“Ermənistanın cəbhədəki təxribatı, əlbəttə ki, biabırçılıqdır. Çünki dünənə qədər Nikol Paşinyan İlham Əlieyvə yalvarırdı ki, təmas xəttində atəşkəs rejiminə əməl edək”.
Müstəqil.Az bildirir ki, bu fikirləri Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli deyib.
30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat həyata keçirməsi və nəticədə Azərbaycan ordusunun zabitinin həlak olması hadisəsini şərh edən siyasi şərhçi bildirib ki, Paşinyanın Azərbaycan qarşısında acizliyi prosesi Düşənbədə başlayıb: “Tərəflər atəşkəs rejiminə əməl etmək haqqında, xüsusilə, təmas xəttindən snayperlərin müəyyən məsafəyə çəkilməsi ilə bağlı şifahi razılıq əldə etdi. Əvvəl snayperlərin tamamilə yığışdırılması istənildi. Amma Azərbaycan tərəfi buna razı olmadı. Paşinyan İrəvanda bunu böyük təmtəraqla elan etdi. Daha sonra Sankt-Peterburqdakı qeyri-rəsmi görüşdə isə monitorinq sistemini təkmilləşdirmək, yəni cəbhə xəttində müxtəlif elektron avadanlıqların quraşdırılması və bu avadanlıqlar vasitəsilə atəşkəsin hansı tərəfdən pozulmasının müəyyənləşdirilməsi ideyası gündəmə gətirildi. Azərbaycan bundan yerdə qalan əsas məsələlərdən diqqəti yayındırmaq üçün istifadə olunduğunu nəzərə alaraq buna ehtiyac olmadığını və verdiyi sözə əməl edəcəyini bir daha bəyan etdi. Tərəflər arasında cəmi bir dəfə rəsmi görüş keçirilib və onda da həm atəşkəs rejimi, həm də sülhyaratma prosesi müzakirə olunub. Bunların hamısında Paşinyandan müsbət cavab alınıb. İndi görün, bunlar nə qədər qudurublar ki, nə qədər arxayındırlar ki, İrəvana baş çəkib Bakıya gələn həmsədrlərin paytaxta ayaq qoyduqları anda Azərbaycanın yüksək rütbəli zabitini snayper atəşi ilə öldürüblər. Aparılan və davam edən araşdırmalar göstərir ki, zabitin olduğu mövqe, ümumiyyətlə, snayperlərin hədəf nöqtəsinə düşmür. Bu, xaincəsinə qurulmuş sui-qəsdin nəticəsində həyata keçirilə bilər. Çünki zabitin öldürüldüyü yer kor nöqtə olub. Bu hadisə Azərbaycan Ordusunun ekspertləri tərəfindən araşdırılır və bu araşdırma ermənilərin nə dərəcədə xain və murdar xislətə malik olduğunu sübut edəcək dəlillər üzə çıxaracaq”.
Politoloq xatırladır ki, Azərbaycan, onsuz da, əvvəldən ermənilərin heç bir sözünə inanmayıb: “Son proseslər isə göstərdi ki, Paşinyan siyasətdə xarab bir adam olsa da, digərləri ilə müqayisədə daha millətçi, daha nifrət dolu bir tipdir. Bu nöqteyi-nəzərdən zabitimizin vurulmasına birbaşa onun göstəriş verdiyi haqda məlumatlar yayılır. Düzdür, bu gün Ermənistanda vəziyyət gərgindir. Yəni, Qarabağ klanı ilə Paşinyanın adamları arasında müəyyən qarşıdurma elementləri var və bu yükələn xətt üzrə davam edir. Amma bütün bunlara baxmayaraq, onlar Azərbaycana qarşı müxtəlif təxribati addımlardan da əl çəkmək istəmirlər. Buna görə də Azərbaycan tərəfi bu məsələyə diqqətlə yanaşmalıdır. Həmsədrlərin gəlişi zamanı sülhyaratma proseslərini pozmaq xarakteri daşıyan zabitə atəş açılması məsələsi ATƏT-də, lazım gəlsə, BMT-də ciddi surətdə müzakirə obyektinə çevrilməlidir. Bu adamlar bizim torpağımızda oturub bizim zabitimizə atəş açırlar. Bu adamlar müharibə yaratmaq üçün istənilən addımdan istifadə edirlər. Özü də zabitin öldürülməsi ermənilər tərəfindən müharibəyə hesablanmış təxribat idi. Ona görə ki, snayper atəşinin açılmasına xüsusi şərait olmayıb. Məqsəd zabitin öldürülməsi ilə Azərbaycan ordusunu hücuma təhrik etmək və ordumuzu müəyyən taktiki hiylə ilə çətinliyə salmaq idi”.
Qabil Hüseynli ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana başı alovlu gəldiyini bildirirb: “Ermənilər İrəvanda onların başını doldurmuşdu. Azərbaycan hücuma keçir, Azərbaycan erməniləri məhv edəcək və s. Lakin Azərbaycan onlara neçə ildir başa düşmədikləri məsələnin mexanizmini izah etdilər ki, ermənilərin məqsədi nədir. Onlar da gördülər ki, burada itirən Azərbaycandır.
Bir sözlə, siyasətdə də, təmas xəttində də vəziyyət gərgindir. Müəyyən qüvvələr də sülhyaratma prosesində əngəl yaratmağa davam edirlər və bu işdə Paşinyanın dekonstruktiv addımlarına yardım göstərirlər”.
30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi. Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olmuşdu.
Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Azərbaycan daha əvvəl də Ermənistanın bu cür addımlarının şahidi olub. İndi Baş nazir Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edir. Əgər proses bu axarda gedəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq.
Zümrüd