Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov dörd nəfərin, o cümlədən, iki Azərbaycan vətəndaşının qətlində şübhəli bilinir.
Müstəqil.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalında məlumat yayılıb.
Yazılanlara görə, dörd qətldən ikisi 2000-ci illərin əvvəllərində törədilib.
“Həmin vaxt Dərbənddə naməlum şəxslər iki Azərbaycan vətəndaşını oğurlayaraq, qətlə yetiriblər. Cinayət işində M.Cəlilovun doğma qardaşının adı hallanırdı. Ancaq məsələni ört-basdır etdilər, belə şeylər olur. Hazırda isə müstəntiqlər, iki nəfərin qətlində bilavasitə hazırkı Dərbənd rayon icra başçısının əlinin olduğunu iddia edir”, – deyə “Baza” yazır.
Üçüncü qurban biznesmen Arsenali Daudov olub. Onu maşında olarkən partladıblar. Daudov Azərbaycandan Dağıstana və qonşu bölgələrə tərəvəz aparırdı. Onun maraqları M.Cəlilovun maraqları ilə kəsişmişdi.
Dördüncü qətl 2015-ci ildə Dərbənddə qeydə alınıb. Həmin vaxt cinayətkarlar Dərbənd rayon xəstəxanasının baş həkimi Nesür Osmanovu güllələmişdi. İstintaq versiyasına görə, N.Osmanov M.Cəlilova 12 milyon rubl borc verib. Borcun ödəniş tarixi gəlib çatsa da, heç kim ödəmək fikrində olmayıb, nəticədə borc verəni öldürüblər.
Qeyd edək ki, M.Cəlilov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən fevralın 9-da saxlanılıb. Saxlanılmaya əsas, onun torpaq sahələrinin satışı ilə iri məbləğli maxinasiyalarda şübhəli bilinməsi olub.
Söhbət Rusiyanın Dövlət Reyestr Agentliyi və “Rosprirodnadzor”un Dağıstan üzrə idarələrinin işində aşkarlanan pozuntulardan gedir. Baş Prokurorluğun “Dövlət Reyestr Agentliyinin” məlumat bazasında aşkarladığı pozuntuya əsasən, sistemə “bələdiyyə mülkiyyətini özgəninkiləşdirən” vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin legitimləşdirilməsi ilə bağlı məlumatlar daxil edilib.
Dəymiş ziyanın həcmi 143 milyon rublu ötür. Bundan başqa, prokurorluq tullantılarla iş üzrə sxemlərin təsdiqində bir sıra pozuntuların olmasına diqqət yetirib. Məlum olub ki, bununla əlaqədar bölgədə qanunsuz zibilliklərin sayı 400-dən çoxdur, Xəzər dənizinə isə hər il 100 milyon kub metr kanalizasiya tullantıları axıdılır.
M.Cəlilovla birlikdə onun doğma qardaşı – yerli meşəbəyilik idarəsinin başçısı Zulfitdin Cəlilov da saxlanılıb. M.Cəlilov barəsində martın 4-də ev dustaqlığı qətimkan tədbiri seçilib, aprelin 11-də isə Moskvanın Basmannı məhkəməsi onun barəsində həbs qərarı verib. Mayın 20-də Moskva şəhər məhkəməsi M.Cəlilovun sərbəst buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.
M.Cəlilov 2015-ci ilin noyabr ayından bəri Dərbənd rayon icra başçısı vəzifəsini tutub. İstintaqın gedişində tutduğu vəzifədən azad edilib.