…hər sinədə sevgi olmur, anladım…

Kəmalə ABİYEVA

UZAQDAN BİR ŞEİR 

Dedin “sevgi, həsrət” ötüb keçəcək,
Onsuz da sən məni unudacaqsan.
Bilmədin bir az da kövrəkləşərək
Sən hər gün ömrümə qayıdacaqsan.

Bilmədin gözümüz bir az suallı,
Bir az da məlallı, peşiman olar.
Bilmədin ömrümüz bir az xəyallı,
Bir az sabahından nigaran qalar.

“Həyat xatirədir”dedin onsuz da,
“Nə olar yadına düşsəm hərdənbir.
Hər gün bir iz salır yaddaşımızda,
Bu gün də sabaha bir xatirədir. ”

Kaş ki, sən dönəydin xatirələrə,
Mən də səni yalnız xatırlayaydım.
Kaş ki, yaşayaydım xatirələrlə,
Mən səni ömrümdə yaşatmayaydım.

 

SEVGİ AXTARDIM
 
İlk dəfə səndən ayrılanda ağladım.
Mən ilk dəfə ilk ayrılığa ağladım.
Məni sinənə sıxanda
əllərin doğmalığında rahatladım,
sevənim olduğunu, sevgini anladım.
İlk dəfə sevdim.
bir oyuncaq həsrətindən
bir rahatlıq həsrətinə böyüdüm.
hər əldə doğmalıq,
hər sinədə sevgi olmur, anladım.
laqeyd üzlər, biganə gözlər,
nə qədər yadlar gördüm.
Nə ayrılıqlar yaşadım,
nə saxtalar tanıdım,
nə yalanlardan yıxıldım.
Sevgi axtardım…
Sənin kimi sevən aradım.
Tapsam, sığınacam ona,
daha ağlamayacam, ana.
Share: