“Şairin dünyası qız qoxuludu!” – Vüqar Bayramov

Şairin dünyası qız qoxuludu!
 
Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!
 
Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!
 
Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!
 
Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!
Vüqar Bayramov
22.07.2018
 
Dünya mənim gözümdə bu baxışın boydadı.
 
Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.
 
Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.
 
Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.
26.02.2019
Vüqar Bayramov
Müstəqil.Az
Share: