Gəncə sakini yaşadığı evin yanında böyük Azərbaycan messenatı Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib, onun adına bulaq tikib, üzərinə xeyriyyəçinin lövhəsini vurub. Elə yaşadığı küçə də xeyriyyəçinin adını daşıyır. 42 yaşlı şəhər sakini deyir ki, Tağıyevin adının əbədiləşdirilməsi üçün bulaq tikməsi təsadüfi deyil.
Gəncə sakini Elbrus Hüseynov yaşadığı evin yaxınlığında dahi Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək qərarına gəlib, üzərində onun xatirə lövhəsi olan bulaq tikib.
Elbrus Hüseynov deyir ki, əsas niyyətlərindən biri həm Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olub.
İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib.
Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib.