“Yaşayış məskənlərimizin adı tariximizin, ana dilimizin güzgüsüdür.(3-cü yazı)”- Minəxanım Nuriyeva Təkəli

 

                                                   Qızıl Burun yoxsa Siyəzən?

Tarixi adı Qızıl Burun olan yaşayış məntəqəsinin indiki adı 1954-cü ildən Siyəzəndir. Bölgənin əsil adı olan Qızıl Burun indiki Siyəzən şəhəri yaxınlğındakı qədim yaşayış məskəninin adı ilə bağlıdır. Xəzər dənizinin sahilində günümüzədək xarabalıqları qalmaqda olan ərazidə tapılmış çoxlu məmulat nümunələri onun XI-XII əsrlərdə abad şəhər olduğunu göstərməkdədir. Həmçinin Qızıl Burun şəhərində aparılan arxeoloji axtarışlar nəticəsində aşkar edilmişdir daş qutu qəbirlər şəhərin yaşını söylənilən tarixdən daha əvvəllərə aparmaqdadır.

Yer adı şəffaf, linqvistik araşdırmalara ehtiyac duyulmadan da anlaşılan məzmuna malikdir; qızıl (qiymətli metal adı; burada şübhəsiz, rəng mənasında istifadə edilmişdir) və burun (relyef xüsusiyyəti ifadə edən coğrafi termin) sözlərindən yaranmışdır. “Burun” və ya “dimdik” dağın qayanın qabağı, ön hissəsi; yer adlarının formalaşmasında iştirak edir. Məs: Bayıl burnu, Daş Burun, Kıl Burun; Ermənistanda Qızıl Burun ( Abaran ray.) kəndi olmuşdur.

Dağlıq Qarabağ MV-nin paytaxtı Stepanakert şəhərinin də qədim adı Qızıl Burun olmuşdur. Xankəndi adı daha sonralar meydana gəlmiş, xalq arasında, xüsusən, Qarabağ xanlığının yaranmasından sonra yayılmış, şəhərin əsil qədim adı Qızıl Burun unudulmuşdur. Xan kəndi adının da ömrü müəyyən vaxta qədər sürmüş,  Azərbaycan Sovet hökumətinin 1923-cü il 10.8 tarixli fərmanı ilə Stepanakert olaraq dəyişdirilmişdir.  Belə dəyişmələr çox sərrast olaraq “kabinet addəyişməsi” adlandırılmışdır. Həqiqətən keçmiş SSRİ məkanında hökumətin hər bir təsadüfdə əl saxlamadan gördüyü bu qeyri-ciddi iş xalqın tarixinə olunan ciddi müdaxilə idi.

Minaxanım Nuriyeva Təkəli                                    

Müstəqil.az

 

siyəzən şəhəri ile ilgili görsel sonucu

Share: