Gözlərim yola elə dikilmişdi ki, kənardan məni izləyən ayaq üstə öldüyümü zənn edib, sağ əlini gözlərimdən üzü aşağı çəkərdi. Astaca nəfəs alıb, kimsə qorxmasın deyə addımlamağa başladım. Axşam gördüyüm yuxunun təsirindən çıxa bilmirdim. Yaxınlaşıb üzündən öpmək istədim, kənara çəkilib sağ əlini dodağıma sarı uzatdın. Buna da şükür deyib dərisi büzüşmüş əlini öpdüm. Qəribədi, niyə elə etdin? Yəqin incimisən məndən? Axı, səni üzə biləcək bir hərəkət etməmişəm. Qürbətdə olduğum bu bir il müddətində məgər səni mənsiz qoymuşam? Hər fəslin öz dili ilə məktublar yollamışam sənə.Cavabsız olsa da, məni hiss etdiyini, duyduğunu bilirdim. Ürəyimin sənsizlik ağrısını aldığım nəfəsdə, çəkdiyim ahda səmadan küləklərlə öpüşlərimdə göndərirdim ki, meh əsəndə könlünü oxşasın. Gecələr əksin gözlərimdə yumulurdu. Səni düşünüb yuxuya gedirdim. Səhəri sənin gözlərinlə açırdım. Yeni gündə hafizəmə ilk gələn sən olurdun. Deyiləsi çox sözlərim var idi. Dilimə gətirə bilmədim. Kamil insan susan insanın nə demək istədiyini anlayar.Ehtirasdan, şəhvətdən uzaq olan hissimin adı eşq idi. Eşq!
İndi gəlirəm ki, hər şeyi- qəlbimdə saxladıqlarımı etiraf edim. Xətrinə dəymişəmsə, bağışlamağını, bilmədən incimiş və ya incitmişəmsə, yenə də bağışlamağını dönə-dönə xahiş edim.
Hava limanından üzü aşağı taksi dayanacağına gəldim. Asfaltdakı çamadan sürüyən adamın kiçik kölgəsi məni təqib edirdi. Taksi sürücüsünə yaxınlaşıb ünvanı deyəndə qıyqacı baxışlarla bir mənə, bir də çamadana baxdı.
Bu şəhər xatirələrlə doludur. Hara gedim, hara baxım ki, səni görməyim?! Elə bir məkan yoxdur. İnsan özü-özündən necə qaça bilər axı… Sən mənim özümsən. Duyğularım, istəklərim, rəngimsən. Bir qadın xoşbəxtliyi tək vergim, – göz yaşlarımsan.
Çox ağlamağın da xeyri yoxdu. Bəbəklərin hərəkəti dəyişir, yorulur- uzağı görə bilmir insan. Nə qədər cəhd etsən də yanağın boyu axan sellə bacara bilmirsən. Ən əsası sənin daxili sakitliyindir. Hər hansı bir hal- fərq etməz kökü kədərdən, ya da sevincdən bəhərlənsin,- səni ruhən sakitləşdirirsə, heç kimdən və heç nədən çəkinmədən o halı seç, o halın qulu ol. Təki sən rahat ol!
Hava da tutqundu, bürküdü. Səma elə bil boğulur. Göyün ən uca təbəqəsində qara çadır qurulub. Havanın nəfəsini daraldır. Bəlkə də mənim havam çatmır. Ürəyimin döyüntüləri qulaqlarımda əks-səda verir. Sənə çatmağa o qədər də uzaq məsafə qalmayıb. Bircə səni görüm, sonra həyatımı ürəyimin döyüntülərinə həvalə edərəm. Sənsiz çəkdiyib iztirab, əzabların günahı yuyular.
Son vaxtlar yaddaşım da mənə naxələflik edir. Yolu, izi yadırğayıram. Tarixi də unuduram bəzən. Beynimin dərinliyində damarlar sıxılıb. Bu bir ildə bütün fəsilləri qışa bənzətmişəm. Təkcə şəkillərinə baxanda yanaqlarıma hərarət gəlirdi. Tanrının yaratdığı bütün nemətlər dilimdə acı dadıb, zəhərə dönürdü. Ürəyimdəki adının alovu sönməyib. Məni yaşadan, yarı canıma nəfəs verən bu alovdu, müqəddəs hisslərdi. Sürünə-sürünə yaşasam da bu hisslər əbədi şərikim olacaq.
Maşının salonuna yayılan musiqi səsi özümlə söhbəti anlayırdı, göz yaşlarıma təkan verirdi. Sulu kipriklərim ritmə uyğun açılıb-yumulurdu. “Əgər üz çevirib getsən uzağa, qalmaz aşiqində hal, sənə qurban…”
Saxlayın. Çatdıq. Məni burada bir az gözləməli olacaqsınız, – dedim. Sürücü dərhal musiqinin səsini azaltdı. Dönüb yenə qıyqacı, bir az da kədərlə baxdı.
Üzü yuxarı aparan yol ayaqlarımın altından qaçırdı. Həyəcandan titrəyən vücudum ayaqlarımdan cəsarət umurdu. Yox, deyəsən mən yeriməkdən yüyürməyə keçirəm. Hə, qaçıram, qaçıram. Sənə çox yaxın olan məsafə niyə belə uzaq gəlir mənə? Hə, deyəsən çatmışam. Budur, tanış dəmir hasar və mən bu kiçik dəmir hasarın yarı paslanmış qapısını açmağa çalışıram. Barmaqlarım quruyub. Əllərim dəmir barmaqlıqda, gözlərim isə baxışlarına dikilib. Alınmadı, açılmadı qapı. Dizlərimlə boyaboy olan bu dəmir hasar aramızda səddə çevrildi. Bu an qeyri-adi bir güc gəldi ayaqlarıma. Bir anda hasarın üstündən tullandım. Baxışlarımız toqquşdu. İçimdəki həsrət acısından kam alaraq sarıldım “sənə”.
Bu yayın istisində nədir belə soyuqluq? Daşı da gücü ilə çatlada bilən günəşin iti, qızmar şüaları soyuqluğunu isitmir. Göz yaşlarım əksinə qarışıb üzündəki cizgiləri dəyişdi. Gülümsəyirsən. Deməli, gəlişim sevindirdi səni? Nəfəsimi hiss etdin? Dodaqlarımı qulağına yaxınlaşdırıb astaca pıçıldadım: – Qəlbimdə əbədi məhəbbət toxumu əkdiyin üçün, ruhuna minnətdaram!
Ay xanım, çox yubanacaqsınız? – taksi sürücüsünün səsinə yuxudan ayıldım…
Gülər Eldarqızı
Müstəqil.az