Ötən gün CNN telekanalı Ağ ev administrasiyasındakı mənbələrə istinadən Rusiyadan ABŞ-ın “olduqca qiymətli və çox yüksək rütbəli” agentinin evakuasiya edilməsi əməliyyatı barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, telekanal bu məxfi əməliyyatın 2017-ci ildə yekunlaşdığını bildirir.
Mənbələr deyiblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyadan özünün ən qiymətli agentini prezident Donald Trampın Oval ofisdə Rusiya xarici işlər naziri Sergey Lavrovu və bu ölkənin Vaşinqtondakı o zamankı səfiri Sergey Kislyakı qəbul etməsindən sonra evakuasiya etməyi qərara alıb. Çünki həmin görüşdə Tramp ABŞ kəşfiyyatının olduqca məxfi informasiyasını Lavrova danışıb. Həmin məlumat İŞİD-in içərisindəki “Mossad” agenti tərəfindən ötürülmüşdü və ABŞ kəşfiyyatı onu hətta yaxın müttəfiqləri ilə də tam bölüşməmişdi.
Həmin görüşdən sonra Mərkəzi Kəşfiyyat Agentində narahat olmağa başlayıblar ki, prezident və onun administrasiyasının bəzi üzvləri Rusiyadakı qiymətli agentin ifşa edilməsinə səbəb ola bilərlər. Nəticədə həmin agentin Kremldən evakuasiyasına qərar verilib.
CNN bildirir ki, nəticədə ABŞ kəşfiyyatı özünün Rusiyadakı ən mühüm və qiymətli agentini itirib. Həmin agent Kreml administrasiyasında baş verənlər və prezident Putinin planları haqda qiymətli informasiyalar ötürürdü. Bildirilir ki, belə agentin hazırlanması uzun illər vaxt aparacaq, çünki Rusiyada təhlükəsizliyə dair tələblər çox yüksəkdir. Casusun evakuasiysının detalları, habelə onun şəxsiyyəti və indi harada olduğu barədə heç bir informasiya verilmir.
Mərkəzi Kəşfiyyat İdarəsindən isə bildiriblər ki, evakuasiya qərarı “baş verənlərin obyektiv təhlilinə” əsaslanırdı. Və qərarın prezidentin kəşfiyyatla münasibətlərinə görə verildiyini demək yanlışdır.
Bəs həmin superagentin kimliyi barədə hansı təxminlər var? Rusiya mətbuatı CNN-in xəbərinin ardınca diqqəti Prezident Administrasiyasının müəmmalı şəkildə yoxa çıxan əməkdaşı Oleq Smolenkova yönəldib. Çünki Smolenkovun yoxa çıxması ilə ABŞ agentinin evakuasiyası barədə deyilənlər xeyli uyğun gəlir.
Belə ki, 2017-ci ilin sentyabrnda “Daily Storm” nəşri Smolenkovun üç uşağı və arvadı ilə birlikdə Montenegroya məzuniyyətə getdiyini və oradan yoxa çıxdığını xəbər verib. Mənbələr bildiriblər ki, Smolenkovun yoxa çıxması ilə bağlı həmin ilin sentyabrında “qətl” maddəsi ilə cinayət işi qaldırılıb.
Smolenkov karyerası ərzində Rusiyanın ABŞ-dakı səfirliyində katib işləyib, habelə Rusiya hökumətinin aparatında vəzifə tutub. 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyevin sərəncamı ilə Smolenkova üçüncü dərəcəli dövlət müşaviri statusu verilib.
İstintaq müəyyən edib ki. 2017-ci il iyunun 14-də Smolenkovun ailəsi Moskvadakı mənzilini tərk edib. Oleq Smolenkovla birlikdə onun arvadı Antonina da Montenegroya yollanıb. Həmin vaxt məmurun arvadı uşağa baxmaq üçün məzuniyyətdə idi. Məlumata görə Antonina da məmur olub və Rusiya hökumətinin aparatında işləyib. Ər-arvad özləri ilə birlikdə üç uşaqlarını-iki və yeddi yaşlı qızlarını, 13 yaşlı oğullarını da aparıb.
Smolenkovun “yoxa çıxdığını” ancaq 2017-ci ilin iyul ayında, o heç bir izah vermədən işə çıxmayanda biliblər. Ona verilmiş üçüncü dərəcəli ədliyyə müşaviri rütbəsi general-mayor rütbəsinə uyğundur. Maraqlıdır ki, Smolenkov bu rütbəni iki dəfə alıb. 2008-ci ildə baş müşavir kimi (departament göstərilmədən) və 2010-cu ildə Rusiya hökumətinin hərbi-sənaye komissiyasının departamentinin referenti kimi. Həmin komissiya hərbi-sənaye sahəsində, ölkənin hərbi-texniki təchizatında, dövlətin təhlükəsizliyində və hüquq-mühafizə sahəsində dövlətin siyasətini həyata keçirir.
Smolenkovun yoxa çıxdığı haqda informasiya 2017-ci ilin sentyabrında yayılıb, o vaxt rəsmilər heç bir şərh verməyiblər. Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, təhqiqat “qətl” maddəsi üzrə yox, başqa maddə üzrə aparılır. Və bu məsələni “qurdalamamağı” məsləhət görüblər.
Təxmin edilir ki, Smolenkov MKİ-yə Rusiyanın hərbi-sənaye potensialı, yeni silahların işlənib hazırlanması və sınaqları barədə minlərlə məxfi sənədlər ötürə bilər. Hərçənd o heç vaxt xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyibmiş.
F.Məmmədov