Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, mərasim Bakı Kristal Zalında qeyd edilib.
Tədbir Dövlət Himninin səslənməsi ilə açılıb. Daha sonra Azərbaycan Respublikasının dövlət bayrağının, eləcə də AOK-un və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayraqlarının dalğalandığı arenada bayraqlar paradına start verilib. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın, sonra digər ölkələrin bayraqları əlifba sırası ilə arenaya gətirilib. Bayraq paradı ev sahibi Azərbaycanın bayrağının gətirilməsi ilə başa çatıb.
***
“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.
Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.
Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.
***
Bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Niqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
***
Yaqub EYYUBOV çıxış edərək deyib:
– Hörmətli Beynəlxalq və milli federasiyaların rəsmiləri.
Əziz gənc idmançılar.
Xanımlar və cənablar.
Yeddi gün ərzində yüksək əhval-ruhiyyə, gərgin mübarizə və dostluq şəraitində keçən XV Avropa Gənclər Olimpiya Festivalı bu gün başa çatır. Festivalın bağlanış mərasimindəki çıxışımda səmimi hisslərimi sizinlə bölüşmək istəyirəm. Ölkəmlə, ölkəmin rəhbərliyi, insanları ilə və bu yarışlarda fəal iştirak edən bütün gənc dostlar, sizinlə qürur duyuram. Mən qürur duyuram ki, biz bu festivalı ənənəvi olaraq yüksək səviyyədə təşkil etməklə Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdik. Biz idmanı sevirik, çünki o, dünyada dostluq, sülh və sağlam həyat sürmək üçün ən təsirli və önəmli vasitədir.
Təşkilat Komitəsi və bütün Azərbaycan idmançıları adından festivala və ölkəmizdə idmanın inkişafına böyük dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.
Əziz gənclər, siz 10 idman növü üzrə 900-dən çox medal uğrunda mübarizə aparmaqla yanaşı, ən önəmlisi, Olimpiya hərəkatı ideyalarına sadiq qalaraq, birlik və dostluq nümayiş etdirdiniz. Ümumi nəticədə XV Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş Rusiya komandasını, müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuş Böyük Britaniya və Türkiyə idmançılarını ürəkdən təbrik edirəm.
Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan idmançıları Gənclərin Avropa Olimpiya festivallarında iştirak tarixlərinin ən böyük uğurunu məhz Bakı şəhərində əldə etdilər. Onlar ümumi komanda hesabında dördüncü yerə çıxdılar, 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal qazandılar. Bu nailiyyət münasibətilə Azərbaycan xalqını, idmançılarımızı və onların məşqçilərini səmimi qəlbdən təbrik edirəm.
Təbii ki, nəticələrindən asılı olmayaraq, festivalda iştirak etmiş bütün komandaları təbrik edirəm – bu cür yarışlarda iştirakın özü də böyük bir qələbədir.
Ümidvaram ki, əziz idmançılar, Azərbaycanda keçirdiyiniz bir həftə sizlərin həyatında unudulmaz izlər buraxdı və bu duyğuları Azərbaycandan gedərkən özünüzlə aparacaq və Bakıda – gözəl paytaxtımızda keçirdiyiniz günləri bütün ömrünüz boyu xoş xatirələrlə yada salacaqsınız.
Mən Avropa Gənclər Olimpiya Festivalında iştirak etmiş bütün məşqçi və hakimlərə, yardımçı heyət nümayəndələrinə, idman arenalarına gələn azarkeşlərə də təşəkkür edirəm.
Canlı izlədiyimiz festival gənclərin böyük bir qismi üçün ilk mühüm sınaq oldu. Əminəm ki, sıralarınızdan gələcəyin Olimpiya, dünya və Avropa çempionları yetişəcək və biz də böyük fəxrlə xatırlayacağıq ki, bu nailiyyətlərin əsası məhz Bakı şəhərində qoyulub.
XV Avropa Gənclər Olimpiya Festivalı başa çatdı. 2021-ci ildə növbəti – XVI Festival Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək. Əminik ki, bu yarışlar da yüksək səviyyədə təşkil olunacaq.
Əziz dostlar, əziz gənclər, Azərbaycanda keçiriləcək gələcək idman yarışlarında yenidən görüşmək ümidi ilə sağollaşır və bir daha hər birinizə Bakıdakı festivalın iştirakçısı olduğunuza görə səmimi qəlbdən “Çox sağ olun!” deyirik.
***
Nils NAYQAARD çıxış edərək deyib:
– Hörmətli Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini cənab Yaqub Eyyubov.
Əziz idmançılar.
Əziz dostlar və Avropanın Olimpiya hərəkatının qonaqları.
İcazə verin, Avropanın bütün Milli Olimpiya Komitələrinin ən səmimi salamlarını çatdırım.
Burada, Bakıda biz XV Yay Avropa Gənclər Olimpiya Festivalının maraqlı həftəsini keçirdik.
Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının əsl bayramı oldu. Burada yarışan atletləri seyr etdikdən sonra əminliklə demək olar ki, Avropanın idman aləmində aparıcı mövqeyi yaxın zamanlarda dəyişməz olaraq qalacaq.
Bütün idmançıları təbrik edirik. Ümidvaram ki, burada əldə etdiyiniz təcrübə sizi gələcəkdə həm idman, həm də digər sahələrdə daha böyük zirvələri fəth etməyə ilhamlandıracaq.
Siz dostluq, kamillik və hörmət kimi Olimpiya dəyərlərini təcəssüm etdirdiniz və biz bütün həftə izlədiyimiz çıxışlarınızdan fərəhləndik.
Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Çünki onlar bir daha bütün dünyaya nümayiş etdirdilər ki, çox idman növlü mükəmməl yarışları təşkil etməyə qadirdirlər.
Öz təbəssümü və nəzakətli davranışı ilə festivalın ərsəyə gəlməsində yardımçı olmuş üç min beş yüz könüllüyə xüsusi minnətdarlığımızı bildiririk.
Avropa Gənclər Olimpiya Festivalı gənclərin bayramıdır və biz şadıq ki, həmin Oyunlarda bu qədər sayda gənc iştirak etdi.
Yerli təşkilatçılar gənclərlə çox peşəkar iş apardılar, o cümlədən Bakının 49 məktəbi ilə onların Avropadakı həmkarları arasında qardaşlaşma tellərini mümkün edən Olimpiya Mədəniyyəti və Təhsili Proqramını həyata keçirdilər.
Tələbələr yerli mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlərini bir-biri ilə bölüşdülər, həmçinin Olimpiya dəyərləri və prinsipləri ilə tanış oldular.
Onların keçdikləri təlimlər və gördükləri işlər Atletlər kəndində Olimpiya Mədəniyyəti və İdmanı Pavilyonunda nümayiş olundu. Gənc idmançılar, komanda üzvləri və digər qonaqlar orada bütün iştirakçı Avropa ölkələri ilə tanış oldular və Olimpiya ruhunu duydular.
Avropa gənclərini bir araya gətirən bu Oyunlardan əldə edilmiş nəticələr daim yaddaşlarda qalacaq.
İdman bir daha sübut etdi ki, o, fərqli mənşəyə, inanclara malik olan insanları dinc yarış şəraitində birləşdirməkdə böyük gücə malikdir.
Hər zaman ən xoş xatirələrlə yada salacağımız Avropa idmanının və gənclərin unudulmaz bir həftəsinə görə sağ ol Bakı, sağ ol Azərbaycan!
İndi isə, mən XV Avropa Gənclər Olimpiya Festivalını bağlı elan edirəm.
***
Y.Eyyubovun və N.Niqaardın çıxışından sonra Olimpiya himni səsləndirilib və meydana Olimpiya bayrağı gətirilib.
***
Mərasim konsert proqramı ilə davam edib.
***
Bağlanış mərasimi başa çatıb.