Müstəqil.Az Yetim Qacarın yeni şeirini təqdim edir:
Bütün bayraqları endirin bu gün,
Çökün diz üstündə üzü Ağdama.
Ağdamsız yaşayan ağ damlı deyil,
Desə ağ damlıyam, gözü ağ dama!
Onsuz da əridir dərd oğulları,
Ana yad əlində, bacı girovdu.
Ağdamsız yaşayan mərd oğulların,
Sinədən boylanan dağı Murovdu.
Bakı qeyrətimi boğan qəfəsdi,
Atəşkəs fatihə çalır namusa.
Bu səs Mərzilidən ucalan səsdi,
Ağdamı unudan gərək qan qusa!
Savaş xəbəriylə, cəng həvəsiylə,
Şəhidlər məzarda narahat yatır.
Ağdamlı sayılmaz qaqa səsiylə,
O kəs ki, Bakıda bax rahat yatır.
“Ata, ata yurdum harda?” soruşşa,
Söylə, o körpəyə axı nə deyək?!
Bir gün yaxamızdan tutub danışsa,
“Vermişik dığaya hədiyyə” deyək?!
Ağdamsız ağlamaq bizə yaraşmaz,
Bu dərd içimizdə gülmək haramdı!
Savaşdan özgə yol bizə kar açmaz,
Baş qoyub yastığa, ölmək haramdı!
Bütün bayraqları endirin bu gün,
Çökün diz üstündə üzü Ağdama.
Ağdamsız yaşayan ağ damlı deyil,
Desə ağ damlıyam, gözü ağ dama!