“Ədəbiyyatımız bu gün bəzi üzdəniraq alaq otlarından yorulsa da sizi və sizin kimi dəyərli insanları bağrına basaraq çox xoşbəxtdir”-Aysel Səfərli Sehran Allehverdidən yazır

16 iyun,2019-cu il “Sarı Aşıq” məclisinin növbəti yığıncağı hər zamankından fərqlənirdi.

Bu dəfəki yığıncaq sözü,duyğuları gah misralarda xüsusi obrazlarla rəngləndirən,gah da fırçasını şahə qaldırıb kətan üstündə boyalarla rəng-rəng danışdıran rəssam, şair,şəxsiyyətinə böyük hörmət bəslədiyim Sehran Allahverdinin yaradıcılığına həsr olunmuşdu.

“Sarı Aşıq” məclisində bambaşqa bir abu- hava var idi bu gun…

Dostlar,ailə üzvləri,sözün seyrinə çıxmağı sevənlər,qələm dostları -hər kəs onun işığına toplaşmışdı.

Bu bazar günü hamı Sehran şeirindən nümunələr gətirir,misralarındakı fikirlərə boylanır,onun təsiri ilə ovsunlanmışdı sanki..

Tədbirdə iştirak edən dəyərli söz- sənət insanları öz çıxışları ilə bu həssas insana xoş arzu və istəklərini bildirir,onun yaradıcılığını incələməklə vaxtın necə ötdüyündən belə xəbərsiz qalmışdılar.

Məclisin rəhbəri Adil Cəfakeş Sehran Allahverdinin yaradıcılığı haqqında giriş sözü söyləyərək onun əsərlərindən ətraflı nümunələr gətirdikcə bir yandan onun qələmindən süzülən misraların billur səsini dinləyir,bir yandan da otaq boyu çəkdiyi rəsm əsərlərindəki obrazlara,təbiət nümunələrinə baxıb yaxın günlərdə işıq üzü görəcək yeni kitabı “Utancaq dan yeri”nin üfüqlərdən çoxdan qızarıb günəşlə bərabər gülümsədiyini görürdüm…

Bizlər onun qələm yoldaşları olsaq da,o,bizlərdən çox fərqlidir, düşünürdüm.

Axı kim “Ana” obrazındakı iztirabları,zəhməti,əziyyətləri,fədakarlıqları eyni anda həm sözlə,həm də fırçayla çəkməyi bacarardı ki…

Kim şəhid qardaşının “Vətənə” dönməsini hər iki nümunədə ustalıqla verə bilərdi ki..

Biz  hər misramızı duyğulardan şeir badəsinə süzərkən o,qarşısında gördüklərini də fırçasının ucunu boyalarla yaşlayıb kətana süzməyi bacarır…

Tədbir boyu bütün bunları düşündükcə həyatda ən çox sevdiyim müqəddəs bir səhnə ilə daha da təsirləndim sonluğa yaxınlaşarkən …

Şairin  dünyanın ən böyük xoşbəxtliyinin övlad olduğunu vurğuladıqdan sonra ən böyük,şah əsərinin -gözəl qızının atası haqqında söylədikləri və onun  gözəl şeirlərindən birini söyləyərkən ətrafda yaşanılan əvəzedilməz duyğulu anları yaşamaq,anlamaq üçün orada olmaq lazım idi…

Mən bu möhtəşəm insana yalnız və yalnız yaradıcılıq uğurları arzulayaraq dünənki özəl günün təsiri altında “Utancaq dan yeri“nin yanaqları qızarmış şəfəqlərinin istiliyi altında “Nə yaxşı ki,sizi tanımışam.Ədəbiyyatımız bu gün bəzi üzdəniraq alaq otlarından yorulsa da sizi və sizin kimi dəyərli insanları bağrına basaraq çox xoşbəxtdir”- demək istəyirəm,”Abi.”

Aysel Xanlarqızı Səfərli.

Müstəqil.Az

Tədbirdən Fotolar:

 

Share: