Fədakarlığın  ümid  ziyası…

“Vətən   bizim sevgili  anamızdır”

(Əsma Sultan)

 Qadın fəaliyyətinin gözəlliyi–cəmiyyətdə onun yaratmaq eşqi,  fədakarlığıdır.

Ömrü  fəda edib, əritdi şam tək,

O ziya  yoluna əkdi  gül-çiçək!

Ürəkdən  inandı, bir  gün gələcək,

Güləcək  Vətəndə  hürriyyət  adın,

Yaşa  əziz  xalqım, yaşa  ey  qadın!

 

Bitməzdi  könlünün  fəda niyyəti,

Zülmətdə parladı o zehniyyəti,

Bağlıydı  yurduna  cox qətiyyəti,

Qorxmazdı, məğrurdu, yenilməz  adın,

Yaşa  əziz  xalqım, yaşa  ey  qadın!

 

Yüz ildir  adının  sorağındayıq,

O  pak  əməlinin  işığındayıq…

Sənin  amalının  dayağındayıq,

Ruhuna  xoş olsun əbədi adın,

Yaşa  əziz  xalqım, yaşa  ey  qadın!

Unutsaq unudularıq, deyib, hikmət sahibləri, söz ustadları.

Ulu öndər Heydər Əliyev deyirdi: “Xalq gərək daima öz kökünü xatırlasın”.

Öz kökünü xatırlamaq, yad etmək bütün zamanlarda xalqın birliyinin möhkəmlənməsinə xidmət edərək, onu daha da qüvvətləndirmişdir. Tariximizin hər səhifəsini təkrar-təkrar oxumaq, araşdıraraq gələcək nəsillərə çatdırmaq hər birimizin öz yurdunun övladı olaraq borcumuzdur. Elə bu istəklə də bir daha 100 il arxaya, beylikdüzü escort bayan fədakarlığın ümid ziyasına boylanır, Cümhuriyyətə işıq saçan Azərbaycan qadınlarını  soraqlayırıq…

Bəli, yüz il bundan öncə Şərqdə ilk Demokratik Cümhuriyyətin banisi:- “İnsanlara hürriyyət, millətlərə istiqlal”Ş söylədi.

Bu müqəddəs çağırışa, M.Ə.Rəsulzadənin haqq işinə dəstək olaraq neçə-neçə Vətən övladı qədəm qoydu bu yola, amalı xalq azadlığı, millət istıiqlalı olaraq, fədailərə çevrildilər; pak ruhu, yuxusuz gecələri, dönməz əqidələriylə.

Xalqın düşünən beyini, görən gözü, müdrik ağılı olaraq, bu fədailər bütün sahələrdə – maarıfçilik, onun həyata keçirilməsi üçün xeyriyyəçilik, əyani təbliğat kimi, mədəniyyətin bütün sahələrində köklü dəyişikliklər etməyə var qüvvə, bacarıq, əsl mübariz olaraq qoşuldular.

Bu fəaliyyətin qarşılığında hər cür təhdidlər, dözülməz ağrılı həyat gözləyirdi onları. Amma ki, xeyr! Vətən eşqi yüksək olan sevgili vətənsevərlər üçün bu ağrılar, təhqirlər sadəcə maneələr kimi qarşılanırdı. Onlar xalqın hürriyyəti üçün hər ağrı-acıya tab etməyə hazır olan –xalq  fədailəri  idi.

Tarixin o çətin sınaq, amansız illərində xalqımızın bu qədər sədaqətli, dözümlü, fədakarlığını heyrətlə izlədiyimiz Azərbaycan qadınlarının mətinliyi qarşısında baş əyirik. Belə bir zamanda onların fədəkarlığına qibtə edirik, həm fəxr edir, həm ürək ağrısı ilə yad edirik. Saysız çətinliklər qarşısında onlar necə bu qədər fəal ola biliblər?- deyə sual edərək, onların keşməkeşli, həyəcan, iftira, böhtan, əzab dolu günlərini xatırlayırıq. Bir daha tarixi  vərəqləmək, arxivləri araşdıraraq ötən zamanı geriyə qaytarıb “görmək” istəyi, duyğusu  insanı  tərk etmir…Çünki, onlar  bu  torpağın –doğma Azərbaycanımızın mərd igid oğulları, ərləri ilə çiyin-çiyinə  dayanan Azərbaycan qadınlarıdır. Bütün sahələrdə ilk ziyanın əsasını qoyan, ülvi, pak  niyyətli  Azərbaycan  qadını, Azərbaycan  anası  …

Əgər tariximizi vərəqləsək bu başlanğıcın hələ çox qərinələr, əsrlər öncədən Tomris, Burla xatun, Sara  xatun, Tuti  Bikə, Ağabəyim ağa, X. Natəvandan  gəldiyini  görərik. Yüz il bundan əvvəl isə bu fədakar qadınların sırasında-Hənifə Məlikova, Səfiyə(Sona) Tağıyeva, Səkinə Axundzadə, Sara Vəzirova, Nigar Şıxlinskaya, Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Məryəm Qembitskaya, Nazlı Tahirova, Məryəm Bayraməlibəyova, Liza Muxtarova, Xədicə Əlibəyova, Mədinə Qiyasbəyli, Nigar Vəlibəyova, Xədicə Ağayeva, Gövhər Usubova, Şəfiqə Qaspiralı, Badusəba Köçərli, Fatma Topçubaşova, Qeysər Kaşıyeva, Ayna Sultanova, Xanımnaz Əzizbəyova, Mina Mirzəyeva və b. görmək olardı. Bu mübariz, fədakar qadınlar, xüsusilə xalq maarifinin inkişafı, mədəniyyət, sosial, ictimai sahələrdə fəaliyyət göstərirdilər. Əlbəttə ki, onların bu dövrdə çox ağır, məsuliyyətli, eyni  zamanda  şərəfli  fəaliyyətlərində ruhlandıran xalqsevərlərin, ziyalı, həm də xeyriyyəçi insanların birliyi də çox mühüm olmuşdur.

Belə fədakarlıq nümunəsi olan qadınların sırasında bir xanım da var idi. Onun  mübarizliyi, mətinliyi, dönməzliyi, qorxmazlığı insanı valeh edir. Bəli, bu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən fəal, saymaqla bitməyən  hümanist əməl sahibi, öz xalqının ziyası, Xalq Cümhuriyyətinin ilk və tək qadın parlament üzvü Şəfiqə xanım Əfəndizadə-Əsma Sultan  idi.

Şəfiqə xanımın həyatını öyrəndikcə Uca Yaradanın xalqımıza nə qədər işıqlı insanlar bəxş etdiyinə heyran olur, şükür edirsən. 100- il bundan əvvəl, baxın, Azərbaycan qadını nə etməmişdir ki? …

Ötən əsrin əvvəlində müsəlman aləmində ilk Demokratik Respublika quruldu. Bu respublika  Şərqdə  ilk olaraq,  bütün  humanist  niyyətli  fəaliyyətə  geniş imkan yaradan qərarlar qəbul etdi. Bu qərarlardan bir neçəsi də qadınların cəmiyyətdə fəaliyyəti ilə, qadın təhsili ilə, qadın hüquq və azadlıqları ilə bağlı idi. 1918-ci ilin 28 May Respublika gününə qədər isə artıq vətənimizdə xeyriyyəci insanlarımız tərəfindən bu yolun başlanğıcı qoyulmuş, təməli möhkəm addımlar atılmışdır. Belə ki, unudulmaz vətənpərvər Hacı Zeynalabdin Tağıyevin sayəsində Azərbaycanda qızlar məktəbi açılmış, daha sonra isə onun fəaliyyəti yayılmışdır. Azərbaycan qadınlarının təhsilinin genişlənməsi, hətta Moskvada belə davam etdirilməsi üçün xeyriyyəçi insanlar səy göstərirdilər. Bu haqda sual olunarsa, Hacı Zeynalabdinin çox gözəl cavabı yada düşər. Hacı Zeynalabdin deyirdi ki: “Bir oğlana təhsil verməklə, təhsilli bir insan qazanırıq. Bir  qıza təhsil verməklə  təhsilli  bir  ailə”.

Məhz bu uzaqgörən, məntiqli düşüncə sahiblərinin, xalqsevərlərin min bir əziyyətlə də olsa yaratdığı münbit şərait, Xalq Cümhuriyyəti dövrünə qədər artıq Azərbaycanda bir qrup ziyalı, aydın düşüncəli, yeniliyi görən və ona doğru qorxmadan addımlayan Azərbaycan qadınlarının formalaşmasına səbəb olmuşdur. Elə bu istiqamətdə fəaliyyəti geniş olan xanımlardan biri idi Şəfiqə xanım Əfəndizadə. Onun ilk təhsilini düzgün istiqamətləndirən valideynləri də ziyalı, xalqın  gələcəyini görən insanlar olmuşdur. Şəfiqə xanım 1882-ci ildə, 19 mart tarixində Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində dünyaya göz açmış, elə burada da ilk təhsilini kənd müəllimi olan atası Məmmədəmin Şeyxzadədən almışdır. Əlbəttə ki, şəxsiyyətin formalaşmasına təsir edən amillərdən biri kimi, mühitin də böyük rolunu qeyd etməmək mümkün deyil. Elə ailədən başlayan ziya çeşməsi Şəfiqə xanımın, həmçinin onun bacısı Səidə xanımın öz zamanlarına görə digərlərindən fərqləndirmişdi. Ata ocağının  yaratdığı işıqlı gələcəyə inam meyarı ilə yol seçən bu gənc qızların həyata baxışı, onları yaşıdlarından cox fərqləndirirdi. Beləcə ilk ailə təhsilindən sonra,14 yaşında ikən Şəfiqə xanım ailəsi ilə birlikdə Şəki şəhərinə gəlir, burada atasının çalşdığı “Darrüssiyada”, qızlar üçün açılmış xüsusi qrupda dərs deyir. Lakin az müddətdən sonra o Bakıya yola düşür ki, bunun da səbəbi qızlar məktəbinin təşkili, burada qadın müəllimənin olmasına ehtiyac idi. Belə ki, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Bu dövrdə, həmçinin təhsilini də artıraraq Qafqaz Müsəlmanları Ruhanı İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək, ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi alır. Beləliklə, ilk qadın jurnalist olan Şəfiqə xanımın həyatında Bakı dövrü başlayaraq, onun yaradıcılığının daha da genişlənməsinə  səbəb olur, eyni zamanda   maarifçilk  fəaliyyəti  də  genişlənir. Belə ki, sonrakı  dövrlərdə Aleksandr qız “Rus-müsəlman”məktəbində (1907-09), şəhər qız “Rus-müsəlman” məktəbində (1909-18) müəllim  işləyir.

Bütün həyatını xalq maarifinin inkişafına, qadın azadlığına, qadınların cəmiyyətdə aydın düşüncəli vətəndaş olmasına həsr edən Şəfiqə xanımın fəaliyyətində Xalq Cümhuriyyəti ilə bağlı nə vardı?- deyə sual etsək, görərik ki, ilk növbədə Vətən sevgisi vardı. Vətəninin həqiqi vətəndaşı olmaq məsuliyyəti vardı, damarında axan qanda, ruhundakı sevgidə. Bəli, M.Ə.Rəsulzadənin 1919-cu ildə “Azərbaycan” qəzetində yazıçı və şairləri azərbaycançılıq məfkurəsi  ideyası  ətrafında cəm olmağa çağırışı da, bu məsuliyyəti daha da artırır, təbliğat işinin hər zaman olduğu kimi, vacibliyini gündəmə gətirirdi. Xalq Cümhuriyyətinin banisi  belə yazırdı: “…Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur… Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər! Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.

Elə bu istiqamət idi ki, Şəfiqə xanım bir-birindən dəyərli məqalələr yazmaqla bu təbliğat genişləndirir, xalqın işıqlı gələcəyinə, bu yolda təhsilli qadınların vacib roluna inanırdı. O, necə olursa-olsun qadınların dünyagörüşünün, təhsilinin yüksəlməsi üçün çalışırdı. Məqalələri “Şərqi-rus”, “Dəbistan”, “Rəhbər”, “Məktəb”,  “Füqara füyüzatı”, “Şərq qadını” ilə yanaşı  milli azadlıq məfkurəli “Dirilik”, “Açıq söz”, “Azərbaycan” kimi mətbu orqanlarında da tez-tez dərc edilirdi. İctimai həyatın hər sahəsində yaxından iştirak etməsi, cəmiyyətdə gördüyü  mənfiliklərə qarşı məqalələrində də mübariz ruhlu fikir bildirən Şəfiqə xanımın məqsədi cəhalətin aradan qaldırılması idi. “Dəbistan”, “Məktəb”, “Dirilik”, “İşıq”  jurnalları ilə əməkdaşlıq edən Şəfiqə xanım, bir pedaqoq kimi bu mətbuat orqanlarında əsasən tədrisin vəziyyəti, təlim-tərbiyə, əxlaq, vətənpərvərlik mövzusuna daha çox yer verirdi. Onun uşaqların həyatından bəhs edən və bu mətbuat orqanlarında dərc olunan məqalə və ilk hekayələri –“Tərbiyeyi-beytiyyə”, “İki qızın söhbəti”, “Şəkər alması”, “Vəhşilər çörəkçisi”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir”, “Mükafat” və başqa əsərləri uşaq ədəbiyyatının ilk nümunələri və uşaqlarda  formalaşan ən qiymətli insani keyfiyyətlər baxımından böyük əhəmiyyət kəsb etmişdir. Şəfiqə xanımın, həmçinin Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin  üzvü kimi fəaliyyəti də maraqlıdır. Belə ki, bu sahədə də daima yaxından məlumatlı olması, onun məqalələrində əhəmiyyətli şəkildə təcəssüm olunur, xeyriyyə işlərinin geniş təbliği qeyd olunurdu. Əsasən, Xalq Cümhuriyyəti dövründə çap edilən, “Azərbaycan” qəzetinin  8 iyul 1919 ( №219) tarixli nömrəsində “İzhari-təşəkkür” adlı minnətdarlıq yazısı bu qəbildən olan məqalələrdəndir.

Şəfiqə xanımın mənəvi-əxlaqi dəyərlərin qorunması, inkişafı ilə bağlı 1917-1919 illərdə “Qadın  seçkisi ” (“Açıq söz”, 20 oktyabr 1917, № 593), “Seçki və qadınlar” (“Açıq söz”, 26 oktyabr 1917, № 598), “Yol əsnasında gördüklərim” (“Azərbaycan”, 1 may 1919, №170), “Dağıstan günü” (“Azərbaycan”, 6 may 1919, №173), “İslamların, türklərin” (“Azərbaycan”, 15 may 1919, №181), “Təşkilatın qadınlara təsiri” (“Azərbaycan”, 28 may 1919,  № ),  “Milli bayram və qadınlarımız” (“Azərbaycan”, 5 iyun 1919-cu il, № 196), “Vətən bizim sevgili anamızdır” (“Azərbaycan”, 25 iyun 1919, №211), “Xanımlarımıza müjdə” (“Azərbaycan”, 22 sentyabr 1919-cu il, № 302) və s. məqalələri,   ictimai həyatda qadın hüquqlarının vacibliyini təbliğ edirdi.

“Vətən bizim sevgili anamızdır” məqaləsində vətən aşiqi olan Şəfiqə Əfəndizadə  bu məmləkətin gələcəyini, millətin səadətini onun övladlarının qeyrətində və səyində görür. Qəlbində vətənə məhəbbət hiss edən hər bir insan, xüsusən hər bir qadın millətin tərəqqisi naminə  övladlarının tərbiyəsi ilə, onların vətən sevgisi ruhunda böyümələri üçün çalışmalıdır: “Övladlarımız hənuz qucaqlarımızda ikən verəcəyimiz tərbiyeyi-ibtidaiyyələrini verəmədik, övladlarımızı vətənin səlamətinə xadim olacaq bir surət­də böyüdəmədik”. Vətənpərvər xanım vətəninin  düçar olduğu ağır günlərdə hər bir qadının üzərinə böyük bir  vəzifə düşdüyünü,  vətənə  sadiq, çevik, cəsur, igidlər yetişdirmək lazım  olduğunu  göstərirdi. Hələ Xalq Cümhuriyyəti yaranmamışdan əvvəl, 1917-ci il aprelin 15-20-də  Şəfiqə xanım ziyalı qadınlarımız Sara xanım Talışinskaya və Sara xanım Vəzirova ilə birlikdə Cənubi Qafqaz müsəlmanlarının I qurultayında iştirak edir. Burada qadın azadlığının əsl müdafiəçisi kimi danışan Şəfiqə xanımın çıxışının sonunda “Yaşasın qadın azadlığı! Hürriyyət!” sözləri, Azərbaycanda Xalq Cümhuriyyətinin  təşkilinin yaxınlaşdığını göstərməkdə idi.

“Yol əsnasında gördüklərim” (“Azərbaycan” 1919-cu il) yazısı  vətənpərvər jurnalistin  doğma  diyarı Axisxaya səfəri zamanı yol qeydləridir. Şəfiqə xanımın bu yazısı tarixi faktlar baxımından da maraq doğurur. Belə ki,  azərbaycanlı ziyalıların İstanbulda fəaliyyəti, “Əsirgəmə dərnə­yi” adlanan qadın cəmiyyəti-xeyriyyəsi ilə azərbaycanlıların sıx əməkdaşlığının, eləcə də  o cəmiyyətdə fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətinin öyrənilməsi, Əlimər­dan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu ilə görüşləri  mətbuat tarixinin  fakt və hadisələrinə aydınlıq gətirmək baxımından da əhəmiyyətlidir. Məqalədən aydın olur ki, Şəfiqə xanımın  Bakıdan Azərbaycan heyəti ilə Axisxaya gedir, lakin orada davam edən münaqişələr, yerli əhalinin qızğın bir hərə­kat­la müharibə tədarükü görməsi  Bakıda baş verən qırğınların şahidi olmuş Şəfiqə xanım və onun yoldaşlarını İstanbula getmək məcburiyyətində qoyur.

“Azərbaycan” qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş “Milli bayram və qadınlarımız” adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazır. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə “Analar! Qızlarınızı oxudun!” deyə qadınlara müraciət edir. Onun “Azərbaycan” qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edir.

Şəfiqə xanım Xalq Cümhuriyyətinin süqutundan sonra da, “Şərq qadını” jurnalında əməkdaşlıq etdiyi dönəmlərdə də bu missiyanı davam etdirmiş, qadın problemləri ilə bağlı (“Zavallı qadın”),  mədəniyyətin, səhnəninin inkişafının vacibliyi ilə bağlı (“Türk qadını-Türk səhnəsində”) və s. məqalələr  dərc  etdirmişdir.

 

Ömrünü xalqı üçün şam tək yandıran,  millət istiqlalı, maarifi, mədəniyyəti yolunda fəda edən Şəfiqə xanım Əfəndizadə 29 iyul 1959-cu ildə Bakıda vəfat etmişdir. Bu gün onun, eləcə də  vətənimizin istiqlalı üçün yorulmadan çalışan hər bir vətənsevərin əziz xatirəsi qəlbimizdədir. Onların işıqlı əməlləri bu gün də davam etdirilir. Öndə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla neçə-neçə Azərbaycan qadını bu işıqlı missiyanı şərəflə qoruyur, davam etdirir, yaşadır.

Ömrü  fəda edib, əritdi şam tək,

O ziya  yoluna əkdi  gül-çiçək!

Ürəkdən  inandı, bir  gün gələcək,

Güləcək  Vətəndə  hürriyyət  adın,

Yaşa  əziz  xalqım, yaşa  ey  qadın!

 

Bitməzdi  könlünün  fəda niyyəti,

Zülmətdə parladı o zehniyyəti,

Bağlıydı  yurduna  cox qətiyyəti,

Qorxmazdı, məğrurdu, yenilməz  adın,

Yaşa  əziz  xalqım, yaşa  ey  qadın!

Bədirə  RZA  Həsənqızı   

 

Share: