Gəncəlilər şəhid polisləri unutmur – VİDEO

Ötən il iyul ayının 10-da Gəncədə teror aktını dəstəkləyən bir qrup dini yönümlü radikal şəxslər ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.

Təbii ki, onların məqsədi ictimai sabitliyi təkcə Gəncədə deyil, bütün Azərbaycan da pozmaq idi.

Burada başlayan ixtişaşlar İcra Hakimiyyətinin qarşısında baş verib və təəssüflər olsun ki, həmin şəxslər tərəfindən vəzifə başında olan iki polis əməkdaşı qətlə yetirilib.

Hadisə nəticəsində qətlə yetirilən polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Bu gün gəncəlilər uğrunda canını qurban verən iki polis əməkdaşının məzarı sakinlər tərəfindən daim ziyarət edilir və xatirələri insanların qəlbində yaşayır.

Geridə isə doğmaları üçün darıxan ailələr, onların yoxluğundan qəhrəman adına görə təsəlli tapan övladlar qalır. Yəni baş verən bu hadisə miqyasından asılı olmayaraq təkcə cinayət faktı deyil, onlarla insanın ailə, həyat faciəsidir.

Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı ötən günlərdə hadisəni törədən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Eşqin Quliyev 20 il, Urfan Məmmədov 18 il, Oktay Hüseynzadə 18 il, Abbas Abbasov 7 il, Elşən Məmmədov 7 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov isə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Müstəqil.Az

Share: