Azərbaycanı ABŞ-da təbliğ edən qocaman türk professoru

Azərbaycanı ABŞ-da təbliğ edən qocaman türk professoru

Şəxsiyyətin yetişməsində sözsüz ki, ailənin, ictimaiyyətin, təhsilin, onu əhatə edən mühitin rolu böyükdür. Necə deyərlər, insan dünyaya bir fərd olaraq gəlsə də, onu kamil şəxsiyyət kimi zaman yetişdirir. Bu gün sizə Azərbaycanı canı qədər əziz bilən bir türk oğlu türkdən- professor İlhan Başgözdən söhbət açmaq istəyirəm. Doğum şəhadətnaməsində “1921-ci il, arpalar biçilərkən dünyaya gəlib”- sözləri yazılıb. Uzun illər İndiana Universitetinin türkologiya fakultəsinə rəhbərlik edib, filologiya elmləri doktoru, emeritus professordur. Hazırda İndiana ştatının Bluminqton şəhərində yaşayır. Emeritus professor o deməkdir ki, təqaüdə çıxdıqdan sonra da professor titulunu ömürlük daşıyırsan. “Emeritus” sözünün latın dilindən tərcüməsi isə “veteran əsgər” mənasını verir. ABŞ-da bu titulu almaq hər alimə qismət olmur…

Orta məktəbdə oxuduğu zaman cumhur başqanı Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinifin həndəsə dərsində iştirak edir. Müəllimin sualına cavab verən şagirdlərdən biri, yazı lövhəsində riyazi məsələni həll edərkən, rəqəmlərin altında bəndləri bildirən ”alfa”, “betta”, “qamma” hərflərini yazanda Atatürk şagirddən soruşur:- “Türk dilində kifayət qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən?” Şagird çəkinə-çəkinə, müəllimimiz belə öyrədib, söyləyir. Atatürk ayağa qalxıb lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə “A”, “B”, “C” hərflərini yazır. Həndəsə müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla: “Paşam, dövlətimizin bizə verdiyi kitabda belə yazılıb”- deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir həftə sonra həndəsə kitabları yenisi ilə əvəzlənir…

Tükrkiyə Elmlər Akademiyasının fəxri üzvüdür. İyirmi iki kitabın müəllifidir. Onların on dördü türkcə, yeddisi ingiliscə, biri isə fransız dilində nəşr olunub. Azərbaycana cəmi iki dəfə gedib. Bəxtiyar Vahabzadənin Şəkidəki evində iyirmi gün qonaq da olub. Geri dönəndən sonra Bəxtiyar Vahabzadənin şeirlərini, eləcə də ”Azərbaycan dastanları”nı ingilis, “Molla Nəsrəddinin lətifələri”ni isə həm ingilis və həm də fransız dillərinə çevirərək üç kitab nəşr etdirib. Cavad Heyət haqqında xatirələrini sevə-sevə bölüşən bu 98 yaşlı professorun həyatında çox maraqlı hadisələr olub.

Deyir ki,- “Cavad Heyəti Amerikaya dəvət etmişdim. İndiana Universitetində Azərbaycan ədəbiyyatı haqqında gözəl çıxış da etdi. Sonradan mən onun Tehranda qonağı oldum. O vaxt şah Rza Pəhləvi hakimiyyətdə idi. Şah Cavad Heyətin xətrini çox istədiyi üçün İranın yüksək vəzifəli adamları onunla mehriban davranırdılar. Bir dəfə Cavad Heyət Tehrandakı evində təşkil etdiyi məclisdə məni qonaqlara təqdim edib söylədi ki, “İstiqlal marşı”-nı oxuyum. Qulağına İran təhlükəsizlik xidmətindən çəkindiyimi bildirdim. Söylədi ki, çəkinmə, burada əyləşənlərin hamısı vəzifəli adamlardır. Məsələn, bu kişi şahın təhlükəsizlik xidmətinin rəisidir, o, kişi isə Tehran polisinin rəhbəridir. Dedim, axı mənim səsim yoxdur. Dedi ki, onda oxuma, şeir kimi söylə. Söylədim, məclisdəkilər “İstiqlal marşı”-nı ayaq üstə dinləyib, sonda məni gurultulu alqışlara tutdular”…

Bir neçə dəfə evində həmsöhbət olduğumuzdan onu yaxşı tanıyıram. Çox mehriban, təvazökar, həlim insandır. Qonaqlarını yüksək səviyyədə qarşılayıb, yola salmağı bacarır. Yumor hissi də öz yerində. Hər dəfə söhbətimiz boyu dostluq etdiyi insanlar haqqında danışdıqca kövrəlsə, onların yoxluğuna heyfsilənsə də zarafatından da qalmırdı. Sonuncu görüşümüzdə isə onunla sağollaşarkən Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillin 1964-cü ildə bir gənc jurnalistə dediklərini söyləyib, məni qapıyadək ötürdü. Müsahibə götürən jurnalist 90 yaşlı Çörçilldən ayrılarkən ona:- “Cənab Çörçill, ümid edirəm ki, sizinlə 2000-ci ildə yenə də görüşəcəyik.” O isə gülümsəyərək:- “Bunu sənə arzulamazdım. Sən məndən yaşda çox kiçiksən”- söyləyir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

La imagen puede contener: 1 persona
La imagen puede contener: 2 personas, personas sonriendo, personas sentadas
La imagen puede contener: Elman Eldaroğlu, sentado, tabla e interior
No hay descripción de la foto disponible.
La imagen puede contener: texto
Share: