Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar

Müstəqil.Az Gülayə Şınıxlıya cavab olaraq yazdığı “Çoxatalı misralar poeziyası” məqaləsini təqdim edir.

Əvvəlcə onu deyim ki, Bu yazının adını gərək mən “Gülayənin tikanı” qoyaydım, çünki o, mənim haqda yazdığı yazının adını “Səhərin qaranlığı” qoyub. Amma ada şəbədə qoşmağa istedadım çatmadığından bundan vaz keçirəm.

Mənə cavab olaraq yazılmış yazını “duyğu sümürüsü”ndən başqa heç nə hesab etmirəm, çünki biz Gülayə xanımı efirə dəvət etdik, o bu verilişin baş tutmaması üçün əlindən gələni etməkdənsə, canlı yayıma çıxmalıydı və sonradan uydurduğu detalları fakt olaraq efirdə göstərməliydi. Bu, daha yaxşı olardı, nəinki hansısa mücərrəd müəllifli yazının arxasında gizlənmək.

Yazıda deyilir:

“Bu mövzuda şerimi yazdığım vaxtlar mən unudulmaz qələm dostum, mərhum telejurnalist Ağalar Mirzəylə fikrilərimi bölüşürdüm. İş elə gətirdi ki, bu söhbətlərdən təsirlənən Ağalar Mirzə də “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm” misrası ilə başlayan şeirini yazıb, 2001-ci ildə “Təfəkkür” nəşriyyatında işıq üzü görən “Gecə zəngləri” adlı kitabının 38-ci səhifəsində çap etdirdi. Və o şeir belə başlayır:

Gəlmişəm ki, deyəm gəlməyəcəyəm,

Hələlik qəlbimdə yerimi saxla.

Bir ürəkdə gəzən iki can idik

Birini itirdin, birini saxla…

Birincisi, Ağalar Mirzənin mənim misramı illər sonra işlətməsi (əgər həqiqətən belə bir şeir mövcuddursa) nəyi dəyişir? Tutaq ki, Gülayə Şınıxlı misranı məndən yox, məndən sonra yazmış Ağalar Mirzədən götürüb, plagiat faktı dəyişirmi? Yoxsa “oğrudan oğruya halaldır” məntiqidir? Ya Ağalar Mirzə ilə yaxından dost olmaları buna imkan verir, “oğurluq edəndə dayın evinə get” misalında olduğu kimi?

Bəlkə, Gülayə xanım demək istəyir ki, onu yox, daha əvvəlcə plagiat edəni günahlandırım? Ağlabatandı, çünki yazıda buna işarə var: “Yəqin, Səhər xanım durub indi də deməyəcək ki, Ağalar Mirzə məndən oğurlayıb…“

Deyərəm, çünki məndən sonra yazıb (əgər yazıbsa, bu şeiri gözlərimlə görməmişəm – S.Ə.), amma demirəm, niyə, çünki Ağalar Mirzə misranı bircə dəfə işlədib, Gülayə Şınıxlı kimi ondan inkibator kimi istifadə edib, otuz dəfə təkrarlamaqla üç şeir yazmayıb, iki mahnı quraşdırmayıb, kitabının adına qoymayıb, tədbirin adını bu misrayla adlandırmayıb.

Gülayə xanım bu fikrin “çoxatalı olduğunu” qeyd edir, çox yerdə bu fikrə rast gəldiyini qeyd edir və özü də bilmədən kitabının adının plagiat misra olduğunu sübut edir.

İndi özümü kənara qoyub, “Aşıq Pəri” məclisinin yetirməsinin başqa çoxatalı misralarından misal gətirim:

“Gedirəm çətindi ayrılıq dərdi” – Bu misranın atası böyük Səməd Vurğundu. “Gedirəm yamandı ayrılıq dərdi…”

“Yuxunu sulara söylə” (həm də kitaba ad qoyub) misrasının atası İsmayıl İmanzadədir. “Yuxunu sulara danış, oyaqdır, eşidər səni”

“Haradaydın, söylə, harda” misrasının atası Tofiq Bayramdı. “Harda idin, söylə, harda, bir yarpağam son baharda…”

“Bir nəğmə göynəyir dilimdə mənim” misrasının atası aşağı-yuxarı Nüsrət Kəsəmənlidir. “Bir sevda ağlayır içimdə mənim”

“Razıyam, alsınlar mənim canımı, yenə susayıbdır qana gözlərin” misralarının atası yenə Səməd Vurğundu “Yenə cəllad olub durdu qəsdimə, qələm qaş altından piyala gözlər” Ümumən bu şeir bütövlükdə ustad şairimizin eyni mövzulu qoşmasının təhrif olunmuş formasından başqa bir şey deyil.

“Ay gedən, ay gedən, ay gedən, dayan” misrası məşhur mahnıdandı, şairəmiz “dayan” sözünü artırmaqla yenilik edib.

Misalları nə qədər desəniz, artırmaq mümkündür. Vaxtınızı almadan onu deyim ki, ötəri də olsa, baxdığım iki şeir kitabında Gülayə xanımın orijinal bir mövzusuna, fikrinə, üslubuna, ifadə tərzinə rast gəlmədim, fikirlər, intonasiyalar, mövzular, bədii xitablar, hətta qafiyələr, təşbehlər və epitetlər belə çeynənmiş, klassik ədəbiyyatda, folklorda dəfələrlə işlənmiş hazır, şablon nümunələrdir.

Bunu sübut etmək üçün Gülayə xanımla efirdə açıq debata çıxmağa razıydım və yenə razıyam. Amma yazı olaraq, bu polemikanı dayandırıram, absurd və cığal və “duyğu sümürülü” yazılara cavab yazmaqdan daha vacib işlərim var.

Sonda mənə “özünü məşhur şair adlandıran Səhər Əhməd” ifadəsiylə xitab edən el şairimizə üzümü tuturam:

“Gəlmişəm, deyəm ki…”, bu şairciklər diyarında mən özümü nəinki məşhur, ümumiyyətlə şair adlandırmıram, bu adı da misralarım qarışıq şeir oğrularına bağışlayıram, götürüb işlətsinlər.

Kulis.az

Share: