Bakıda qətl törətməkdə təqsirləndirilən Quba rayon sakini Fazil Həsənov barəsində çıxarılan hökmdən apelyasiya şikayəti verib.
Müstəqil.Az xəbər verir ki, Fazil Həsənov şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Vaqif Mursaqulovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası iyulun 11-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.
O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb.
Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.
Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.
İstintaq orqanı tərəfindən Fazil Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 133.1-ci (bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib.
Hacı Zeynalov