“ Yuxarı  bağın  meşəsində…”

Bir bülbülün  taleyindən  qopan  simi  dindirirəm…

Dindirirəm, dinmək  nədir, naləsini  dinləyirəm…vərəq-vərəq, misra-misra izləyirəm, dindirirəm…Yaman küsüb könül sazın… küskünümü izləyirəm…düşünürəm, necə yazım, necə deyim, ötənimdən, dünənimdən  bu  söhbəti neçə açım, inciməsin, inciməsin könül  simin, ey nakamım, ey bülbülüm, ruhu nəğmə, əli qələm, könlü Vətən, yolu sevgi…niyə bitdi, belə erkən?…

Yox, bitməyib, bitməyəcək, belə  könül sahibinin ömür yolu, gül nəfəsi, xoş ətiri, təranəsi, nəğmə-nəğmə dolanacaq, yad edilib  oxunacaq, anılacaq. Anılacaq  onun yolu, o yol adi bir yol deyil, o yol  yurdun  xilas  yolu!

 

Yazmaq istər könül onu… hər anını, həyatını yazım deyə, anlatım mən bu ellərə, bu cahana… necə də,  bir  igid  oğul, verib  ana  bu  torpağa! Necə  deyim,  necə öyüm könül sazın…? Sən nəğməkar bülbül  idin, sənsiz  nəğmə  neçə  çalım???

 

Sankı, qopub sazın simi,  inləyir o, çalmaq olmur, hey  çalışdım, sirrin bilim, o  dinmədi…

Sənsiz ötən bu illəri çox sordum mən, sirr vermədi… dönüb baxdım Girdimana… axan sular haray dedi… harayında  duydum  səsin… ey  nəğməkar oğul, sənin, könül səsin…

Ruhuna  olsun  ərməğan, bu  yazımı  ithaf  etdim…

       Bədirə  RZA  Həsənqızı

Hekayə  

(Şəhid  Mikayıl  Yaqub  oğlu Vahabzadənin  əziz  xatirəsinə)

…Axşamdan yağan qar hələ də dayanmamışdı. Bir qədər azalsa da, yağmaqda davam edirdi. Kəndin az qədər çınqılla örtülmüş  maşın  yolu tamam bağlanmışdı, çox çətinliklə cığır açaraq məktəbə gedən uşaqları yola salan valideynlər əllərində bel yolu müəyyən qədər təmizləməyə çalışırdılar.

Kənddə yaşamaq əsl fədəkarlıq tələb edir. Çünki burada zəhmət çəkmədən nəfəs almaq mümkün deyil. Hər aldığın nəfəsin zəhmətini çəkməlisən. Həqiqi mənada təbiətlə müqavilə bağlayıb, həyatını sığortalamalısan.

Yay aylarında nə qədər səfası, gözəlliyi göz oxşayırdısa, qış aylarında bu yolların cəfası çox olurdu. Dağlar əhatəsində yerləşən bu qədim yurd yeri, bəylər kəndi olan, öz adət-ənənəsi ilə, tarixən mədəniyyət beşiyi olması ilə fərqlənən Maçaxı idi. Tırxa dağının ətəyində, Girdiman çayı  sahilində yerləşən  bu  gözəl məkanda  təxminən  50-60  ailə  yaşayırdı.

Kənddə əhalinin az olması da bir sıra çətinliklər yaradırdı. Belə ki, burada tam orta məktəb olmadığından uşaqlar ibtidai təhsili bitirdikdən sonra qonşu kəndə getmək, oradakı natamam orta (9-illik) məktəbdə təhsillərini davam etdirməli olurdular.

Macaxı kəndində ibtidai təhsilini başa vuran Mikayıl da, qardaşı ilə birlikdə qonşu Tircan kəndindəki natamam orta məktəbdə təhsil alırdı. Hələ qarşıda nə qədər ümidlər, ümidlərə doğru belə şaxtalı- qarlı günlər vardı… Havanın soyuq olmasına baxmayaraq dərsdən qalmaq olmaz,- deyə, tezdən yola çıxmışdılar, Mikayılla  Rüfət. Mikayıl, 1993 –cü  ildə, Rüfət  isə 1994-cü ildə  dünyaya göz açmış, ailənin sevincinə sevinc qataraq ümidli gələcək bəxş etmişdilər…

Mikayıl ata babasının adını daşıyırdı. Ata babası Böyük Vətən müharibəsi illərində  döyüşə getmiş və qəhrəmancasına döyüşərək Vətən yolunda canından keçmişdir. Yaşatmaq,  ulularımıza ehtiramı qorumaq  xalqımızın  əzəli  və  əbədi adətidir. Eləcə də,  ulu babanın xatirəsinə ilk nəvəyə Mikayıl  adı  vermişdi  böyüklər. Bəzən  adlar  talelərə təsir edir deyirlər. Sanki,  bu uşaq  da  qardaşından çox  cəhətcə  fərqli  düşüncəli,  fərqli  xasiyyətli  idi…

-Səncə, mən bu gün neçə qiymət alacam?-qaqa, -deyə, Mikayıl  yaşca özündən kiçik olan qardaşından soruşdu. Həm də, bir az yolda həvəslə getsinlər deyə, sanki bir körpü  qurmağa  çalışırdı.

-Sən çox bacarıqlısan, qardaşım, yəqin ki, yenə  hamsından  “əla”  alacaqsan.

-Hə, yaxşı hazırlaşmışam, inşAllah, qardaşım, sən də eləsən, tək mən yox, yoxsa  ki, bu soyuq  havada  boşuna getmirik  ki,  bu  ..

-Deyirəm ki, Mikayıl, biz 2 ildən sonra bu məktəbi də bitirrib, Yeni yol kəndində 10 və 11 –ci sinifləri  oxumalıyıq. Bu illər əsl çalışqanlıq  dövrü  olmalıdır…

-Hə, elədir, Rüfət, ondan da  sonra ali  məktəb. Kaş qismət olsun, inşAllah.

-Mən hiss edirəm ki, sən mütləq ali məktəb tələbəsi olacaqsan, Mikayıl, müəllimlər səndən çox razılıq edirlər, sinifdə də fəallığın görünməkdədir.

-Bilirsənmi, mən bütün qüüvəmlə çalışram ki, valideynlərimiz sevinsin, onlar oxumağımızı çox istəyirlər. Hələ, Ma … lap çox  arzu edir ki, mən müəllim olum. Bilirsənmi, hərdən ibtidai sinifdə oxuduğumuz günlər düşür yadıma. Ağayusif müəllimin tapşırdığı  sözləri çox xatırlayıram. O çox yaxşı  müəllim idi. Həm də, çox məlumatlı insan idi. Hələ mənə ağacları necə calağ  etməyi  də öyrətmişdi. Qışın sön həftəsində bağda təcrübə edəcəyəm öyrəndiklərimi…

-Hə, Mikayıl, düz deyirsən, çox məlumat vermişdi bizə, yadımdadır deyirdi ki, hələ XIX  əsrdə, dayan-dayan… ili  neçə idi, hə… hə… yadıma düşdü, deyirdi ki, 1847-ci ildə bizim kəndimizdən olan maçaxalı  Zülfüqr bəy, İngiltərədə yetişdirdiyi çəltik növünə görə Qızıl medal almışdır.

-Elə deyirdi, neçə illər bundan əvvəl insanlar bu qədər öyrənə biliblərsə, deməli, biz daha çoxunu öyrənməliyik.

-Düz deyirsən, tarix müəlliminin sözləri necə? Yadındamı, ermənilərin bizim kəndimizdə necə vəhşiliklər ediblər, məsciddə insanları necə yandırıblar…çox hadisələr olub…eh…

-Heç o tarixləri unutmaq olar? Hamısı yadımdadır…Çatırıq məktəbə, bu gün yol tez keçdi ha…Qar da dayanır deyəsən …

Beləcə qayğılı günlər ötməkdə idi..Yaş üstünə yaş gəldikcə Mikayıl ailənin qayğılarını daha çox düşünür, dərslərini yaxşı oxumaqla yanaşı ev işlərində də valideynlərinə yaxından kömək edir, ailənin ilk övladı kimi məsuliyyəti demək olar ki, tamamilə öz üzərində duyurdu.

Artıq üçüncü məktəb idi ki, təhsilini davam etdirirdi Mikayıl qardaşı ilə birlikdə. Yeni yol kəndində 11- illik təhsili başa çatırdı. Buraxılış imtahanları bitmək üzrə idi. Qəbul imtahanlarına az qalırdı. Neçə illik əziyyətin, üç orta məktəb təhsilinin, hazırlıqların nəticəsi olmalı idi. Mikayıl çox darıxsa da, içində inam hissinə güvənir, öyrəndiklərinin köməyinə çatacağına ümid edirdi.

Mikayılın intizarla gözlədiyi gün – ailənin də, özünün də həyatında ən xoş gün kimi yazıldı ömür salnaməsinə, yaddaşlara hopdu xoş sədası… 2011-ci ilin avqust ayı nəhayət ki, qəbul imtahanlarının nəticələri açıqlandı. Ailədə hər kəsin sevinci yerə-göyə sığmırdı. Mikayıl tələbə adını qazanmışdı. O, Sumqayıt Dovlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul edilmişdir.

Kimin çox sevindiyini bilmək çətin olsa da, ananın sevinci bir başqa idi. Sanki, yerə-göyə sığmırdı. Üzündən-gözündən xoşbəxtlik nürü bərq vururdu, o, Mikayılın tələbə adını qazanmasına çox sevinirdi. İnanırdı ki, oğlunun gələcəy xoşbəxt günləri qarşıdadır. Mikayılın bu uğuru atasının da anasının da onun xoş gələcəyinə ümidini, inamını daha da artırmışdır.

“Tələbə həyatı bir başqa aləmdir”- deyə, Mikayıl düşünürdü. Bu şəhər yaşadığı kənddən çox fərqli idi. Amma burada qazandığı dostlar, müəllimlərlə səmimi ünsiyyət sanki az vaxtda onu xeyli irəli aparmışdı, elə bil az zamanda necə deyərlər çox böyümüş, daha  da müdrikləşməyə doğru addımlamışdır…

Artıq bir neçə gün idi ki, ilk semestr imtahanlarını uğurla verən Mikayıl evə qayıtmışdı. Bəli, Mikayıl artıq tələbə kimi qayıtmışdı doğma kəndlərinə. Nə qədər fərəhli gün idi. Mikayılın hər işə olan marağı onun az vaxtda ali məktəb müəllimlərinin də gözündə ucaltmışdı. Dərslərini əla qiymətlələ oxuyan Mikayıl atasına kömək olsun deyə, dərsdən sonra da işləyidi. Ana  ürəyi nə qədər nigaran qalar ki, balasından …Bir həyat boyu  nigaran qalar, yenə yorulmaz övladından. Doymaz nigarançılıqdan, təki sonda xoş xəbəri  alsın…

Rumiyyə ana da, hər gün Mikayılla telfonda danışarkən, dərslərindən geri qalma, ha…- deyə, öyüdlərini azaltmazdı. Mkiayıl da onun narahat olmasını istəməzdi:

-Sən heç  nigaran olma, Mama, dərslərimi də “əla” hazırlayıram, işimə də gedirəm. Məndən nigaran olmayın,- deyirdi.

Ana nigarançılığı Mikayılın doğum günündə müəllimlərin Mikayıla olan telefon zəngindən təsəlli alır, ona olan təbrik sevinclərini ürək dolusu fəxrlə seyr edər, fərəhlə oğlunun qazanıdığı hörməti  izləyərək, atası, qardaşı Rüfətlə birlikdə sevinər, şükür edərdi.

-Nə yaxşı ki, Mikayılım belə hörmət qazana bilib, – deyərdi.

Tələbə həyatının öz şirinliyi, çətinliklə olsa da, öz fərqli dadı var idi. Mikayıl ilk günlərdən dərslərinə qarşı çox diqqətli olaraq, fəallığı ilə müəllimlərinin diqqətini, daha doğrusu rəğbətini qazana bilmişdir. Dərslərini əla qiymətlərlə oxuyan Mikayıl, dərsdən sonra işləməyinə baxmayaraq öz şəxsi duyğularına da zaman ayırar, onları qələmə almağa çalışardı. Onun şair təbiətli olması, səmimiyyəti, ünsiyyətcil olması ətrafında olanların da rəğbətinə səbəb olurdu. İlk şerini hələ məktəb illərində yazsa da, indi daha gözəl yazdığını hiss edirdi, yenə sabahkı dərslərini bitirib şeir dəftərinə baxdı. Misraların sırası artmaqda idi…

Çoşqun duyğuları  isə  sonsuz  dərya …

 

Qərənfil

Şəhid  qanı  bulanıbdı üstünə,

Qan içində boğulmusan, qərənfil.

Səpilirsən Şəhidlərin büstünə,

Bəxti qara doğulmusan, qərənfil.

 

Şəhid qanı müqəddəsdir, qəm yemə,

Bununla fəxr etməlisən, qərənfil.

“Gərək düşməyəydim bu günə”,-demə

Azadlq rəmzisən gözəl  qərənfil.

 

Bəzi güllər dünyanın bəzəyidir,

Mənim üçün gözəl sənsən, qərənfil.

Sənin adın  Şəhidliyin özəyidir,

Bizim üçün müqəddəssən, qərənfil,

Azadlığın rəmzi sənsən, qərənfil.

Şeri bitirib gözləri yol çəkdi. Şəhər həyatı onu heç də sevdiklərindən uzaqlaşdıra bilməzdi…

– Atamın ad günü var qarşıda. Gözəl bir hədiyyə düşünməliyəm. Sabah,  mütləq…bu barədə… dərs  bitən kimi….

Səhəri gün dərsdən sonra ailə şəkillərini qovluqdan alıb “FOTO”- ya getdi. Gözəl bir mənzərə ilə ailə tablosu hazırlanmasını xahiş edəndə, fotoqraf:

-Bəs üzərinə nə yazaq, nə isə yazdırmaq istəyirsən?

-Üzərində?-… Onda belə yazın: “Bir omürlük  xoşbəxtlik diləyilə.”

-Gözəl düşündün, dostum,-fotoqraf razılıq etdı. Amma bilmədi ki, Mikayıl hər daim əzizlərini “ Bir ömürlük” xöşbəxt etmək üçün  çox düşünür, çox nigaran olur…

 

…Mikayılın hədiyyəsi əsl sürpriz olmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı…Əslində onun evə hər gəlişi bax beləcə, xoş əhval, xoş gün idi. Valideyn üçün bundan  gözəl nə ola bilərdi ki???

-Nə gözəl hədiyyədir bu, Mikayıl? Ağıllı oğlum, nə gözəl hədiyyə almısan.

-Doğrudan deyirsən, mama, xoşuna gəldimi?

-Əlbəttə, xoşuma gəldi, bu mənim üçün dünyanın ən gözəl hədiyyəsidir, oğlum. Çox sağ ol…

Ailə ən xoş günlərini  yaşayırdı. Gələcəyin təlatümün, fırtınasın bilmədən. Mikayıl isə onları sevindirməklə yanaşı, həyət işlərini də unutmurdu. Nə vaxt  kəndə dönsəydi bağa keçər, mütləq yorulub əldən düşənə qədər işləyərdi. Sanki, bu işləmək həvəsi ona həyata yenidən gəlmək  sevinci  kimi  xoş ovqat bəxş edirdi…

Universitet həyatı da artıq sona çatırdı. Müəllimlərin rəğbətini qazanan Mikayıl çoxlu iş təklifləri də  almışdı.

-Hələ bir hərbi xidmətimi də keçim, İnşAllah, ondan sonra qəti qərar verəcəyəm, hansı iş daha münasibdir. Təhsilimi də davam etdirərəm, magistratura təhsili də vacibdir. Mütləq valideynlərimi də, gərək Rüfəti də gətirəm şəhərə. Yoxsa ki, çox  əziyyət çəkirlər – deyə, düşünürdü.

İmtahanlarını uğurla verib kəndə qayıtdı. Bütün ailə şam yeməyində Mikayılın hərbu çağırışı haqqında düşünürdü. Görəsən ki, Mikayıl hara düşəcək  xidmət zamanı?

Sükutu Mikayıl pozdu. Gülümsəyərək, gözəl gözləri ilə üzünü atasına tutdu.

-Ata, bilirsiniz bir söz demək istəyirəm. Daha doğrusu Sizdən bir xahişim var.

-Nə xahiş, oğlum?

-Xahşim odur ki, məndən nigaran qalıb, yerimi dəyişməyəsiniz. Mən hərbi xidmətdə hara düşsəm, orda da xidmət etmək niyyətindəyəm. Ümumiyyətə, mən düşnürəm ki, biz, Qarabağın alınmasını, azad olunmasını niyə gələcəyə saxlayırıq ki?…Onu biz almasaq, kim alacaq ki???

Ata oğlunun nə qədər mərd, vətənpərvər olduğunu duyub, qürur etsə də, qəlbində öyünsə də, yenə daxilində olan həyəcanını gizlətmək istədi. Biz də nigaran qalırıq, bala, deyirik ki, salamatlıq olsun…

  • Ata, bu torpaqları biz almasaq, kim alacaqdır ki…??? Bu fikir hər zaman qəlbimdə məni narahat edir…
  • …………………….
  • Bir də ki, əsgərlik, müharibə deyil ki… nigaran olmayın. Əgər qismətmə döyüşmək düşsə, sevinərəm ki, mən də topağımızın azad olunması üçün döyüşürəm…

-Yaxşı, oğlum, sən  istəyən kimi  olsun. Allah qorusun, harda olsan!

 

Mikayılı hərbi xidmətə yola salmaq üçün bütün  kənd camaatı,dostlar.qohumlar toplaşmışdı. Hər kəs xoş sözlərlə arzularını bildirirdi, onların xeyir-duası ilə hərbi xidmətə yola düşdü Mikayıl, neçə-neçə Vətən övladı kimi, Vətənə xidmət borcünü ödəməyə…

Nigarançılıq dolu günlər yol almışdı evə doğru… And içmə mərasiminə az qalırdı…

Mikayıl hərbi xidmətə gedəndən ailədə sanki bir süküt vardı, hər kəs digərinin duymaması üçün öz fikirlərini ürəyində saxlayır, digərini narahat etməkdən çəkinir, nahaq nigaran etməyim,- deyə fikirlərini ürəyində bölüşür, nigarançılığını gizlətməyə çalışırdı.

2015-ci ilin Avqustun ayının 15 idi. Gəncə şəhərində “N” saylı hərbi hissənin qarşısında böyük bir izdiham vardı. Əsgərlərin andiçmə mərasimi idi. Mikayıl hərbi sırada çox vüqarlı görünürdü. Uzaqdan onu görən ailə üzvləri və qohumlar sevinclə səsləyir, Allah sizi qorusun, balalar,-deyə, şükranlıq edirdilər. Burda yaşanan səs-küy– ailə dəyərlərinin Vətən sevgisi ilə çiçəkənmiş bir mənzərəsi, gözəl bir çələngi idi…

Əsgərlərin hərbi nümayişi bitdikdən sonra ailələri ilə görüş verildi. Hər kəs sevinc içində idi. Mikayıl həyəcanla ailə üzvləri ilə görüşüb, hal-əhval tutur, sevinclə zəng edən dostlar, qohumlarla danışır, razılığını bildirirdi. Əsgər formasında bir qədər də dəyişmiş, qəlbinin yurd istəyinə sanki  etibarlılıq, güvənlilik çökmüşdü…Bu forma ona çox yaraşırdı…

Görüş vaxtının bitməyinə az qalırdı. Mikayıl yeni yazdığı şeirləri anasına verib, bunları vaxtın olanda oxuyub, fikrini deyərsən, Ma-deyərək, gülümsədi.

-Əlbəttə, Mikayılım, gözəl oğlum, hamsını oxuyacam, inşallah taplayıb, çap da edərsən…

– Hələ çap olunmasına çox var, mama, hələ ki, fikirləriniz maraqlıdır. Çap…daha sonra…

Rumiyyə ana da, Yaqub ata da, əsgərlərlə mehriban dostluq edən Rufət də vaxtın necə keçdiyini hiss eləmirdilər. Görüş vaxtı bitirdi. Onlar qol-boyun görüşüb, vidalaşdılar.

-Yenə gələcəyik, Mikayıl, sən özünə yaxşı bax. Oldumu, sənə güvənir, etibar edirik. İnanırıq, bir sözlə…

-Narahat olma, ata, yaxşı olacaq hər iş…

Mikayıl əsgər gedəndən nə qədər istəsə də, narahatlıq, həyəcan tərk etmirdi ananı. İndi o Tərtər rayonunda qulluq edirdi. Üç aydan sonra yeri dəyişmiş, Tərtər rayonundakı “N” saylı hərbi hissədə yerləşdirilmişdir. Sentyabr, noyabr aylarında da getmişdilər Mikayılı görməyə. O isə hər dəfə razılıq edir, hər görüşdə də anasına şeir dəftərçəsini verir, şeirlrinin ilk oxucusu kimi telfonda onun rəylərini dinləməyi arzulayır, qələminin sorağını eşitməyə çalışırdı. Mikayılın şeirləri isə, həqiqətən, mükəmməl idi. Bu tək ananın övladına olan sevgisi, dəyəri deyildi, bu sətirlərdə həqiqi

mənada bir gənc şairin duyğulu könlü çağlayırdı…Elə çağlayırdı ki…ləpələri can atdığı sahilin xoşbəxliyini intizarla, həsrətlə gözləyirdi…

Rumiyyə ana, bir az fərəh, bir az sevinc, bir az nigarançılıq dolu baxışlarla oxuyurdu sətirləri…

 

Dəniz  sahili

Yenə dəniz sahili, zülmət  qaranlıq,

Sənsizəm,  gözlərim  görür   toranlıq,

Zamanım,  saatım, durub bir  anlıq,

Əzab  çəkir  bu  qəlb, yenə  daxili,

Səni  xatırladır  dəniz  sahili…

 

Qaranlıq  gecədə ay  da  görünmür,

Gəzdiyin  sahilə təzə  iz  gəlmir,

Dəniz  də  sakitdir,  susubdur, dinmir…

Dinmir bu  həsrətə,  susub zahiri-

Səni  xatırladır  dəniz  sahili.

 

Bəlkə  də  bir həsrət bitəcək  bu  gün,

Bir  nəfəs  dadıma  yetəcək  bu  gün,

Ya da  ki, bir  həyat  bitəcək  bu   gün,

Çünki  intihardır  şairin  meyli,

Bu “SON”a – şahiddir  dəniz  sahili!

( Mikayıl Vahabzadə-15 sentyabr-2015-ci il, Gəncə,”n”saylı Hərbi hissə, 12- ci bölük, saat: 1220)

 

Ana  oxuduqca  ürəyi  şiddətlə  döyünür, qulaqlarında Mikayılın  səsini  duyurdu … Şeirlər isə müxtəlif  mövzülarda  sıralanırdı…

Ana ürəyi

Yenə  də  əsgərdir, bir oğul bu  gün,

Silahdan  tutubdur onun  biləyi.

Bir  ana  həsrətlə  qalıbdı  bu  gün,

Oğulçın  çırpınır  ana  ürəyi.

 

Bilmir oğul necə, ya da  hardadır?

Görən  ürəyincə  əsgər  yeməyi?

Bəlkə onun oğlu indi dardadr,

Vurnuxur, döyünür  ana  ürəyi.

 

Bəzən də oğulçun ağlayır  ana,

Birdən yaşla dolur  gözün  bəbəyi.

Oğlunun gəldiyi deyilsə  ona,

Sanki dağa dönər ana  ürəyi.

 

Artıq üç aydır ki,  əsgərdir  oğul,

Üç aydır yemir o ana  yeməyi.

Gün keçir hərbiyə  öyrəşir  oğul,

Artıq rahat olsun ana  ürəyi…

Ananın gözlərindən iki danla  yaş düşür  vərəqlərə…Sakitcə  köks  ötürür…

-Niyə ağlayım  ki, Allaha  şükür  sağ-salamat  gələcək,  az  qalıb…Ağıllı  oğlum,  Mikayılım…

 

Əsgər  oldum  Azərbaycana

Mən də əsər oldum Azərbaycana,

Haqqını,  südünü  halal et, ana!

Neçə  vaxtdır  keşikçiyəm  torpağa,

Yolumu  gözləyin,  gələcəm, ana!

 

Bu eldə Nəbiyəm, qoç  Koroğluyam,

Həm  anamın, həm Vətənin  oğluyam.

Yalan  sözüm  yox, həmişə  doğruyam,

Yolumu  gözləyin, gələcəm,  ana!

 

Əsgərəm,  ay  ana, ürəyini  dağlama,

Bayram  günü, bayram payı saxlama…

Şəhid olsam, qəbrim  üstə  ağlama,

Yolumu gözləyin,  gələcəm,  ana,

Gəlib  göz  yaşını   siləcəm,  ana!

 

On səkkiz ay nədir, gəlib keçəcək,

Gözləri yollarda  qalan  sevgilim.

Axır  gəlib  bu  həsrət  də bitəcək,

Yolumu gözləyin, gələcəm , ana!

Allah özün qoru, balamı! Amin, Rəbbilaləmin, özün qoru! – deyə, Rumiyyə ana yenə ürəyində min nigrançılıqla  şeirləri  kitab rəfinə qoyub:

-Ürəyi şeirli, hikmətli balam!- dedi…

 

….Neçə gün idi ki, hərbi  hissədə  təlimlər artırılmışdı. Mikayıl bu təlimlərdə fəallığı, bacarığı ilə seçilirdi. Bunun nəticəsi idi ki, dəfələrlə təşəkkürnamə də almışdı rəhbərlik tərəfindən. Günün  çox hissəsini təlimlərlə məşğul olan Mikayıl yenicə otağa gəlmişdi ki, qapı  döyüldü.

-Əsgər  Vahabzadə,  sizə  məktub  var.

-Məktub, nə yaxı, çox  sağ  olun…

Əlinə aldığı məktub tanış  deyildi. Ona qəribə  də  gəlsə, məktubu  tez  açıb oxumağa başladı. Məktubu  Bakı şəhərindən bir texniki  lisey  məktəblisi  yazmışdı:

“Azərbaycan əsgərinə…

Salam əsgər! Mən də vətənini sevənlərdən biri kimi öz igid əsgərlərimizə ürək sözlərimi söyləməyə imkan tapdığım üçün çox sevinirəm. Düzdü, mən müharibələr zamanı  olmamışam. Və  qız olduğuma görə hərbi xidmətə gedib, əsgər də ola bilməyəcəyəm. Amma, həmişə yadımda saxlayacağam ki, bu dövrdəki şərait necə və nəçə çətinliklərlə yaranıb. Heç vaxt unuda bilmərəm ki, bəzilərinin ölümü bizim rahat yaşayış səbəbimizdir. Şəhidlər, Milli Qəhrəmanlar bizi unutmadığı kimi, biz də onları unutmamalıyıq. Vətənimizi unutmayanlardan biri isə siz əsgərlərsiniz. Siz bizim ən dəyərli insanlarımızsınız. Bir gün mənim də qardaşım sizin yolunuzu davam etməyə çalışacaq. Biz isə sizinlə fəxr edirik. Həmçinin mənim əmim də Şəhidlərlə birlikdə Vətən üçün canından keçib. Torpağa tapşırılıb. Hər bir Şəhidin ailəsi üzüldüyü kimi, biz də üzüldük. Lakin mən onu heç görməmişəm. Mənim arzularımdan biri də əsgərlərimizin həmişə Vətənimizin yolunda çalışmasıdır. İnşallah, gün gələcək düşmənlər Sizin qarşınızda göz yaşları tökəcəklər…”

Mikayıl məktubu oxuyub dərin fikrə getdi.

-Əsgərlikdə belə məktublar da olurdumu?Bu  təsadüfdirmi? Həyatda heç nə təsadüf deyil…Yəqin ki, ola bilcək zərurət öncədən görünməkdədir…

 

Qışf əsli artıq bitmək üzrə idi. Mikayılın bir illik xidmət müddətinin çoxu kecmiş, necə deyərlər azı qalmışdı.  Novruz bayramı da yaxınlaşırdı. Axşam atasının zəngi onu çox sevindirmişdi. Sabah yanına gələcəkdilər. Təlimlər isə ara vermədən davam edirdi. Çox yorulduğu üçün, daha şeir yazmağa da vaxtı olmurdu.

Mart 19-u idi. Mikayıl valideynlərini və qardaşını sevinclə qarşıladı. Çox sevincli bir gün idi. Onların gəlişi ilə bayram əhvalı  bir sevgi işığı idi ürəkdə. Sevgi ilə qol –boyun olan ailə, ən gözəl arzuların sehrində idi.

-Mikayıl, sən məzuniyyətə gəlmədin ki… Bəzi əsgərlər gəliblər, sən niyə gəlmədin?

-Mən may ayında gəlmək fikrindəyəm, ata, leytinant dostum var, həm də onun nişanı olacaq.Ona görə istədim ki, may ayında gəlim…

-İnşAllah oğlum, ata fəxrlə oğluna baxdı. İnşAllah, təki hər şey yaxşı  olsun.

-Mikayıl, sənin calaq etdiyin alçalar da çiçəkləyib. Bir görsəydin, dedim  ki, sevinəsən, cox əziyyətin çəkibsən.

