, bir də haqqında yazılanlardan tanıyıram:
Saday Əsəd oğlu Şəkərov 1959-cu ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya gəlib. Səkkizillik məktəbi doğma yurdda bitirdikdən sonra Bakıdakı 18 nömrəli texniki-peşə məktəbində oxuyub. 1976-1980-ci illərdə Bakı sənaye-pedaqoji texnikumunun tələbəsi olub. 1980-1985-ci illərdə Rusiyanın Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda ali təhsilə yiyələnib. 1985-ci ildə “Məhəbbət ağacı” adlı ilk şeirlər toplusu Saratov şəhərində rus dilində işıq üzü görüb. O vaxtdan indiyədək iyirmiyə yaxın kitabı oxucuların ixtiyarına verilib…
Deyib ki:
-“Ay günümü göy əsgiyə,
bükən dünya, düyən dünya.
Qapımı dərd əlləriynən,
gecə-gündüz döyən dünya.
Kim heyrandı cürətimə,
bu quldurun qarəti nə?
Naxış vurub surətimə,
hey içimdən yeyən dünya.
Vədlər ağız sulandırıb,
pir başına dolandırıb.
Dirisini bulandırıb,
ölüsünü yuyan dünya.
Səbr et dedin, kərəm qıldım,
közdüm, kül olub qaraldım.
Hamı kam aldı, mən qaldım,
yiyən ölsün, yiyən, dünya.”
Dünya haqqında çox şeirlər yazılıb. Bəlkə də bu mövzunun yaşı poeziyanın yaşı qədərdir. Onu fərqli biçimdə təqdim etmək özü də bir ustalıqdır.
Bəli, Saday Şəkərli sözdən möcüzə yarada bilir. Onun qələmə aldığı şeirlərin hər biri mükəmməldir. Bunu da o deyib:
“Görün mən nə boyadayam,
nə dərdlər tutur qabım.
Cavabsızdı sualım,
sualsızdı cavabım.
Daşaram, görən olmaz,
coşaram, təbim dəniz.
Hər ləpə bir misramdı,
hər bir mətləbim dəniz.
Bircə şeirdi ruhum,-
canım bircə şeirdi.
Hər damara uyğundur,
qanım bircə şeirdi.
Bütövəm, vətən kimi,
sözüm parça-parçadı.
Dərbənd köhnə kilimdi,
Təbriz qədim xalçadı.
Gün batdı, səf pozuldu,
kəlmə-kəlmə dağıldım.
Qatar-qatar söküldüm,
ilmə-ilmə dağıldım.
Görün mən nə boydayam,
baxanda göz qamaşır.
Bir-bir düşür papaqlar,
fikirlər başdan daşır.
Dərdlərim tünd sirkədi,
çat verir hər gün qabım.
Keflənir hər gün məndə,
bir bəxtəvər əzabım”…
Yaradıcılıq əhval-ruhiyyəylə çox bağlıdır. Hər bir şeir yazılmamışdan öncə ağrı-acıdan, sevincdən, həsrətdən və ya sevgi yanğısından doğulur. Saday Şəkərlinin sevgi şeirlərinə də söz ola bilməz. Deyir ki:
“Gün batdı…
Ömür keçdi…
Gəlib çıxmadı qatar…
Tor basdı gözlərimi, ya dumanlar qatıydı?
Gün batdı…
Ömür keçdi…
Bir batan bir də batar,
Tezdən günün çıxması tanrı mükafatıydı.
Gün çıxdı…
Ömür keçdi…
Axıb, seyrəldi duman,
Damdı həsrətli gözdən göz yaşı xəzəl kimi,
Gün çıxdı…
Ömür keçdi…
Gəlmir könlümə daman,
Gecikir sevdiyim qız, gecikir əcəl kimi.”
Saday Şəkərlinin yaradıcılığı barədə çox deyilib. Yəqin ki, mütəxəsislər bundan sonra da düşündüklərini ifadə edəcəklər. Mən isə uzaqda yaşayan qərib bir oxucusu kimi, onu anladığım tərzdə, sizə təqdim etməyə çalışdım. Söhbətimi onun öz sözləri ilə bitirmək istəyirəm:
“Getdin…
Bir də gələrmiydin,
bir də deyib-gülərmiydin,
nədir sevda bilərmiydin,
bəs nədir məhəbbət, şair?
Yer oxşayıb, göy tutdumu,
bəs dəryalar boy tutdumu?
Sənə də bir toy tutdumu,
bu boyda səltənət, şair?
Sərsəm dünya, veyil dünya,
kürkünü tərs geyir dünya.
Duracaq yer deyil dünya,
bəli şair, əvət şair.
Yol uzaqdır…
Gözünü yum.
Həyat səhra, səhralar qum.
Nə yerdən bir sədaqət um,
nə göydən mərhəmət, şair!”
Elman Eldaroğlu,
ABŞ, Miçiqan