“Yumurta əhvalatı..”-Gülər Eldarqızı

Yumurta əhvalatı

(Gülər Eldarqızı)

 

Çətinliklə də olsa yumurta dolu verdəni metronun çıxışına gətirə bildi. Birinci dəfə olduğu üçün çox utanır,üstü qəzetlə örtülmüş vedrəni əlində o tərəf-bu tərəfə yelləyərək ətrafa boylanırdı.

Bakı kəndlərinin birində yaşayan İlyas çətinlklə qovuşduğu əlli yaşını yola salsa da özünü iyirmi yaşlı bir gənc kimi utancaq hiss edirdi. Bəlkə də bu utancaqlığa səbəb bu yaşına qədər ata adını daşıya bilməməsi idi. Ailə qurduğu vaxtdan uzun illər keçsə də övlad sahibi olmadığına görə həyatı ilə barışmış, sevib ailə qurduğu Müjgandan ayrılmayacağına söz vermişdi. Bu, onun həyat eşqini söndürməsə də cavanlıq utancaqlığı, məyusluğu irsən keçən xüsusiyyət kimi qanına işləmişdi.

Uzun müddət sürücü kimi çalışdığı şirkətdən təxirə salınmış, peşəsindən uzaqlaşmışdı. Ailədə iki nəfər olsalar da , yaşamaq, növbəti günlərə addım atmaq üçün çarpışırdılar. Bu səhər Müjgan ona “Allaha şükürlər olsun! Pis, yaxşı dolanırıq. Həyətdə bu qədər toyuq-cücə olduğu halda niyə dolaşınığımız pis olsun? Yumurtalardan apar sat. Başqaları necə, biz də elə” dediyi sözlərdən sonra ürəklənərək çoxu kimi yumurta dolu vedrə ilə hər gün alış-verişi gur olan metronun önünə gəlmişdi. Geyimi isə ətrafdakı satıcılardan fərqlənirdi. Səliqə-səhmanlı idi. Onu kənardan təsadüfən görən heç yumurta satana bənzətməzdi.

  • Kimindi bu vedrə? Deməmişəm ki, burda bazar açmaq olmaz? – deyən polis işçisi ağına-bozuna baxmadan yumurta dolu vedrəyə möhkəm bir təpik vurdu. Bir anlıq çaxnaşma düşdü. Limon, corab, mer-meyvə satanlar aradan əkildilər. Bu mənzərə İlyasa tanış deyildi. Belə halı heç təsəvvürünə də gətirməzdi. Polisə yaxınlaşıb niyə belə hərəkət etdiyini soruşdu. Əvəzində təhqiredici sözlər eşidib yerə səpələnmiş yumurta qırıqlarına fikir vermədən vedrəni götürüb kənara çəkildi. Əhvalı pis olsa da biruzə vermədi. Onu heç bu məkanda tanıyan da yox idi. O üzdən pərt olsa da bir neçə dəqiqədən sonra əhvalı düzəldi. İndi evə qayıtmalı idi. Vedrədə cəmi dörd şanslı yumurta qalmışdı. Baxıb gülümsədi. “Hə, bu yüz faiz çil toyuğun yumurtalarıdı” – deyib üzü metronun girişinə yön aldı.
  • Ay qardaş, ay qardaş, – orta yaşlı bir qadın yaxınlaşdı. İlyas təəccüblə geri döndü.
  • Bəli, ay bacı…
  • Bunlar tez-tez belə edir də. Kimdən yer pulu alırlarsa, işinə mane olmurlar. Vay o gündən təzə adam gələ nəsə satmağa. Beş-altı manat qoparmayınca alver etməyinə imkan vermirlər. Sən gərək hörmət edəydin…
  • Mən birinci dəfədi gəlirəm bura. Bir də ki, yumurta satmaq nə vaxtdan ayıb olub ki? Öz həyətimizdəndi. Eh, nə isə, – deyib uzaqlaşmaq istəyərkən qadın bir daha dilini işə saldı: – Mən elə yumurta almağa gəlmişdim. Uşaqlar marketdən alınan yumurtanı bəyənmir. Bu yaxınlıqda bir qadın yaşayırdı. Tez-tez gətirirdi həyətindəki toyuqların yumurtalarından. Keyfiyyətli olurdu. Neçə gündü o da yoxa çıxıb. Bilmirəm toyuqlar xəstələnib, ya da arvada nəsə olub. Hə… Deməyim odur ki, sən yumurta gətirsən alaram, – deyib vedrəyə baxdı. Salamat qalan dörd yumurtalar gözünə ilişdi. – Aaa… Halaldı vallah, bu yumurtalara. O boyda pələngin təpiyindən sonra sağ qalıblar. Gəl belə danışaq. Sən bu yumurtaları mənə hədiyyə et. Onsuz da bu gün səninki gətirmədi. Telefon nömrəni də ver, qeyd edim. Əgər yumurtalar keyfiyyətli olsa, daimi müştərim olarsan. Yox, xoşuma gəlməsə sən sağ, mən salamat. Hə, nə deyirsən? – qımışdı qadın.
  • Nə deyim… Onsuz da evə əliboş gedirəm. Polisin cəngindən xilas oldum, vay evdəki günümə, – deyib gülümsəyərək yumurtaları qadına verdi.

Evə xoş əhval-ruhiyyədə qayıtdı. Olanları lətifə kimi Müjgana danışdı. Qadın əsəbiləşsə də, ərinin üstünə çox getmədi. Şam yeməyindən sonra yataq otağına keçib adəti üzrə nə etməliydilərsə, onu  təkrarladılar.

Bir neçə gün keçdi. İlyas kəndin çay evində köhnə dostlarla nərd oynayan anda yumurta sifarişi üçün zəng edən qadının səsi əhvalını dəyişdi. Dostlar hələ ona zarafatla məzəmmət də etdilər. İlyas isə sevincini bölüşmək üçün cəld evə gəldi.

-Ay Müjgan. Bax gör neçə yumurta var? – soruşdu.

– Yumurtadan sənə nə? Nə qədər istəsən var. Xeyri nədi? Alan ki, yoxdu. Mənim kimi toyuqlara səliqə ilə qulluq edən var? Vallah, cücə zavodunda da belə vaxtlı-vaxtında yem verilmir, dava-dərman olunmur binəvalara. Amma nə xeyri? Get bax marketlərə, alıcı yumurta üçün növbəyə dayanıb…

– O qadın haqqında demişdim ha sənə, yadındadı? Bax elə indicə zəng vurub dedi ki, yumurtaların dadı xoşuna gəlib. Deyir imkan olsa qıxr-əllisini gətir.

– Doğurdan? – Müjganın gözləri sevincdən bərəldi.

– Hə. Ay qız, tez ol, yığ verdəyə aparım. Bir siyahı da yaz. Gələndə evə nə lazımdırsa, alım.

Qara Qarayev metro stansiyasında görüşdülər. İlyas qadınla görüşdükdən sonra boş vedrəni Müjganın ağ vərəqdə qeyd etdiyi ərzaqlarla doldurub sevinclə evə qayıtdı.

Beləcə, aylar ötdü. İlyas hər həftə qəlbində ağır iz buraxan bu məkana dolu gəlib, dolu da qayıdırdı. Bir səhər isə köhnə hadisənin qəhrəmanı ilə rastlaşdı.

  • Bağışla, qardaş. O gün hirsli idim. Vedrəyə təpik vurdum. Burda qaydalar başqa cürdü. Gərək əvvəl gəlib bizə baş çəkəydin. Sonra nə istəsən gətirib sata bilərsən. Belə də ki, həmişə görürəm, gətirib bir qadına yumurta satırsan. Bizim gözümüzdən heç nə yayınası deyil. Allah bazar versin! Elə et, biz də dolanaq da. Evə beş-üç manat aparaq. Bizdən ziyan gəlməz. İndi aramızda hər nə söhbət olubsa, olub. Kişiyik.Eyni torpağın övladlarıyıq. Biz bir-birimizə kömək etməsək, kim edəcək? Düz demirəm? – deyə sağ əlini İlyasa uzatdı.

 

Gülər Eldarqızı

Share: