15 iyul tarixində Masallı rayon Qəriblər kəndində yerləşən, həmin bölgənin ən gözəl oteli olan, Viləş otelin rəhbərliyi tərəfindən aləmə səs salan “Günəşin Nuru” antologiyasının təqdimatı üçün dəvət olunmuş “Günəşin Nuru” kollektivi möhtəşəm bir təqdimatla Masallı camaatına gözəl anlar yaşatdı. Layihənin rəhbəri Esmira Günəşin ad günün həmin günə düşməsi isə ikiqat sevinc oldu.
İlk öncə Viləş otel rəhbərliyi, başda kitabda şeirləri dərc olunan şair və otelin xəzinədarı Səbuhi Seferoglu olmaqla “Günəşin Nuru” kollektivini otelin girişində qarşılayaraq gözəl çay süfrəsinə dəvət etdilər. Müxtəlif bölgələrdən gələn şairlərimiz bir az dincini aldıqdan sonra təqdimat məkanına keçdilər. Burada onlar üçün xüsusi məkan ayrılmışdı.
Hansı ki, məkanın bir tərəfində təqdimat üçün nəzərdə tutulmuş stullar düzülərək, digər tərəfində isə gözəl bir süfrə açılmışdı. Tədbirdə çox dəyərli ziyalılar, Masallı rayon və Ərkivan qəsəbəsinin dəyərli iş adamları iştirak edirdi. Tədbiri layihə rəhbəri Esmira Günəş açıq elan edərək ilk öncə qonaqları salamladı və otel rəhbərliyinə bu gözəl təşəbbüsünə görə xüsusi təşəkkürünü bildirdi. Daha sonra təqdimatda iştirak edən şairləri təqdim edərək dedi: –
Mən Esmira Günəş “Günəşin Nuru” antologiyasının rəhbəri Gəncədən, şairə Gilə Əliqızı Bakıdan, @Vüsalə Hikmət Masallıdan, Natiq Babayev Şamaxıdan, İmran Rəhimov Zərdabdan, Səbahəddin Güney Cəlilabaddan sizin görüşünüzə gəlmişik. Digər şairlərimiz müəyyən səbəblərə görə gələ bilməsələr də ürəkləri bizimlədir.
Daha sonra şairə öz kitablarını təqdim etdikdən sonra “Günəşin Nuru” antologiyasından müxtəlif şairlərin şeirləri səsləndi. Qonaqlar çox böyük heyranlıqla şairləri dinləyir, hər çıxışlarını gurultulu alqışlarla qarşılayırdılar. Gələn qonaqlardan Ərkivan qəsəbə C.Cabbarlı adına 1 nömrəli məktəbin direktoru Manijə Yəhyayeva, həmin məktəbin rus dili müəllimi Səkinə Əsədova, Masallı rayon Mənzil İstismar Sahəsinin rəisi Əhliman Əsgərov, Ərkivan qəsəbə Ərazi Nümayəndəsi İsrail Tağıyev, NKA-nın rəisi Əzizağa Hüseynov, Tikinti idarəsinin rəisi Məhəmməd Heydərov, MKKİ birliyinin rəis müavini Əhəd Əhədov, Viləş otelin satış meneceri Anara Bəşirli, Viləş otelin mühasibi Emin Abbasov və şair Səbuhi Səfəroğlunun atası Səfər Nuralıyev çıxış edərək bugünki tədbirlə bağlı xoş təsüratlarını dilə gətirdilər.
Şairlərimizə belə gözəl işdə uğurlar arzulayaraq “Günəşin Nuru” kollektivini Masallı İcra Hakimiyyətinə və Masallıda yerləşən orta məktəblərə dəvət etdilər ki, onların yaradıcılığından Masallıda hər kəsin xəbəri olsun. Hər kəs bu tədbirin gözəlliyindən ağızdolusu danışdı. Onlara qarşı olan bu gözəl sevgini görən “Günəşin Nuru” antologiyasının kollektivi isə böyük məmuniyyətlə gözəl təklifləri qəbul etdilər və qısa zamanda yenidən Masallıya tədbirə gələcəklərini qeyd etdilər.
Tədbirin sonunda Viləş otel kollektivi adından antologiyanın rəhbəri Esmira Günəş üçün surpriz tort hədiyyəsi gətirildi, tədbirdə iştirak edən şairlər Esmira xanımı təbrik edərək hədiyyələrini təqdim etdilər. Tortu bütün kollektiv birgə kəsdikdən sonra xatirə şəkilləri çəkilərək, qonaqlar üçün kitablar imzalandı. Təqdimat bitdikdən sonra qonaqlar Viləş otelin yüksək səviyyədə təşkil etdiyi yemək masasına dəvət olundular.
Təbiətin qoynunda yerləşən otelin gözəlliyi həm qonaqları, həm də şairləri valeh etmişdi. Elə buna görə də yeməkdən sonra da oteldə şairlərlə birlikdə gəzinti təşkil olundu və gözəl mənzərəli xatirə şəkilləri çəkildi.
“Günəşin Nuru” antologiyasına dəstək olaraq belə gözəl qayğı ilə yanaşan hər kəsə təşəkkürümüzü bildiririk.
Müstəqil.Az