Mən necə bağdan çıxım…

Bir neçə gün bundan öncə Facebook  hesabımın mesaj bölümünə, tanınmış şair Ramiz Qusarçaylıdan “Ay işıqı” ədəbi məclisinin növbəti tədbirinə dəvət aldım.Açığı bu mənim üçün gözlənilməz oldu. Adətim üzrə,istirahət günüm olsa da tədbir başlamazdan  əvvəl  həmən məkana yetişib tədbirə qatıldım.Qubanın “Gülüstan”,Xaçmazın “Ulduzlar”,Şabranın “Şabran” ədəbi məclisləri,eyni zamanda bölgənin tanınmış aydınları da  “Ay işığı” ədəbi məclisinə dəvətli idi və çox maraqlı ədəbi görüş olacağı elə ilk andan hiss olunurdu.

Tədbir şair-tərcüməçi, Divanlar Xəmsəsi adlandırılan beş “Divan” və qırxa yaxın kitabın müəllifi, şərqşünas-alim, tarix elmləri doktoru, professor Şahin Fazilin qarşıdan gələn səksən illik yubileyi ilə əlaqədar olaraq düzənlənmişdi.Etiraf edim ki,Şahin Fazilin qubalı olduğunu bilsəm də yaradıcılıqı ilə yaxından  tanış deyildim və buna görə özümü qınadım da.

Nə gizlədim, tədbir başlamazdan əvvəl iştirakçılar arasında ən çox diqqətimi çəkən,orta boylu,çox sadə geyimli,eyni zamanda baxımlı,səliqə-sahmanlı  əsil azərbaycan ağsaqqalı- Şahin Fazil oldu…

Nəhayət,maraqla gözlədiyimiz  tədbiri  istedadlı şairimiz Ramiz Qusarçaylı  açıq elan etdi.O,Şahin bəyin uzun illər boyu apardığı zəngin elmi-tədqiqat işlərindən,tərcümələrindən,dolğun bədii yaradıcılığından söhbət açdı,Azərbaycan şərqşünaslığına, tarixinə verdiyi töhfələrdən, ötən əsrin 50-ci illərindən başlayaraq  dövrü mətbuatda müntəzəm çap olunan əsərlərindən bəhs etdi.Maraqlı çıxışı  əsnasında Ramiz müəllimin vurğuladığı bir detal məndə şok effekti yaratdı. Bu barədə sonra…

Şahin Fazilin özünə məxsus saç düzümü, bənzərsiz saqqal forması ilk baxışdan mötəbər,müdrük  azərbaycanlı  obrazı yaradır. Bu,danılmazdı. Mənə elə gəldi ki,elə 50-60 il əvvəl də o,bu obrazda olub,dəyişməyib,səksəninə,doxsanına,yüzünə də bu cür müdrik,nurani simalı ağsaqqal kimi  qədəm qoyacaq!

Yaxınlaşıb əlini  sıxıb görüşəndə,əzəməti,insana həyatı sevdirən müsbət aurası elə xoş,isti hisslər yaradırdı ki,ətrafındakılar onunla həmsöhbət olmaqdan yorulmurdu.Şahin baxışlı,Şahdağ əzəmətli, nurani insan aram-aram danışdıqca ona heyran olmamaq mümkün deyil. Sənətkarla ilk görüşüm olduğundan bu isti münasibəti gənc yazar kimi daha çox hiss etdim.Şahin Fazil gənclərin dostudur. Düşunsək ki, adam ömrünün səksənindədi,hələ də yazıb-yaradır,heyran olmaya bilmirsən!

2

Mən Şahin Fazilin yaradıcılıqından danışmayacam.İstəyən insan internet vasitəsi ilə onun həyat və yaradıcılığı barədə tutumlu,dolğun məlumatlar ala  bilər  və bu yazdıqlarımın  gerçəkliyinə şübhə etməz.

Qayıdaq yuxarıda qeyd etdiyim,Ramiz bəyin məndə,bəlkə də iştirakçıların çoxunda  şok effekti yaradan  həmən detala.

El şənliklərində,televiziya kanallarında eşitdiyimiz,dinləyib sevdiyimiz bir mahnı-hamımızın xalq mahnısı kimi tanıdığımız  “Bağiban” mahnısı, sən demə hörmətli həmyerlimiz Şahin Fazilin sözlərinə bəstələnibmiş.Sevimli müğənnimiz,rəhmətlik Məmmədbağır Bağirzadənin bəstəsi illərdi ürəklərə yol tapıb,onlarla müğənni tərəfindən indi də sevgiylə oxunur, minlərlə kaset, disk satılıb,amma sözlərin müəllifinin adı çox az qeyd olunur.Bu,məni bir qubalı kimi həm sevindirdi,həm də heyfsləndirdi.Axı necə ola bilərdi ki,illərdi xalq mahnısı kimi dinlədiyimiz,ürəkləri riqqətə gətirən mahnının müəllifi  kimlərinsə etinasızlığından,bəlkə də qısqanclığından unudulsun? Bəlkə də bu,Şahin müəllimin ucalığından,təvəzökarlığından  irəli gəlib, “bunun müəllifi mənəm!” deməyib?!

O da var ki, şairlərin  çoxu buna məhəl qoymur,yetər ki,tanınan, sevilən bir müğənni sözlərinə musiqi bəstələsin, oxusun.

Mənfur qonşularımız hər gün bir xalq,bəstəkar mahnımızı özününküləşdirdiyi bir zamanda buna imkan vermək ürək sızladır. “Anonim”,çox vaxt da  “xalq mahnısı” adıyla.

Mən Şahin Fazil yaradıcılığı ilə tanış olmadıqım üçün özümü qınadım.Və Şahin müəllim mənə daha da doğmalaşmağa başladı.

Bağiban, ay bağiban, bağə nigarım gəlir?

Mən necə bağdan çıxım, indicə yarım gəlir…

Şahin Fazil  cənnətə döndərdiyi məkanda,-bağ-baxçasında  səbirsizliklə yarının  yolunu gözləyən insanın keçirdiyi həyəcanlı təlaşı,yarına olan sevgisini çox möhtəşəm tərənnüm edib.Allah rəhmət etsin,Məmmədbağır Bagirzadə isə ecaskar səsi ilə bu şeirə bir başqa zənginlik qatıb.Bir diqqət edin:

Bəslədiyin güllərə, göz ucu da baxmaram,

İnsafın olsun sənin, gör necə varım gəlir…

3

Sevgilisinin gəlişindən riqqətə gələn bağbanın,hətta, illərlə sevə-sevə bəslədiyi,qulluq etdiyi gül-çiçək də   gözündə deyil.Təkcə istədiyi sevgilisinin  gəlməsidi.O gələrsə, bağ da bir başqa gözəlləşər.Mən Şahin Fazilin sevgisinin dərinliyini, əzəmətini tərənnüm etmək üçün çətinlik çəkirəm.

Sonda onu demək istərəm ki,yaşamaq yaratmaq eşqiylə yanıb alışan bu insan işıq içində nurdu.Ondan yazmaq belə insana bir ayrı hüzur verir.Mən də gördüylərimdən təsirlənib bu mətndə öz hislərimi tərənnüm etməyə çalışdım.

İnsanlara sağlığında,yanımızda olarkən qiymət verməliyik,onun sənətini dəyərləndirməliyik.Bunu bacarsaq,hərə layiq olduğu yerdə  görünəcək.

Quba ədəbi mühiti adından gözəl şair,alim,tədqiqatçı Şahin Fazilin qarşıdan gələn səksən illiyini ürəkdən təbrik edir, ona indiki coşquyla yazıb-yaratmağı arzu edirəm.

Sizi vaxtında , dəyərincə tanımayan gəncliyi bağışla, ustad !

Murad Muradov

Quba

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: