Bakı-Sumqayıt elektrik qatarında neqativ hal yaşanıb.
Bu barədə sərnişinlər BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, sürət qatarının qapısının şüşəsi çatlayıb. Bu isə sərnişinlər həyatı üçün təhlükə yaradır.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC–nin mətbuat katibi Natəvan Bayramova ilə əlaqə saxladıq. Natəvan Bayramova açıqlamasında bildirdi ki, belə neqativ hallar mütəmadi baş verir.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarları bəzi yaşayış məntəqələrinin yaxınlığından keçərkən, azyaşlılar tərəfindən daşlanır, nəticədə vaqonların şüşələri sındırılır, sərnişinlərin təhlükəsiz daşınmasında müəyyən problemlər və qatarların hərəkətində ləngimələr yaranır.
Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC daim qatarlardakı vaqonlarda olan çatışmazlıqları təxirə salmadan aradan qaldırır.
Elə Bakı-Sumqayıt-Bakı qatarındakı neqativ hal da tezliklə aradan qaldırılacaq, yəni vaqonun sındırılan şüşəsi qısa zamanda yenilənəcək.
Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları” QSC daim sərnişinlərin rahatlığını və təhlükəsizliyini düşünərək vaqon parkını ən müasir vaqonlarla yeniləyir.
Fürsətdən istifadə edərək, vətəndaşlarımıza tövsiyyə edirik ki, bu məsələdə daha diqqətli olsunlar.
Çünki, belə hallar həm də bizdən asılı olmayan səbəblərdən sərnişinlərin təhlükəsizliyini sual altında qoyaraq onların xəsarət alması ilə nəticələnə bilər.
Buna görə də, valideynlərdən xahiş olunur ki, övladlarını belə addımlardan çəkindirsinlər.
Onu da qeyd edək ki, qatarlara küt alətlə edilən təzyiq inzibati xəta yaradır.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 302-ci maddəsinə əsasən vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə, 100 (yüz) manat məbləğində cərimə tətbiq edilir.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının fəaliyyətinə 12 sentyabr 2015-ci ildən start verilib.
Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları istismara verilib.
Müstəqil.Az