-Hə, çox yaxşı xəbərdi bu, mama. Onun növün(cır) meşədən seçmişəm, Ona quluq edin, yaxşı  ağac  olacaq.

Mikayıl telfon zənglərinə cavab verməklə, demək olar ki, fasiləsiz danışmaq məcburiyyətində idi. Dostlar hər yerdən hal-əhval soruşur, bayramını təbrik edir, tezliklə görüşməyi diləyirdilər.

Görüş vaxtının bitməsinə az qalırdı. Mikayıl əzizləri ilə görüşüb, vidalaşdı, bayram sövqatlarını alıb, tezliklə evimizdə görüşəcəyik,- deyərək hərbi hissənin həyətinə keçdi.

 

Ötən hər gün ömürdən, gündən köçürdü…

-Bircə bu bir rneçə ay da gəlib keçsəydi, -deyə Rumiyyə ana, yenə nigaran idi. Mikayılı yaxın zamanda görməsinə baxmayaraq yenə nigaran fikirlər bitmir  ki, bitmirdi….

-Yaxşı ki, onun da bayramını öncədən gedib təbrik etdik,-deyə, nə iş görürdüsə qəlbində olan narahatlığı sanki sakitləşdirməyə çalışırdı.

Təmas xəttində isə hər gün atəşkəsin pozulmasından xəbər verirdi diktor. Hər eşidəndə ana qəlbi nigarançılıq alovunda əriyir, yenə də bəd fikirlərdən qaçmaq, uzaqlaşmaq hissilə:

-Hər şey yaxşı olar, İnşAllah – deyirdi…

 

Aprel ayının ilk günü isə soyuq bir qış havası sanki evi bürümüşdü. Bu nə soyuqdur, baharın gəlişi heç bu soyuqları azaltmadı ki…Mən niyə belə çox hiis edirəm ki bu soyuğu, yəqin hava dəyişəcək yenə…  Nə isə çox soyuqdu bu gün…

O həyətdə işlərini bitirib, evə qalxdı. Nigaran günlərinin yaxın zamanda bitəcəyi ümidi ilə düşünərkən qəfil xəbər gözlərini qaraltdı…

Gecə eşitdiyi xəbər bütün dünyasını buz etdi…Dondu qaldı…

Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində ordumuz hərbi əməliyyata başlamışdı. Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısı alınmış, düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edlmişdir. Müəyyən qədər ərazilərin azad edilməsinə, düşmən qüvvələrin  susdurulmasına baxmayaraq, itgimiz də az deyil…

Nə?… Necə… necə? Nə olub? Necə dedi…? İlahi, bu nə  xəbərdi? Ahh, balam… Mikayılım…Can balam…anan  qurban  sənə, balam…

 

… Mikayılın  məzarı yuxarı bağın meşəsində, dağın  ən  yüksək zirvəsindən baxır sevdiyi Vətən torpaqlarına. Aprel ayının 2-də qəhrəmancasına Şəhid olan Vətən sevdalı oğul, Aprel ayının 9-da Vətən torpağına qovuşmuşdur.  Qəhrəman oğul  ölümündən sonra dövlət rəhbərliyi tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal”  ilə təltif edilmişdir.

Yuxarı bağın meşəsində çiçəklərin ətrinə, xalqın sevgisinə bürünmüş Mikayılın məzarı– and yeridir. Vətənə sədaqət, yurda sədaqət!

Onu tanıyan hər kəs isə daima –“Mikayıl ölməyib, o Vətən tarixində əbədiyyətdədir”- deyirlər…

 

Ey  Vətən

Üç rəngli bayrağın dalğalanacaq,

Millətin ayağa birdən qalxacaq.

İgid  oğulların  Şəhid  olacaq,

Qorunur torpağın sənin, ey Vətən!

Sənin, ey Vətən, sənin ey Vətən!

 

Ağdərə, Füzuli  tapdaq  altında,

Vermərik  biz  torpağı  bir  yada.

Ölmək  lazım  gəlsə  öləcəyik  biz,

Qorunur  torpağın  sənin, ey Vətən!

Canım, ey Vətən! Canım, ey  Vətən!

                                (Mikayıl Vahabzadə)

 

Allah Vətən Şəhidlərin Rəhmət eləsin. Amin.

(son)

Share: