“Le Monde”: “Livan, İsrail, Səudiyyə Ərəbistanı və İran çarpışmasında Fransa ABŞ-ın boş buraxdığı mövqeləri doldura və yeni qlobal arbitr rolunu oynaya bilər”
Yaxın dövrlərdə Suriya münaqişəsinə yeni dövlətin cəlb olunması gözlənilir. Bu, uzun müddətdən bəri İranı sərhəd bölgələrinə qoşun yığmaqda və Hizbullahı silahlandırmaqda ittiham edən İsraildir.
Fransanın “Le Figaro” qəzetinin icmalçısı İzabel Lasserin yazdığına görə, İsrail yanı başında İran probleminin gündən-günə şişdiyini narahatlıqla izləyir.
“Biz olduqca narahatıq. İran Hizbullahla birlikdə Suriyada tam olaraq yenidən yerləşib. Bundan başqa, İran tərəfindən göndərilən şiə könüllüləri artıq Suriya ordusunun tərkib hissəsinə daxil olunub. İranın bu torpaqlarda varlığının təsbit olunması qüvvələr nisbətini tamamilə dəyişir”, – “Mossad”-ın keçmiş yüksək rütbəli bir əməkdaşı müəllifə bildirib.
Lasserin fikrincə, şiə İranı və Hizbullaha qarşı açılacaq yeni savaş üçün Səudiyyə Ərəbistanının təzyiqləri ilə Livan baş naziri Səəd Həririnin istefasından sonra yaranan böhran məsələnin nə dərəcədə ciddi olduğunu göstərir.
“İsrail Hizbullahın Livandakı varlığını artıq qəbul etmişdi. Lakin israillilər Hizbullah ordularının (dolayısı ilə İranın-red.) Qolan təpələrinə yaxınlaşmasına qarşıdırlar. Çünki belə olan halda, istənilən an ölkənin şimalı hücum təhlükəsi və cəbhənin yarılması təhdidi ilə üzləşə bilər”, – israilli geopolitik Frederik Ansel özünün “Mənim geopolitik lüğətim” kitabında qeyd edir.
Məqalədə iranlı zabitlərin iştirakı ilə Dəməşqin İsrailin 30 km-də yerləşən rayonlarda uzunmüddətli hərbi bazalar inşa edildiyinə diqqət çəkilir. İsrailin baş naziri Benyamin Netnayahu isə istənilən anda bu hədəfləri vura biləcəklərini söyləyir.
“Biz Suriyada şiə oxunun qurulmasına imkan verməyəcəyik və bunun üçün hərbi əmliyyatlara belə hazırıq”, – müdafiə naziri Avidqor Liberman bəyan edib.
İsrail bunun əvəzində Suriya ilə sərhəddə 50 km-lik bufer zonanın qurulmasını tələb edir.
“Le Figaro” İran ordusunun İsrail sərhədlərinə yaxınlaşmasının Tel Əvivdə tək narahatlıq mənbəyi olmadığını da yazıb:“Onlar son dövrlərdə Rusiya və İran arasındakı starteji yaxınlaşmanı yolverilməz hesab edirlər”.
Məqlaədə yeni yaranan siyasi konfiqurasiyada İsrailin yeni dostlar arayışında olduğu yazılıb. Təl-Əvivin bu məqsədlə “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət etməsi heç kimə gizli deyil.
“Biz heç kimin yerinə çirkli işi görmək istəmirik. Lakin İrana qarşı istənilən əlavə təzyiq ürəyimizcədir”, adı çəkilməyən israilli diplomat səudiyyəlilərlə ittifaqa belə gedəcəklərinə işarə vurub.
Fransız jurnalist bu məsələdə və indiki anda Fransaya əla fürsət doğduğunu düşünür. Onun fikrincə, Fransa və onun yeni lideri Emmanuel Makron İranla həm nüvə anlaşması ilə bağlı, həm də İsraillə yaşanan problemlərə əlaqədar siyasi təşəbbüsü öz əlinə ala bilər: “Fransa bölgə oyunçuları ilə münasibətlərdə həm mədəni, həm də tarixi ənənələrə malik bir dövlətdir. Bu səbəbdən, o, Livan böhranında, o cümlədən İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlikdə vasitəçi rolunu oynamağa qadirdir”.
Müəllif Emmanuel Makronun qarşıda görünən faydanı qaçırmayacağını düşünür: “O, indi amerikalılar tərəfindən boş buraxılan mövqeləri ələ keçirir. İndi, sünnilərlə şiələr arasında toqquşmaların baş verdiyi bir vaxtda Fransa bütün tərəflərin müraciət edə biləcəyi arbitrə dönə bilər”.