Növbəti əfv sərəncamı nə vaxt olacaq?

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.

Müstıquil,Az bildirir ki, əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, bu, vəzifəyə görə edilən dəyişikliklərdir:

“Vilayət Eyvazovun daxili işlər naziri, Əli Nağıyevin DövlətTəhlükəsizlik Xidmətinin rəisi təyin olması ilə əlaqdar prosedur xarakterli dəyişikliklərdir. Və bu dəyişikliklər ümumilikdə Komissiyanın fəaliyyətində hər hansı dəyişikliklərin olması anlamına gəlmir. Belə ki, Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən qurumdur. Bu mənada ki, onun katibliyi də daimi fəaliyyət göstərir. İl boyu, hər ay, hər gün müxtəlif şəxslərdən, məhkumlardan, onların səlahiyyətli nümayəndələrindən, valideynlərindən, vəkillərdən, Pentensiar Xidmətin qurumlarından, deputatlardan gələn ayrı-ayrı məktubları emal edir və müraciət etmiş şəxslər barəsində müvafiq arayışlar hazırlayır”.

Ə.Nuriyev qeyd edib ki, əfv sərəncamının imzalanması Prezidentin səlahiyyətində olan məsələdir:

“İclasların keçirilməsilə bağlı tarixin müəyyən olunması isə birbaşa Komissiyanın sədri Ramiz Mehdiyevə məxsusdur. Bütün materiallar toplandıqdan sonra iclaslar təyin edilə bilər. Hər il bir qayda olaraq 1-2 dəfə cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Amma ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.

Hüquqşünas əfvlə bağlı dəqiq tarix söyləməkdə çətinlik çəkdiyini vurğulayıb:

“Yenə də ötən illərin təcrübəsinə əsasən, Novruzqabağı əfv sərəncamının imzalanacağını gözləmək olar. Amma bu, təbii ki, Prezidentin konstitutsion səlahiyyətlərinə daxildir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

Müstəqil.Az

Share: