Evləndirib arzularımı qayıdacam – Tural Muxtar

Tural Muxtar

Çıxıb ayaqyalın tanrı evinə,
Pəncərəsindən dünyaya baxmağım gəlir.
Nəfəsim gəlir, gedir…
Sən demə nəfəsim də yalan,
Düzüm əyri, əyrilərim günah.
Hər azan səsində tutub qulaqlarımı,
Ardıma baxmadan qaçmağım gəlir.

***

Bilirəm qayıdacam bir gün.
Saçlarımın bəyazını sıxıb ovucuma ,
Bütün qırışlarımı udub qayıdacam.
Öldürüb hər axan göz yaşımı,
Böyüdüb körpəmi, uşağımı,
Evləndirib arzularımı qayıdacam.
İçimdə ara verməyən yağışlar yağır
Ruhuma soyuq dəyib, sağalıb qayıdacam
Kəsib tullayıb üzük taxdığım barmağı,
Biçib doğrayıb döşəyimi, yorğanımı,
Ətirli bədənindən ayrılıb qadınların,
Məktəbli tək dərsdən qaçıb qayıdacam.
Borc alıb taledən ikicə saat
Sənlə saniyələri saymağa qayıdacam.
Elə qayıdacam ki, bütün qırışlar utanacaq.
İllər utanacaq,
Gözümdə yaşlar utanacaq.
Pəncərənə çəkdiyin,
Arxasında gizlənib
Uşaq böyütdüyün
Pərdən utanacaq.
Elə qayıdacam ki sənə
Sənin bükülmüş belin,
Mənim ağaran saçım utanacaq.
Bilirəm, qayıdacam bir gün.
Saçlarımın bəyazını sıxıb ovucuma,
Bütün qırışlarımı öpüb qayıdacam

Share: