Yaşlı nəsildən ibarət rəqs qrupunun 91 yaşlı üzvü- “Məni yaşadan bu rəqslərdir. “

Adətən rəqs kollektivləri gənclərdən ibarət olur. Lakin budəfəki reportajımızda bəhs etdiyimiz rəqs kollektivi yalnız yaşlı nəslin nümayəndələrindən ibarətdir. Bu qrupda hətta 91 yaşlı rəqqas da var.

AZƏRTAC xəbər verir ki, uzunömürlülər diyarı olan Lerikdə fəaliyyət göstərən “Rəfti” xalq rəqsləri qrupunun 40-a yaxın yaşı var. Qrup 2007-ci ildən yaşlılardan ibarət “Rəfti uzunömürlülər rəqs qrupu” kimi fəaliyyətə başlayıb. 24 rəqqasın olduğu qrupun repertuarındakı rəqsləri yalnız kişilər ifa edir. Ən cavan üzvünün 60, ən yaşlısının isə 90-dan çox yaşı var. Kollektiv təqvim mərasimləri, məişət həyatı, kənd təsərrüfatı ilə bağlı xalq oyun və mahnılarına üstünlük verir.

Qrupun rəhbəri Tarverdi Ağayev deyir ki, kollektiv qədim “Rəfti rəqsi” əsasında yaradılıb: “Rəfti sözünün mənası cəld və ayıq-sayıq olmaq, işgüzar və sağlam olmaq mənasındadır. Rəqslər əsasən xalq rəqsləridir. Biz bu sənəti ona görə yaşadırıq ki, itib-batmasın. Bakıda azsaylı xalqların folklor festivalında 1-ci dərəcəli diploma layiq görülmüşük. Ondan sonra hər il Novruz bayramlarında xalqımızın qarşısında çıxış edirik. Hətta xarici ölkələrdə də olmuşuq. Qardaş Türkiyəyə, Dağıstana səfər etmişik. Pribaltika ölkələrindən də təkliflər gəlib”.

Rəqsi həyat tərzinə çevirən kollektivin repertuarına qədim talış rəqsləri “Rəfti”, “Mücəssəmə”, “Lakto”, “Xan”, “Səbəti” və digər folklor nümunələri daxildir. Ən azı beş-altı əsrlik tarixi olan bu rəqslər əsasən Novruz bayramlarında, toy şənliklərində ifa edilir. Qrup özündə daha çox mədəniyyət sahəsində çalışan yaşlıları toplayıb.

Əkrəm Abdullayev 2010-cu ildən “Rəfti” rəqs kollektivinin üzvüdür: “Bu, bizim həm peşəmiz, həm də folklorumuzdur. Bu adət-ənənə bizə ulu babalarımızdan qalıb. El şənliklərində, Novruz bayramlarında çıxış edirik. Mədəniyyətimizi, folklorumuzu gənclərə öyrədirik. Qoy onların yadından çıxmasın, bu ənənəni davam etdirsinlər. Mədəniyyətimiz, folklorumuz nəsillərə ötürüldükcə bu qrup da yaşayacaq”.

“Rəfti” rəqs kollektivinin ən yaşlı üzvü Abidin Əliyevdir. Onun 91 yaşı var. Deyir ki, bu yaşa gəlib çatmasına görə rəqsə borcludur: “Mən rəqs müəllimiyəm, respublikanın Əməkdar mədəniyyət işçisiyəm. Rəqs olmasa, mən çoxdan yox idim. Bu rəqslər yaşadır məni. İstərdim hər kəs rəqs etsin, desin, gülsün, şənlənsin. Bax, onda insanların hamısı uzun ömür sürər”.

Uzunömürlülərdən ibarət “Rəfti” xalq rəqs kollektivinin geyimi də özünəməxsusluğu ilə seçilir. Kollektiv yerli xanımların toxuduqları rəngli corablara, keçi qəzilindən hazırlanan sicimlərə, yapıncılara üstünlük verir.

“Rəfti” rəqs qrupu 2011-ci ildə Xalq kollektivi fəxri adı alıb.

Share: