Xəzərdə qəribəlik: bunun qarşısı niyə alınmır?

Yayı dənizsiz təsəvvür etmək mümkün deyil. Bakının da üstünlüyü məhz dənizkənarı şəhər olmasıdır. Sahil boyu tikilən istirahət mərkəzlərinin qiymətləri cibi, natəmizliyi isə ürəyi yandırır. İşin biznes tərəfini nə müzakirə, nə də tənqid etmək fikrim var. Məlumdur ki, biznes üçün açılan hər bir obyektdən sahibkarın məqsədi gəlir götürməkdir. Dənizkənarı elə istirahət obyektləri var ki, təmizliyi və yaradılan qayda-qanun insanın zövqünü oxşayır.

Əksəriyyətində isə antisanitariya hökm sürür. Qumluqda siqaret kötükləri, meyvə-tərəvəz qalıqları və sair tullantılar xoşagəlməz görüntü yaratmaqla yanaşı, insanların hərəkətinə də mane olur. Yəqin, zibili yerə atanlar öz evlərini də elə bu şəkildə saxlamağa öyrəniblər. Ən pisi isə budur ki, belə hərəkətlərə cəmiyyətin reaksiyası yoxdur. Əgər cəmiyyət olaraq bu tip hadisələrə həssas yanaşıb, sərt fikir bildirməsək, bu problemlərdən qurtula bilməyəcəyik.

Bir neçə gün öncə dənizkənarı istirahət məkanlarından birinin ərazisində çəkilən video həqiqətən də aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülməsini tələb edir. İnsanların istirahət etdiyi məkanda sahil boyunca hərəkət edən avtomobilin hansı məqsədlə orada olduğu maraq doğurur. Əsl maraqlı olan isə buna heç kimin reaksiya bildirməməsidir. Videoda görünür ki, valideyn bir az diqqətsiz davransaydı, avtomobil uşağı vura bilərdi. Əgər qəza baş versəydi, günahkar kim olacaqdı?!

Formalaşmış bir cəmiyyət olaraq çatışmayan xüsusiyyətlərimizdən biri ictimai qınağın olmamasıdır. Sanki insanlarda öz haqlarını tələb etməyə qarşı qorxu hissi var. Həmin valideyn sürücüyə heç bir etiraz etmir və belə olmalı imiş kimi uşağı götürüb kənara çəkilir. Bu artıq qorxudan yox, öz haqqını bilməməkdən irəli gəlir. Bəzilərimiz haqqımızı bilmədiyimizə görə avtobusda sürücüdən kondisioneri işə salmasını, yerə zibil atan görəndə onu götürməsini, yolu keçid olmayan yerdən keçən piyadaya düzgün keçməsini tələb etmirik.

Yenə də işin kökü insanların bir-birinə münasibətindən qaynaqlanır. Hər kəs özünə nəzarət etsə, cəmiyyətdə baş verən neqativ hallar da azalmış olar. Unutmayaq ki, sağlam gələcək üçün hər insan sağlam düşüncəyə sahib olmalıdır.

Rahib

Share: