Müstəqil.Az Aqşin Evrənin şeirlərini təqdim edir.
Unutmağın resepti
Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan…
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır
Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım…
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından
Hərdən ovulub gedərsən…
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”
Hərdən heç nə dəyişməz…
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən… yıxılarsan
xatirələrin yanından keçəndə…
Bənazir Bhutto ölməmişdi
“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar
Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım
Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə
Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə
Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi
Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı
mən anasız qalanda
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?
“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər
“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər
Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim
Bacım ağlamağımı eşitməsin deyə,
gecələr anamın paltarını dişləyib hönkürdüm,
hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim
Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:
söküldü əlinin dərisi
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora
Qapımızın ağzında canını tapşırdı fauna
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını
Sən gedəndən sonra qapımızı açan olmadı deyə
o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi
Ana, mən Səddamın edamını gördüm
Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.
Ailəmiz dağılanda öyrəndim ki,
burnunda ana qoxusu,
gözlərində ana yuxusu gəzdirən qızlar
mətbəxi əzbər bilirlər
Öyrəndim ki, anasının ömründə yıxılan kişilər
sevgini əzbər ölürlər.
Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda
Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən
“Çevrənin raduisu”nu qazandan
Nidanı atamın çəliyindən
Nöqtəni də anamın yoxluğundan öyrəndi.
Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq…
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.
Bir qucaqlıq canın var
Elə darıxıram ki,
az qala, evdən çıxıb
sənin arxanca gəlsin
mənim ayaq izlərim
Ay balaca xanımım,
Mən sən boyda sevməyi
Axı harda gizlədim?
Vallah, qəlbin qəribədi
Nə qıfıl düşür, nə açar
Gəl, mənlə söz güləşdirmə
Bir qucaqlıq canın var.
Elə gülümsədin ki,
bütün bu ağlamaqlar
dodaqlarında itdi
Hə, balaca xanımım,
Sənlə müqayisədə
xoşbəxtlik çox bəsitdi
Durub səndən baxanda
Ağrımaq da gözəldi
Özümdən qaçan hisslərim
Sənə çatıb gözlədi
Gözlədi ki, yapışıb
tutasan barmağımdan
“Səni sevirəm” sözün
Beləcə, bir öpüşlə
alasan dodağımdan.
Vallah, mən öyrəşmişəm
Qucaqlayıb saçını
gecələr tək yatmağa
Neynirəm bir oyanmağı,
gecələr bir yatmağı?
Mənə bircə əl lazımdır
əllərindən tutmağa.
Ay balaca xanımım,
nəyə lazım evdarlıq?
Lap yemək duzlu olsun
…Soyuq çay, isti yataq
Neynirsən bu daş-qaşı
Bu isti xəz paltonu?
Geyin köhnə çəkməni
Gəl gedək xoşbəxt olaq.
Müqəddəs Varfolomey gecəsi
Mən hardan başlayım, hardan… bilmirəm,
Başlayım lap elə ayaqlarından.
Deyirlər, cənnətdi nədi ordadır.
Vallah mühüm deyil huri-mələk zad,
Sən öz corabını qalın et bir az
Qalanı düzələr, vallah düzələr.
Vaxt gələr…vaxt gələr Allah düzələr.
Bir ağ qoca gördüm elə bu axşam,
Düzmüşdü İsanın önünə ağ şam.
Dedim ki, nə tonqal, nə yandırılmaq?
İsa heç çarmıxa çəkilməmişdi,
Hər iki qolunu yana açmışdı
Böyük bəşəriyyəti qucaqlamaqçün”.
Nə böyük səbəbmiş bu ağlamaqçün?
Elə atam kimi hönkürdü qoca,
Əsl adam kimi hönkürdü qoca.
Dedim ki, “sən Allah, tərslikdən əl çək,
Ver bu ağ şamları aparım evə.
Üşüyür sevgimin cənnət ayağı,
Bizim oralarda axşam tapılmır,
Ver bu axşamları aparım evə…”
Ağırdı…kilsənin zəngi ağırdı
Bayırda ox kimi yağış yağırdı
Tövbə hücrəsində öpürdü rahib
Mariya ananın şux döşlərindən
Görürsən, deyirəm, boş şeydir cənnət
Əsas corabını qalın geyin sən.
Qalanı düzələr, vallah düzələr,
Gün gələr… gün gələr Allah düzələr.
Qocanın gözündən axırdı Amur…
Dedi, “fikir vermə, ağlamıram mən,
Bu köhnə kilsənin tavanı damır.”
Əsas corabını qalın geyin sən.
Deyirlər, cənnətdi nədi ordadır…
Qalanı düzələr, vallah düzələr,
Bir gün Allah özü yola düzələr.
Çoxdandır gəlmirdim bu nəm kilsəyə…
İnan vaxt yoxdur baş qaşımağa da,
Əşşi, vaxt yoxdur e yaşamağa da.
Çölü yalayırdı Yanvar küləyi
Hərf tanımırdı sağ çiyin mələyi
Dedi ki, “yazmıram, mən pəhrizdəyəm”.
Elə danışdı lap ətim töküldü.
Elə bil, uzanıb İsanın üstə
Onun qucağında xaça çəkildim.
Eynək öz qulpuna qoca taxmışdı,
Qocanın təzyiqi yaman qalxmışdı.
Kilsənin havası…ölüm havası:
atmosfer təzyiqi yaman qalxmışdı.
Dəyişkən buludlu, nisbi rütubət…
616 civə sütunu,
“Yer”ə sancılmışdı İsa sütunu.
Bulud qızcığaztək çox tez boşaldı,
O gecə göy üzü yağışı yağmadı,
“Yer”ə tüpürdü.
O gecə yataqda sənin saçların
Xəyal qırıqların mənim ömrümdən
Göyə süpürdü.
Yaman can sıxırdı nisbi rütubət…
Bu kilsə zəngləri ağrılı səsdi,
Diksinib toruna qaçdı hörümçək.
Rahibə yanımda yel kimi əsdi,
Gəlib tez söndürdü ağ şamları o,
Gəlib tez yandırdı axşamları o.
Dedi: “yandırmayın, pul yazır sayğac,
Cənab yepiskopun göstərişi var”.
Qoca mızıldandı dodaq altında:
“öpüb sovurasan dodaq altında
dişləyib didəsən bu dul qadını”…
Sonra eşitmədim sözün ardını.
Rahibin bədəni və lüt Mariya.
Tövbə hücrəsində inilti, ahlar…
Durub tamaşaya gəldi Allahlar.
Siçovul diksinib yuvaya qaçdı,
Onda anladım ki, heyvanlar pakdı.
Bu kilsə zəngləri, kilsə zəngləri
Yaman ağır idi, ağrılı idi.
Qocanın kilsədə etdiyi dua
Yarımçıq ehtiras nağılı idi.
Qocanı qulpundan çıxardı eynək
Qoca köks ötürdü elə qocatək:
“Yaxşı ki, ağladım…eynəyin çirkin
Gözümün yağıyla, yaşıyla yudum.
Bilirsən bu geniş, nəhəng dünyada
Bir ana bətnində rahat uyudum”.
Özgə qadınların qucağı da dib
Bəs bu Yer kürəsi hayana gedib?
Gələcək, səbr elə, vallah gələcək,
Allah da deyir ki, Allah gələcək.
Sən öz corabını qalın et əsas…
Yadımdan çıxıb evdə qalıb
Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik
Bunu 3-cü sinifdə oxuyarkən anladım.
Dəftərimdən qopardığım vərəqə iki söz yazmışdım:
“sənin adın+mənim adım”.
Rəsm dərsində ürək şəkli çəkirdik bayraqla gerb əvəzinə
Körpə qəlbimiz öz sümük beşiyində yenicə gülürdü onda
Onda hələ öyrənməmişdik rəqəmlərin əskjinas olduğunu
Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək
Bilmirdik ki, “ampermetr”dən 5 alan qız cərəyandan öləcək
Bilmirdik ki, hər şey boş çoxluqdur,
Bu yaddaş kitabçasında adam öz əllərini unudur
Yaxın otur,
bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.
Azərbaycan dili dərsində “unutmaq” felini
şəxsə və kəmiyyətə görə dəyişirdik.
Və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım.
Çünki mən unutmamışdım…
Biologiya bizdən gizlətmişdi ki,
gözlərin 2 funksiyası var:
“ağlamaq və danışmaq”
Əslində, ürəyin dili imiş baxışlar
Onda Tarix Turqut Özal deyildi, Corc Buş deyildi
Onda hələ əkiz qüllələr başını aşağı salmamışdı,
Onda əkiz qüllələrin başı göyə dəyirdi
Fizika da çin işgəncəsi idi
Bircə “Ümumdünya cazibə qanunu”nu
səni qucaqlayarkən başa düşdüm
Nyutonun başına alma düşməmişdən qabaq
sən mənim ürəyimə düşmüşdün…
Coğrafiya dərsində bütün yollar sənə gedirdi,
bütün çaylar sənə axırdı
Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu
Hara dönürdümsə kompasın əqrəbi sənə baxırdı.
Qlobusu qucaqlayan paralellər tək
səni qucaqlamışdı bu qollar
Onda bilmirdim ki,
Yerin nüvə qatından başqa nüvə silahı silahı da var.
Əziz müəlliməm,
İndi “həyat dərsi”ndən kəsr imtahanına gəlmişəm,
Dəftərimi yoxlayın, davranışıma qiymət verin,
İstəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.
Amma xahiş edirəm, məndən “sevməy”i soruşmayın.
Çünki “sevmək” yadımdan çıxıb evdə qalıb.