TÜRK -TACİDARIN SON DÖYÜŞÜ “Əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır” Şah İsmayıl

(“Taxt və Tabut” romanından …)

…Günəş qırmızı kəhər atına minib üfüqlərin arxasından çıxıb göy qübbəsinə qalxanda hər iki qoşun nizamla düzülüb döyüş əmrini gözləyirdi. Ətraf lal süküt içindəydi. Çaldıran düzündə – iki rəqib türk səltənətinin savaşdığı meydanda təbiətin gözəlliyindən əsər-əlamət görünmürdü. Bir gün əvvəl Osmanlı toplarından yağış kimi yağan mərmilər torpağın bağrını şırım-şırım eləmişdi. Yay səhəri olsa da, dünənki savaşda hər iki tərəfdən həlak olan igid türk əsgər və sərkərdələrinin isti qanı ilə suvarılmış torpağın üzü soyuq idi.

Şah İsmayıl yenə atının üstündə qoşunun qarşısından keçib sərkərdələrini, əsgərlərini gözdən keçirdi. Cərgəyə düzülən əsgərlərin çoxu ayağından, qolundan, hətta başından yaralansalar da, yaraq-yasaqlarını qurşanıb yenə döyüşə hazır vəziyyətdə dayanmışdılar. Arxa cərgələrin birində iki süvarinin öz aralarında söhbətini şah da eşidirdi:

-Kaş bu gün Şahımızın bəxti gətirəydi, Yavuz yolsuzu yola gətirib savaş meydanına gəlməyə razı salaydı. O zaman şahımız onun da üstünə yeriyib qılıncıyla qırmızı sifətini bədənindən ayırardı…

Yaralı əsgər silah yoldaşına:

-Hə, qardaş, düz deyirsən, bu lovğa sultan topxanasına arxayındı, – dedi, – yoxsa, şahənşahımız elə dünən onu cəhənnəmə vasil edərdi.

Şah onlara tərəf boylandı, hər ikisi yaralı halda yaraq-yasaqlarını qurşanıb, atlarına süvar olmuşdu. Gördüyü bu mənzərədən, eşitdiyi söhbətdən sonra şah atının başını çevirib yenə rəqib tərəfə – irəli sürdü. Döyüş meydanında dünən atılan top mərmiləri saysız-hesabsız çalalar əmələ gətirmişdi. Çalalar sanki hər iki qoşunun bu gün şəhid olacaq əsgərləri üçün qazılan məzarlara bənzəyirdi…

Şah İsmayıl yenə Sultan Səlimə meydan oxudu:

– Səlim xan, arxada gizlənənlərə ərlik adı haramdı demişdin. Ölümdən qorxan kişilərə ata minmək qılınc qurşanmaq yaraşmaz demişdin!.. Məktubunda yazırdın ki, yer üzündə qiyamət qopararam, pəhləvanların qanından sübh vaxtı şərab içərəm! Elə isə gəl, ikimiz təkbətək savaşaq, bu fani dünyanın mal-mülkünə görə əzəldən nəhəng ağacın qol-budağı kimi pöhrə verən türk övladlarını güdazə vermə! Onların qanlarına bais olma! Topxanaya güvənib savaş aparmaq sənin tək qüdrətli bir sultana yaraşmaz! Önə çıx, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır və düşmənini döyüş meydanında təkbətəkqarşılamalıdır.

Səlimdən səs çıxmadı. Şah İsmayılın sayı seyrələn qoşununa baxdı. Onun cəsarətinə, döyüş əzminə heyrət etdi. Top-tüfənginə güvənib bu qədər yol qət etməsəydi, bəlkə də döyüşdən vaz keçərdi. İndi isə “Əfsus ki, gecdir…”-deyib başını bulamaqdan başqa çarəsi qalmamışdı. Şah İsmayılla təkbətək savaşa girmək onun üçün labüd ölüm demək idi. Bu labüd olan ölüm isə təkcə onun deyil, Osmanlı xanədanının süqutu ola bilərdi. “Mənim ən böyük arzum İslam xəlifəsi olmaqdı, İsmayıl. Səninlə təkbətək döyüş bu arzularıma son qoyar!” Sultan könülsüz əlini yuxarı qaldırdi. Bu döyüş əmri demək idi. Təbillər gürultu qopardı, gəranayların səsküyu Çaldıranı lərzəyə saldı.

Dini bir olan  iki türk dövlətinin övladları qanlı savaşa girdilər.

Təriqətləri ayrı olan bu zavallı əsgərlər Allahdan da çox öz hökmüdarlarına pərəstiş edirdilər. Hər iki tərəfdən özlərinə Şahın və Sultanın yolunda şəhidlik arzulayan yetərincə cəsur, fəqət, cənnət xəyallarına düşgün savaşçı var idi. Osmanlı əsgərləri Yavuz Sultan Səlimə müsəlmanların nicatı, göylərin elçisi, sünniliyin dayağı, cahanı şiə zülmündən qurtaran xilaskar kimi baxırdılar. Qızılbaş əsgərləri də Şah İsmayılı on ikinci şiə imamı Mehdi Sahib-əz Zamanın naibi kimi sevirdilər. Bu düşüncə tərzi təkcə Çaldıranda ölüm-dirim savaşına qatılanların deyil, həm də TÜRK ulusunun ən böyük faciəsi idi. Bəlkə bu an ölüm mələyinin dili olsaydı, Çaldıran səmasından car çəkərək təbillərin, gəranayların səsini susdurub deyərdi:

– Ey əhli islam, əl saxlayın! Bu savaşın qalibi nə Şah İsmayıl olacaq,

nə də Sultan Səlim…Eşidin, bilin, qələbə hər iki türk-müsəlman səltənətinin əzəmətindən təşvişə düşən qərb dövlətlərinin olacaq! Çünki onların siyasətinin kökü xristian dininə söykənir… Siz isə bu gün də, gələcəkdə də öz dininizi öz əlinizdə savaş alətinə döndərən düşməni tanımadıqca, böyük sərvət və can itkiləri verəcəksiniz…

İndi Çaldıran meydanında ömrünün iyirmi səkkizinci yaşına yenicə qədəm qoyan Şah İsmayıl əqidəsi naminə öz qılıncına güvənib rəqibin qoşununa dalbadal həmlə edirdi. Bu gənc, igid və qorxmaz türk cəngavəri ölümün bir addımlığında olsa da, on dörd il öncə qurduğu dövlətin açarlarını könüllü şəkildə Yavuz ləqəbli gözü qızmış bir sultana vermək istəmirdi… Onun ən böyük arzusu vətənini, dilini, əqidəsini qorumaq idi.

Qırx dörd yaşlı digər türk cəngavəri Sultan Səlimsə Göytəpəadlı yüksəklikdə zəmanəsinin yeni döyüş silahlarının – topların arxasında daldalanmışdı. Şan-şöhrət, qənimət qazanmaq, Misir fironlarının oturduğu taxta çıxmaq, İslam xəlifəsi olmaq onun ən böyük arzusu idi. Arzularına yol Çaldırandan keçirdi. Onun niyyəti Şah İsmayılı əsir alıb öz əlləriylə axırına çıxmaq, Qızılbaş dövlətini məhv etmək idi. Amma budur, hələ ki hər iki böyük türkcəngavəri uğur qazana bilmirdi.

Şah İsmayılın ordusu “Ya Əli” sədaları altında Osmanlıların piyada qoşununu geri oturtsa da, rəqib tərəfin top atəşləri qarşısında geri çəkildi. Qızılbaş ordusu topu ilk dəfə Almaqulağı döyüşündə yaxından görsələr də, onun dağıdıcı gücə malik olduğuna Çaldırandakı meydan savaşında şahid oldular. Hər dəfə geri çəkilib həmləedəndə Şah İsmayıl atını dəyişib özünü Osmanlı ordusunun gah

sağ, gah da sol cinahına vururdu. Bu minvalla şah bu döyüşdəyeddi dəfə atını dəyişdi.

Sultan Səlim isə yeniçərilərin arxasında özünü cəsur qızılbaşların hücumundan qoruyur, zəncirlərlə bir-birlərinə bənd edilmiş toplardan dalbadal atəş açmağı əmr edirdi. Qızılbaş süvariləri mərmi, güllə yağışı altında həmlələrini hələ də davam etdirirdilər.

Kişilərlə çiyin-çiyinə döyüşən qadınlar da Osmanlı əsgərlərinəmərdliklə müqavimət göstərir, bəzən də sinələri tüfənglərdən açılan güllələrə, kamandan atılan oxlara hədəf olurdu.

Bir tərəfdə Taclı xatunu öz başının dəstəsiylə yenicəri əsgərlər mühasirəyə almışdılar. O, çiynindən ağır yaralanmışdı. Atından yerə yıxılanda dəbilqəsi başındam düşdü. Uzun xurmayı saçları mərmi atəşindən qovrulmuş torpağın üstünə dağıldı. Bu zaman əlində qılınc ona hücüm edən Qaramanlı Hüseynin heyrətdən gözləri bərələ qaldı.

-Allah, Allah, – deyib, bir iki addım geri çəkildi.

Taclı xatun da qılıncına əl atıb ayağa qalxdı. Bu zaman Kürd Rövnəqulunun yaxından atdığı ox onun qılınc tutan qoluna sancıldı. Cahan xanım atından enib ona yardım etmək istəyəndə Kürd Rövnəqulu ayı kimi onun üstünə atıldı. Onun güclü qolları arasından vurxunub çıxmaq istəyəndə Cahanın da dəbilqəsi başından

düşdü, sarışın, gülab ətri gələn saçları Rövnəqulunun üzünə dağıldı. O da heç fərqinə varmadan kobudcasına Cahan xanımın qollarını burub arxadan kəndirlə bağladı. Çariyələrdən beş-altı nəfər köməyə gəlsələr də, hamısı əsir alındı.

Qaramanlı Hüseyn də özünə gəldi. Taclı xanımı qolların bağlamaq istədi. Taclı xatun həyəcanlanmış gənc osmanlı əsgərinin üzünə baxmadan soruşdu:

– İsmin nədir, qoçaq?

-Hüseyn.

-Bəs ananın ismi?

– Fatimə…

Taclı xatun əzizini görmüş adamlar kimi gülümsünüb:

-Babanın da ismi Əli, qardaşının da Həsənmi? – deyə xəbər aldı.

Qaramanlı Hüseyn:

-Elədir, -dedi və əli-qolu birdən süstləşdi, – biz bəktaşiyik xanım əfəndi, Hacı Bəktaş əfəndimizin təkyəsinə inanc gətirənlərdənik. Kökümüz də qədim Oğuz elinin Bayat boyundandı. Anadolunun Harmandalı tayfasından sayılırız.

Taclı xatun Şah İsmayılın ona Təbriz sarayında vəsiyyət kimi dediyi sözləri xatırladı.“Qəzavü-qədərin işini bilmək olmaz. Əgər mənim ömrüm yarımçıq qalsa, Təhmasib işimi davam etdirən varisimdir. Səltənəti idarə etməkdə ona sən yardımçı olarsan”1 Şahbanu bir-iki addım geri çəkildi.

Üst-başında olan qiymətli zinət əşyalarınıçıxarıb Hüseynə uzatdı:

-Sizin həm Bayat, həm də Şamlı tayfalarına mənsub olan Harmandalı elinin böyükləri Səfəvi dövlətinin qurulmasına yardımçı olmuşlar. Bu üzdən onlara bizlərdə Şahsevənlər deyirlər. Al bunları, yarısı sənin olsun, yarısını da döyüsdən sağ-salamat qayıdıb Bektaş əfəndinin ziyarətgahına nəzir verərsən!

Hüseyn çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Bu zaman Yusif əsir tutduğu Həyat xanımın qolundan tutub ona yaxınlaşdı:

-Hüseyn , sənə nə olub, qadın görməyibsən?

Hüseyn Taclı xatundan aldığı zinət əşyalarını ona göstərdi:

-Yusif, qurban sənə gəl onları buraxaq, bu xanım Hacı Bekaş Vəli əfəndimizin ocağına nəzir-niyaz verib mənə…

Yusif onun əlindəkilərə baxıb həyəcanla soruşdu:

– Bəs qorxmursan ki, o kürd gədəsi gedib sultanın adamlarına xəbər verər? Bu qızılbaş xanım kimdir axı, ona görə ölümünü gözəalırsan?

Şahbanu Taclı xatun dedi:

– Mən Allahın Oğuz elinə, Türk ulusuna hədiyyəsi olan nəbinin zövcəsiyəm.

Hər iki yeniçəri əsgəri çiyinlərini çəkib əvvəlcə bir-birinə, sonra isə Taclı xatuna baxdılar. Taclı xatun onların heç nə anlamadığını düşünüb dedi:

-“Nəbilər, vəlilər insanlığa Allahın hədiyyəsidir” kəlamı Bektaş

əfəndinin deyilmi?

Dərdimənd Xətai edər niyazı,

Ulu pir qatardan ayırmaz bizi,

Bu məhşər günüdür istərəm sizi,

Məhəmməd önündə car Hacı Bəktaş.

Qaramanlı Yüsif, Harmandalı Yusif bir az aralıda gedən qanlı

döyüşü bir anlığa unudub heyranlıqla Taclı xatuna qulaq kəsilmişdilər.

Xətayi biçarə quldur şahına,

Hünkar Hacı Bəktaş nəzərgahına…

Taclı xatun sözünü bitirən kimi Hüseyn dedi:

-Vəli Şah İsmayılın könüllərimizin Hünkarı Hacı Bəktaşın ocağını ziyarət etdiyini böyüklərimizdən eşitmişik. Gedin xanım, amma təzədən ələ keçməyin, yoxsa nəzrinizi Bəktaş əfəndinin dərgahına yox, özümlə məzara aparram…

– İnşallah bu savaşdan salamat qayıdacaqsan! Üstəlik Hüseyn,

sən mənim salamımı da anan Fatimə xanıma çatdıracaqsan! Bəktaş

ocağı halal ocaqdı, haram olanı qəbul etməz. O halal zinət əşyalarını da mənə Şahi-mərdanımız Şah İsmayıl bağışlamışdı!..

Hüseyn də, Yusif də yalnız indi onun Şah İsmayılın zövcəsi olduğunu anladılar. Şahbanu Taclı xanıma təzim edib, tez atlarını verdilər. Hər iki xanım atlara süvar olanda, Taclı xatun:

-Həyat xanım,- dedi, – sən Soltanəli Mirzə Əfşara xəbər ver ki, Cahan xanımı əsir alıb apardılar…

Həyat xanım atını çapıb qızılbaş əsgərləri arasına qatıldı. Taclı xatun isə oxu çıxardıb qolunun yarasını cariyələrinə sarıtdırandan sonra onlarla birlikdə Şah İsmayılın dediyi kimi Xoy şəhərinə tərəf üz tutdu…

_________________

1Tarixçi Seyidağa. Onullahi müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla

20 il birgə həyat sürmüş Taclı xanım Şah Təhmasib dövründə Səfəvilər sarayında

yaşamış, dövlət işlərində fəal iştirak etmişdi.

2 Görkəmli tatar alimi, şair, yazıçı və jurnalist Rzaəddin ibn Fəxrəddin “Məşhur xatunlar”

əsərində Taclı xanımın Çaldıranda əsir alınarkən zinətlərini verməklə qurtulduğunu

bildirir.

 

Nurəddin ƏDİLOĞLU

Share: